Kitab bilik mənbəyidir. Bu kəlam öz aktuallığını itirmir, əksinə həyatımızın, təhsilimizin şüarına çevrilir. İnsan oxuduğu kitablarla kamilləşir, həyatda var olmaq üçün lazım olan informasiyanı kitabdan alır.
Muxtar respublikada kitabxanalar, kitab satılan mağazalar çoxdur. Onlardan biri də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən Kitab evidir. Kitab evinin fəaliyyəti ilə tanış olmaq üçün həmin ünvana üz tutduq. Kitab bölməsində çalışan Günel Məmmədova ilə həmsöhbət olduq. O, vaxtının çox hissəsini kitablarla keçirir. Deyir ki, bu qədər kitablarla zəngin olan otaqda boş oturmaq olmaz. Hal-hazırda Günelin oxuduğu kitab Bernhard Şlinkin “Qiraətçi” romanıdır. Oxucu kimi diqqətimizə çatdırır ki, kitab təzə yola bənzəyir. Nə qədər çox getsən, bir o qədər yeniliklərlə qarşılaşacaqsan.
Burada bədii kitablar, hüquq ədəbiyyatı, iqtisadiyyat, tibb ədəbiyyatı, xarici ölkə ədəbiyyatları, kulinariya və digər sahələrə aid kitablar satılır. Günel xanım bir məsələni xüsusi vurğuladı. Bildirdi ki, Kitab evindəki bukinist bölməsinin fəaliyyətindən istifadə edənlərin sayı getdikcə artır. Bu bölmənin digərlərindən fərqi ondadır ki, burada əhali tərəfindən satılmaq üçün verilmiş ensiklopediyalar, müəyyən elm sahələri ilə bağlı kitablar qəbul edilir.
Günel xanıma buradakı kitabların satışı, qiyməti ilə bağlı bir neçə sual verdik.
– Alıcılar daha çox hansı müəlliflərin kitablarına üstünlük verirlər?
– Demək olar ki, bura daha çox gənclər, tələbələr və müəllimlər, həmçinin elm adamları müraciət edirlər. Teodor Drayzer, Elxan Elatlı, Çingiz Abdullayev, Varisin dedektiv janrda kitablarına daha çox müraciət olunur. Son bir ildə sifariş də qəbul etməyə başlamışıq. Alıcılar kitabın müəllifini və adını deməklə qısa zaman ərzində kitabı əldə edə bilərlər.
– Oxucuları qiymətlər qane edirmi?
– Buradakı kitabların qiyməti nəşriyyatlar tərəfindən təyin edilmişdir və alıcıların imkanlarına uyğun şəkildədir.
Kitab evi oxucuları maarifləndirmək üçün çalışır ki, ən son nəşr edilən kitablar bura gətirilsin. Bunun üçün də əlimizdən gələni əsirgəmirik. Kitab evi 10 ilə yaxındır, yaradılmışdır. Bu müddətdə heç bir alıcı narazı qalmamış və hər zaman buranın fəaliyyətindən razılıq eşitmişik. Bura onların sevimli məkanıdır. Sonda fikrimi Qasım bəy Zakirin bir kəlamı ilə bitirmək istərdim:
Axmaqlarla oturub durmaqdandırsa, kitablarla tənha olmaq yaxşıdır.
Nigar MUSTAFAYEVA