Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə konsert-tamaşa və klub müəssisələrində sənədləşmə işinin təşkili üzrə seminar keçirilib. Seminarı nazirliyin şöbə müdiri Həsən Kərimov açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev “Klub işinin planlaşdırılması” mövzusunda çıxışında mədəniyyət evləri, klub və mədəni-maarif müəssisələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, adıçəkilən müəssisələr asudə vaxtın təşkili, mənəvi tərbiyə və vətənpərvərlik, milli dəyərlərin qorunmasında böyük məsuliyyət daşıyırlar. Klub işinin əsas istiqamətlərindən biri vətəndaşların estetik tərbiyəsində fəal iştirak etmək, xalq yaradıcılığı ilə bağlı tədbirlər təşkil etməkdir. Bu işlərin düzgün qurulmasında illik və rüblük iş planlarının tərtibinə də diqqət yetirmək lazımdır.
Nazirliyin sektor müdiri İman Alırzayev “Kargüzarlıq işinin ümumi qaydaları”, nazirliyin əməkdaşı Cəfər Əsədov isə “Kadr sənədlərinin işlənməsi” mövzularında çıxış ediblər.
Seminarda slaydlar nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.
Xəbərlər şöbəsi