Muxtar respublikamızın bir neçə rayonunda xalq teatrı yaradılıb. Həmin teatrlar onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq yeni tamaşalar hazırlayır, tamaşaçıların asudə vaxtlarının səmərəli keçməsinə çalışırlar. Belə kollektivlərdən biri də Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən xalq teatrıdır. 2008-ci ildən dram dərnəyi kimi fəaliyyətə başlayan kollektiv Cəlil Məmmədquluzadənin “Kamança” və Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Elə həmin əsərlərlə də tamaşaçıların böyük rəğbətini qazanıb.
2010-cu ildə braziliyalı yazıçı G.Fiqeyredin “Ezop” əsərini tamaşaya qoymaqla çox böyük uğura imza atan dərnək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 iyul tarixli qərarına əsasən xalq teatrı adını alır. Bundan sonra kollektiv Bəxtiyar Vahabzadənin “Yollara iz düşür” səhnə əsəri ilə tamaşaçılarla görüşür.
Bunun ardınca xalq teatrı müxtəlif tamaşalar hazırlamağa başlayır. Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Hüseyn Cavidin “Ana” və başqa əsərlərlə tamaşaçıların görüşünə gəlir. Teatrın kollektivi yeni tamaşalarla yanaşı, köhnə repertuara da müraciət edərək Ordubad və Kəngərli rayonlarında “Ezop” tamaşasını sənətsevərlərə təqdim edib.
2013-cü il iyun ayında xalq teatrı Süleyman Sani Axundovun “Məhəbbət nişanəsi” musiqili komediyasını tamaşaya qoyur. Əsərdə əməyə, dostluq və sədaqətə məhəbbət, əxlaq prinsiplərinə hörmət, ictimai, mədəni inkişafın yolunda əngəl olanlara nifrət hissləri teatr aktyorlarının ifasında daha canlı şəkildə tamaşaçılara çatdırılıb.
Ötən ilin may ayında Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesinin tamaşası ilə sənətsevərləri sevindirən xalq teatrı dekabr ayında Səid Rüstəmovun “Durna” komediyası ilə tamaşaçıların qarşısında çıxış edib.
Bu il xalq teatrı N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını tamaşaya qoyub. Bu tamaşanın əsas ideyası pula hərisliyi ifşa etməkdir. Caniliyin hökm sürdüyü mühiti tənqid hədəfi seçən komediya gülüşdoğuran tip və obrazlarla zəngindir. Kollektiv həmin tamaşa ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqədə iştirak edib, I yerə layiq görülüb.
Babək Rayon Xalq Teatrının repertuarında olan tamaşaların quruluşçu rejissoru Yusif Əliyev və rejissor assistenti Sədaqət Əliyevadır. Tamaşaların rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Səyyad Məmmədov, işıq və səs operatoru Faiq Heydərovdur. Teatrın aktyor və aktrisalarından Firdovsi Səfərov, Şölə Novruzbəyli, Stella Babayeva, Səbinə Corayeva, İsmayıl Qurbanov, Kənan Feyzullayev və başqaları tapşırılan rolları özünəməxsus bacarıqla ifa edir, tamaşaçıların rəğbətini qazanırlar.
Qeyd edim ki, xalq teatrı istedadlı gəncləri öz ətrafına toplamaq qayğısına qalmağı da unutmur. Naxçıvan Musiqi Kollecinin tələbəsi Kənan Feyzullayev və gənc aktrisa Səbinə Corayeva belələrindəndir.
Orta məktəblərdə təhsil alan şagirdlər də xalq teatrına cəlb edilirlər. Xalq teatrının nəzdində məktəbli uşaqlardan ibarət “Tumurcuq” adlı dram dərnəyi yaradılıb. Burada uşaqlar kiçik səhnəciklər hazırlayırlar.
Sara ƏZİMOVA