24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin “Naxçıvanda mətbuatın inkişaf tarixi (“Şərq qapısı” qəzetinin materialları əsasında)” adlı kitabı nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən kitab ingilis dilindədir. Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Fiyalə Abdullayevadır.  

XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranmasını şərtləndirən başlıca amillər, “Kommunist”, “Naxrespublika”, “Cavanlar həyatı”, “Füqəra səsi” kimi qəzetlərin nəşri tarixi kitabın başlıca tədqiqat obyektidir. Azərbaycanda mətbu nəşrlər sırasında az qala bir əsrlik tarixdə fasiləsiz nəşr olunan yeganə qəzet kimi “Şərq qapısı”nın fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyan mətbuatın keçdiyi şərəfli yol kitabın ikinci fəslinin aparıcı qayəsini təşkil edir. Kitabda eyni zamanda ilk dəfə olaraq XX əsrin 30-cu illərində Azərbaycanın tanınmış ədəbi simaları Mirzə İbrahimov və Əli Vəliyevin fəaliyyətinin Naxçıvan dövrü araşdırılır. 1933-cü ildə Naxçıvanda Mirzə İbrahimovun redaktorluğu ilə nəşr olunan “Ədəbiyyat” və Maşın-Traktor Stansiyasının orqanı olan “Sürət” qəzetlərinin nəşri zərurəti, bu haqda müxtəlif mənbələrdəki faktlar ilk dəfə olaraq sistemləşdirilib və tədqiqata cəlb olunub.
Dahi rəhbər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində Naxçıvanda mətbuatın inkişaf meyilləri, “Şərq qapısı” qəzetinin 50 və 60 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, qəzetin yaradıcılıq xüsusiyyətləri növbəti fəsillərdə elmi təhlil süzgəcindən keçirilir.
Kitabda 1990-cı ilin Qanlı Yanvar günlərində Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in tərkibindən çıxmasını elan edən Naxçıvan Respublikasının ilk müstəqil mətbu orqanı kimi 8 nömrəsi işıq üzü görən “Şərq qapısı”nın şəxsi arxivlərdən toplanmış nömrələri tədqiqata cəlb edilib, qəzet səhifələrindəki tarixi faktlar önə çəkilib.

Müstəqillik illərində yeni forma və məzmun əldə edən, müstəqil Azərbaycan mətbuatının bayraqdarı olan “Şərq qapısı” qəzetinin dövlət və KİV münasibətlərinin tənzimlənməsindəki rolu da araşdırılan mövzular sırasındadır. Xüsusən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətində “Şərq qapısı” qəzetinin yeri və rolu müəyyən olunub, həmin dövr ayrıca tədqiqata cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci ildə Naxçıvanda nəşr olunan dövlət mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında imzaladığı sərəncamdan sonra mətbu orqanlarının fəaliyyəti daha da genişlənib. Ali Məclis Sədrinin jurnalistlərlə keçirdiyi görüşlər, bu sahənin inkişafı ilə bağlı görülən tədbirlər, “Şərq qapısı” qəzeti redaksiyası üçün tikilib istifadəyə verilən inzibati bina və ən son texniki avadanlıqlarla təchiz olunmuş mətbəənin fəaliyyəti də kitabda təqdim olunan yeniliklər sırasındadır.
Kitabın ingilis dilində nəşr olunmasının əsas səbəbi Naxçıvanda mətbuatın yaranması və keçdiyi tarixi yol, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, dövlət və KİV münasibətlərinin qarşılıqlı inteqrasiyasını dünya oxucularına təqdim etmək, eyni zamanda ermənilərin Naxçıvana qarşı ərazi iddialarına mətbuatın dili ilə cavab verməkdir.

Şəhla ŞİRƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR