Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında muzey işi üzrə seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarı nazirliyin şöbə müdiri Həsən Kərimov açıb.
Qeyd olunub ki, nazirlik tərəfindən keçirilən yoxlamalarda muzey işi sahəsində də çatışmazlıqlara rast gəlinib. Keçirilən seminarın məqsədi bu nöqsan və çatışmazlıqların aradan qaldırılmasına əməli və metodik köməklik göstərməkdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İman Alırzayev “Kargüzarlıq işinin ümumi qaydaları” mövzusunda çıxış edərək bildirib ki, sənədlərin qəbulu, göndərilməsi, icraçıya çatdırılması, icra edilməsi, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməlidir.
Nazirliyin əməkdaşı Cəfər Əsədov “Kadr sənədlərinin hazırlanması” mövzusunda çıxışında kadr sənədlərinin hazırlanması, şəxsi işlərin aparılması, şəxsi işlərə aid sənədlərin, kadr anketlərinin düzgün doldurulması, əmək müqavilələrinin bağlanması şərtləri, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydaları haqqında danışıb.
Nazirliyin şöbə müdiri Həsən Kərimov “Muzey işinin metodikası” mövzusunda çıxışında muzeylərə aid təlimatla bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, muzeylərimizdə müəyyən olunan əşyaların qəbulu, uçot-mühafizə işinin təşkili, qəbul olunan əşyaların aktlarının tərtibi zamanı təlimata əsaslanmaq vacibdir. Bu zaman uçot nişanlarının işlənməsi, inventar nömrəsinin səliqəli və düzgün yazılmasına diqqət yetirmək lazımdır. Muzey eksponatlarının komplektləşdirilməsində nəzərdə tutulmuş qaydalara riayət etmək əsas şərtdir. Son illərdə muzey işi sahəsində olan yeniliklər də muzey işçilərinin diqqətinə çatdırılıb, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələlərinə toxunulub.
Seminarda sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Əli RZAYEV