24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu gün – sentyabrın 18-i hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Azərbaycanın milli musiqi sənəti zəngin və çoxəsrlik tarixə malikdir. Yüksək musiqi duyumu ilə dünya xalqları içərisində seçilən xalqımızın yaradıcılıq istedadını, bədii təfəkkürünü özündə əks etdirən milli musiqi nümunələrimiz, xalq mahnılarımız min illərin sınağından keçərək bu gün də dünyaya səs salır, sevilə-sevilə dinlənilir, könülləri oxşayır. Həmçinin ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Bu məktəbin ən istedadlı yetirməsi, milli musiqimizin inkişafında misilsiz xidmətlər göstərmiş sənətkarlar sırasında görkəmli bəstəkar Üzeyir Hacıbəyovun adı xüsusi qeyd olunur.

Bu gün anadan olmasının 130 ili tamam olan Üzeyir Hacıbəyovun adı yaratdığı musiqi incilərində yaşayır. Onun qüdrətli sənəti, zərif və məlahətli musiqisi uzun illərdən bəri ürəkləri fəth edir. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifi kimi xalqımızın daim qəlbində yaşayacaq dahi bəstəkarın musiqi sənətinə məftun olmayan insan tapmaq çətindir. Dahi bəstəkarın ecazkar sənəti milli və coğrafi sərhədlər tanımır. Üzeyir Hacıbəyov Şərqdə ilk operanın, ilk musiqili komediyanın, milli musiqi mədəniyyətimizdə ilk kütləvi mahnıların, romans-qəzəllərin, kantata-oratoriya musiqisinin müəllifi kimi böyük şöhrət qazanmışdır. Onun zəngin və qüdrətli musiqisi milli və ümumbəşəri duyğuları əks etdirərək qəlblərə yol tapır, dinlənilir və sevilir. Ümummilli liderimiz Heydər Əliyev bəstəkarın şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verərək deyirdi: “Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir. Bütün bunlara görə Üzeyir Hacıbəyov yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarıdır”.
Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı dinamik xarakter almışdır. Ulu öndər milli musiqimizin böyük simaları olan dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərmişdir. Həmin dövrdə korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Müstəqillik illərində ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, bu sahədə ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.
Ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. “Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti Azərbaycanın musiqi mədəniyyəti ilə sıx bağlıdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hər il ölkə­mizdə yeni musiqi məktəbləri inşa olunur, maddi-texniki bazaları gücləndirilir. Son illər ölkəmizdə milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində də uğurlu layihələr həyata keçirilir. Ölkəmizdə Beynəlxalq Üzeyir Hacıbəyov Musiqi Festivalı, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələri, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi festivalları, Beynəlxalq Muğam, Beynəlxalq Rostropoviç, Beynəlxalq Aşıq festivalları, Beynəlxalq Muğam Simpoziumu və başqa yüksək səviyyəli tədbirlərin keçirilməsi musiqi mədəniyyəti sahəsində görülmüş işlərin əyani təzahürüdür.
Ölkəmizdə milli musiqi sənətimizin tanıdılması və təbliğinə xüsusi diqqət yetirilir. Dövlət başçısının sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə diqqət və qayğının daha bir ifadəsidir. 2011-ci ildə ölkəmizin “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi və 2012-ci ilin may ayında Bakı şəhərində 57-ci “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi isə Azərbaycanın musiqi mədəniyyətini və yüksək təşkilatçılıq imkanlarını bir daha dünyaya nümayiş etdirmişdir. Musiqi mədəniyyətimizin inkişafı sahəsində həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun mühüm xidmət­ləri vardır. 2005-ci ilin martında Parisdə “Qarabağ xanəndələri” albomunun təqdimat mərasiminin keçirilməsi, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın, “Muğam Ensiklo­pediyası”nın, “Muğam” jurnalının işıq üzü görməsi mədəniyyətimizin tanıdılması sahəsində həyata keçirilən mühüm tədbirlərdəndir. 2003-cü ildə Azərbaycanın muğam, 2009-cu ildə aşıq sənətinin, 2012-ci ildə tar ifaçılığı sənətinin YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı tədbirlər sırasında qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunmuşdur. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 29 mart tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, bu il musiqi ocağının yubileyi muxtar respublikamızda geniş qeyd olunur, yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulur. Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını da genişləndirmişdir. Onlar yaradılan şəraitdən istifadə edərək yeni əsərlər yazır, Azərbaycan musiqi sənətini dəyərli incilərlə zənginləşdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasının bəstəkarları milli musiqi xəzinəmizi yeni mahnılarla, dəyərli sənət nümunələri ilə zənginləşdirirlər. Naxçıvanda yaşayıb fəaliyyət göstərən gənc və təcrübəli bəstəkarların yaradıcılığı bu sahədə də varislik ənənələrinin davam etdirildiyini göstərir”.
Bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmiş, musiqi kollektivlərinin və Şərur Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanmışdır.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Bu il Naxçıvan şəhərinin Qaraçuq və Culfa rayonunun Bənəniyar kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq musiqi məktəbi üçün də yeni bina inşa olunmuş, musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Hazırda Sədərək Rayon Uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmışdır. Həmin tarixdən etibarən Novruz bayramı ərəfəsində keçirilən şənliklərdə Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri və aşıq sənətini yaşadan musiqi kollektivlərinin çıxışları təşkil edilir.
Musiqi insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malikdir. Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Zaman dəyişir, zövqlər dəyişir, əsl musiqi isə əbədi yaşayır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR