Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Azərbaycanın milli kino sənəti həmişə xalqa yaxın olmuş, onun şən və sevincli günlərini, ağrı və acılarını ekrana daşıyaraq sevilən bir sənətə çevrilmişdir. Kino sənətimiz yarandığı ilk illərdən xalqımızın həyatına, onun tarixinə, adət-ənənələrinə və milli dəyərlərinə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur”.
XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində tammetrajlı filmlər yaranmağa başlandı. Təbii ki, bu dövrdə ölkəmizdəki ictimai-siyasi və mədəni şərait kino sənətinin formalaşmasına zəmin yaratdı. Yeni ziyalılar nəslinin yetişməsi, mətbuatın inkişafı, ilk milli operamızın yazılması, professional teatrın böyük simalarının yaradıcılığı kino sənətinin inkişafına təkan verdi. Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında Azərbaycanda ilk tammetrajlı film çəkilməyə başlandı. Filmin təbiət mənzərələri Bakıda, Xəzər sahillərində, Abşeron kəndlərində, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilmişdir. Film XX əsrin əvvəllərində neft Bakısının həyatını, Azərbaycan milyonçularının məişətini, əxlaqını, bir parça çörək üçün neft mədənlərində ən ağır şəraitdə işləyib yaşayan fəhlələrin güzəranını ekranda canlandırmışdır.
Azərbaycanın ilk tammetrajlı bədii filmi olan “Neft və milyonlar səltənətində” kinosuna 1916-cı il may ayının 14-də ilk baxış olmuşdur. Filmin 2-ci seriyası isə mayın 27-də nümayiş etdirilmişdir. Film ilk dəfə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız Elektrobioqrafı”nda göstərilmişdir. Kino Bakıdan başqa, Qafqazın və Orta Asiyanın bir çox şəhərlərində də nümayiş etdirilmişdir.
Beləliklə, “Neft və milyonlar səltənətində” filmi ilk bədii film kimi kino tariximizə daxil olmuşdur. Avropa və Asiyanın bir sıra ölkələrinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar. Filmin çəkilişindən 65 il sonra kinematoqrafçılarımız bu əsərə yenidən müraciət etmiş və 1980-ci ildə “Qızıl uçurum” filmini ekrana gətirmişlər. Məşhur povestin motivlərinin əsasında çəkilmiş bu filmə görə milli kino ustalarımız o zaman ümumittifaq festivallarında mükafata layiq görülmüşlər.
Azərbaycan kino sənəti ötən əsrin əvvəllərindən başlayaraq özünəməxsus inkişaf dövrü keçmiş, zəngin yaradıcılıq imkanları ilə ictimaiyyətin rəğbətini qazanmışdır. 1924-cü ildə “Qız qalası əfsanəsi” bədii filmi ekranlara çıxmışdır. Azərbaycanda ilk səsli kinonun istehsalına isə 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcı imkanları genişlənmişdir. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş vermiş, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilmişdir.
İncəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına qayğı daha da artmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan kinematoqrafiyasının imkanları genişlənmiş və bu sahədə ciddi nailiyyətlər əldə edilmişdir. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı həmin illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır.
1970-1980-ci illər Azərbaycan kinosunun əsl inkişaf dövrüdür. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə bu, nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan bu cür sənət nümunələri yaradılmışdır. Hətta bir sıra filmlərin yaranmasında ulu öndərin şəxsi təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. Onun şəxsi nüfuzu hesabına “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” bədii filmləri sovet senzurasından keçə bilmişdir.
Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Həmin dövrdə məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dahi şəxsiyyətin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır.
Bu gün də Naxçıvan Muxtar Respublikasında kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad və Babək Rayon Mədəniyyət evləri yenidən qurulmuş, ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. Hazırda burada 4500-dən çox film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Filmlərimizə bu gün böyük maraq göstərilir, istər yaşlı nəsil, istərsə də gənclər tariximizin və mədəniyyətimizin ekran incilərini sevərək izləyirlər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti