Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Aytəkin Qəhrəmanova açaraq milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızdan, bu sənət incilərinin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Kitabxananın şöbə müdiri Nailə Əsədova “26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür”, Naxçıvan Şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Aysel Rzayeva “Simfonik muğamlar” mövzularında məruzələr ediblər.
Məruzələrdə bildirilib ki, muğam qoca Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının diqqətini cəlb edib. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti ilə zənginləşən Azərbaycan muğamının müasir dövrdə yaşadılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərin müstəsna rolu vardır. Belə tədbirlərin nəticəsidir ki, son illər muğamlarımıza maraq daha da artıb. Bu qiymətli sərvətlərin YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik inciləri sırasına daxil edilməsi muğamın təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə son illər ənənəvi olaraq Azərbaycanda beynəlxalq muğam festivalları keçirilməkdədir. Novruz bayramı ərəfəsində təşkil edilən bu möhtəşəm musiqi bayramı dünyanın ən tanınmış musiqiçilərini bir araya gətirir. Festival zamanı keçirilən simpoziumlar, muğam müsabiqələri və bir-birindən rəngarəng konsert proqramları bir daha muğamlarımızın tədqiqinə, onun daha geniş miqyasda təbliğinə imkanlar açır.
Vurğulanıb ki, muğamlarımız dərin fəlsəfi məzmuna malikdir. Simfonik muğam isə muğamın bir janrıdır. Bu janrın əsası böyük bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulub. Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Bakıxanov və başqaları bu janrda gözəl əsərlər yaradıblar.
Sonra tədbirin musiqili hissəsində Naxçıvan Şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Ələsgər Cəlilzadənin ifaları, elektron lövhədə isə Qarabağ xanəndələrinin oxuduqları muğamlar dinlənilib.
Xəbərlər şöbəsi