24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim xalq sənəti nümunələri – misgərlik, dulusçuluq, qalayçılıq, xalçaçılıq, ipəkçilik, dəmirçilik kimi sənət sahələri Naxçıvanda geniş yayılıb və yüksək inkişaf səviyyəsinə çatıb. Bunlar arasında qədim məişət mədəniyyətinə aid olan keçəçilik xalqımızın mədəni tarixində xüsusi yer tutur. Bu qədim sənət növü hörmə, tikmə, toxumadan fərqli olaraq, vaxtilə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən yaşadılıb.

Keçəçilik sənətinin təşəkkül tapmasında heyvandarlığın rolunu xüsusi qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, qədim dövrlərdə soyuq havalarda insanlar isti olsun deyə, adi yun və ya yunlu dəridən istifadə ediblər. Bir müddət sonra yunun bir-birinə yapışdığını görüb, keçə əldə etməyi öyrəniblər.
Keçədən məişətdə istifadə olunması haqqında “Kitabi-Dədə Qorqud” dastanında da məlumat var. Dastanda deyilir: “Kimin ki oğlu-qızı yoxdur, qara otağa qondurun, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”.

Naxçıvanda keçəçiliyin qədim tarixi var

Naxçıvanda da sənətkarlığın bu növü geniş yayılıb. Muxtar respublika ərazisindən toplanılan etnoqrafik çöl materiallarına görə, bəzi kəndlərdə keçəçi məhəllələri mövcud olub.

AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin sözlərinə görə, keçə bu gün məişətimizdə istifadə olunan və min illərlə tarixi olan xalçanın ilki sayılır. Keçə ilə bağlı Naxçıvanda xüsusi adət və inanclar vardır. Xalq arasındakı inanca görə, qalın isladılmış keçələr, hətta gülləni belə keçirməzmiş. Keçə bir tərəfdən məişət əşyası, digər tərəfdən isə döyüşdə istifadə olunan müdafiə vasitəsi idi. Ondan papaqlar, qolçaqlar, “kəpənək” deyilən geyim forması hazırlanırdı. İnanca görə, keçə papaqlar qılınc zərbəsinə qarşı davamlı olub.
Elat dünyasında, o cümlədən Naxçıvanda yarımköçəriliklə bağlı təsərrüfatda keçənin xüsusi yerə sahib olduğunu bildirən AMEA-nın müxbir üzvü qeyd etdi ki, vaxtilə keçəçilik muxtar respublikanın bütün ərazisində əsas sənət sahələrindən biri olub. Əsasən də yarımköçəri həyat tərzinin üstünlük təşkil etdiyi Şərur rayonunda geniş yayılıb. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində Kəngərli rayonunun Qıvraq qəsəbəsinə aid qədim keçə nadir nümunə kimi qorunub saxlanılır.
Vaxtilə Naxçıvan keçələrinin geniş istifadə olunmasının əsas səbəbi bu idi ki, o, alaçığı və ya palçıqla tikilmiş evi qışda isti, yayda isə sərin saxlayırdı. Qədim dövrlərdə alаçığın üstünü örtmək üçün bir neçə keçəni bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş qəlibdən, yanlarını örtmək üçün yan qəlibdən, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər. Bu dа аlаçığın ölçüsündən аsılı olаrаq hаzırlаnırdı. Xüsusən yay aylarında isladıldıqdan sonra Günəş şüaları altında olan keçə alaçığı daha da sərinlədirdi. İlan və zəhərli həşəratlar keçə döşənilən yerə yaxınlaşmırdılar. Ona görə də məişətdə keçədən döşəmə kimi də geniş istifаdə edilib.
Keçə həm də təbabətdə istifadə olunurdu. Qədim dövrlərdə keçə qaynadılaraq irinli yaraların üstünə qoyulurdu. Qara keçə ağır dizenteriya hallarında istifadə olunub. Soyuqdəyməsi olan adamlar isə qara keçələrə bükülür və bir müddət elə qalırdılar. Maraqlıdır ki, bundan sonra həmin insanlar çox qısa zamanda sağalırdılar.

Keçə necə hazırlanırdı?

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da keçəni sаlаnа “keçəçi”, “həllаc”, həm də “аtıcı” deyərlər. Keçə sаlmаq üçün güzəm yunundаn, yəni quzu və ya payız yunundan istifаdə edilir. Keçəçi ustаlаrın söylədiyinə görə, yаz yunundаn (sаçаqlı) keçə sаlmаq olmаz. Onа görə ki, sаçаqlı yun uzun olduğu üçün bitmir, yəni bir-birinə yаpışmır. 7-8 qoyun yunundаn, yəni 12-15 kiloqram yundаn bir keçə, qəlib hаzır­lаnır. Keçə hаzırlаnаrkən həllаclаr çаlışırdılаr ki, хüsusən qаrа yundаn istifаdə etsinlər. Çünki qаrа keçə hаvа keçirmir.
Bununla bağlı Naxçıvandan toplanan etnoqrafik materiallardan məlum olur ki, keçənin hazırlanma prosesi aşağıdakı qaydada icra olunurdu: yunu diddikdən sonrа onu аğ pаrçаnın üstünə sərirdilər. Bundаn sonrа yun sərilmiş ağ parçanı hаmаrlаnmış, yonulmuş, düz silindrik аğаcа büküb hər iki tərəfdən bаğlаyırdılаr. Bu аğаcın аdınа “oх” deyirdilər. 5-6 nəfərin iştirаkı ilə onu аyаqlаyır, sonrа аyаqlаrı ilə vurа-vurа fırlаdırdılаr ki, yetişsin, yəni hazırlansın. Sаlınmış yunun üzərinə hərdənbir ilıq su və ya yumurta sarısı səpirdilər ki, yun bir-birinə tez yаpışsın. Yun bitişib tam keçə halına gələnə qədər bu iş davam etdirilirdi.

Keçəçilik sənətini gəlirli sahəyə çevirmək mümkündür

Turizmin inkişaf etdiyi bir dövrdə keçədən düzəldilmiş bəzəkli məişət əşyaları, baş geyimləri, gödəkçələr turistlərin diqqətini daha çox cəlb etdiyindən keçəçiliyi gəlirli sahəyə çevirmək mümkündür. Çünki Naxçıvanda heyvandarlığın inkişafı keçəçilik sənəti üçün xammal bazası yaradır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR