24 Dekabr 2024, Çərşənbə axşamı

Gözəllik aşiqi olan xalqımızın milli dəyərləri içərisində toy mərasimləri xüsusi yer tutur. Hətta başqa xalqlar toy adətlərimizi etalon kimi qəbul edirlər. İndi Naxçıvanın ən ucqar dağ kəndlərində qərinələrlə yaşı olan, mənasını, dəyərini itirməyən, zamanın sərt sınaqlarından keçərək milli xüsusiyyətlərimizi yaşadan elə toy adətlərimiz var ki, onlar bu gün də sevilə-sevilə icra olunur, qorunub yaşadılır.

Qədimdə ucqar kəndlərdə Günəş qarşı dağın sinəsinə səmt eyləyəndə toy evinin həyətində ucalan “Attandırma” havası kəndi başına götürərdi. Aydan arı nənələr, sudan duru babalar bəylə gəlinin qohumlarına, qonum-qonşuya toy babasının icazəsi ilə xoşgəldin edər, gənclərə xeyir-dua verərdilər. Bütün məclis əhli isə bu aqilləri dinləyər, onlardan ədəb-ərkan qaydalarını öyrənərdilər. Sonra toy babası meydana girib o baş, bu başa var-gəl edəndən sonra deyərdi: “Ay camaat, toy ülfət kəməndidi, ismət çələngidi, qeyrət nişanəsidi. Toy ailənin, ata-ananın şirin arzusudu, saf diləyidi. Toy bu gənc­lərin birgə həyat yolunun başlanğıcıdır”. Sonra isə xüsusi bir avazla musiqiçilərdən birinə üz tutub deyərdilər: – bir ağsaqqal havası – “Heyvagülü” çal. Və elə o “Heyvagülü” havasıynan da mağardakı ağsaqqallar, ağbirçəklər ağır-əzizliklə oynamağa dəvət olunardılar. Onlar da xanımlıq ömrünü yaşayan, çöhrəsi nur çeşməli ağbirçəkləri bir-bir ortaya gətirərdilər. Beləcə, bir evin həyətində qurulmuş toy mağarında ədəb-ərkan məclisi başlayardı.

Bu mağarda ayağı yer tutandan əli çəlik tutana kimi hər kəs öz yerində oturar, öz havası çalınanda oynardı. Həmin toylarda iki könülün barışı, iki taleyin bir yuvada qərar tutması, arzunun kama yetməsi, hicranın vüsala çatması elə bil ki dağlara, daşlara səs salardı. El sənətkarları bəhsə girərdilər. Çal-çağır könülləri şad eyləyərdi. Qayğısız anlar yaşanardı. Milli yeməklərimizin bəzədiyi süfrə arxasında deyə-gülə, ürəkdolusu sevinclə, ədəb-ərkanla yeyilən yemək ağızları dada gətirərdi. Qız-gəlinlərin ocaq başında təmənnasız zəhmətilə hazırlanan toy xörəklərinin qoxusu kəndi başına götürərdi. Xəstəyə, yaşlılara toy evindən yemək göndərilərdi. Hər kəs toy sahibinə alqış deyər, gənc­lərə xeyir-dua verərdi. Beləcə, bir ailə həyatının təməli könülxoşluğu, mehribançılıqla qoyulardı.
Həmin toylarda ağız şirinliyi ilə gənclərə verilən xeyir-dua, öyüd-nəsihət sanki qurulan ailələrə xoşbəxtlik, uzunömürlülük möhürü vurardı. Ailə quranlar da bir-birlərinə, sözün həqiqi mənasında, ömür-gün yoldaşı olardılar.
Ümumiyyətlə, toylarımız özünəməxsus milli, bədii ornament­lərlə – nəğmələr, mahnılar, halaylar, yallılar, o cümlədən ayin, mərasim və etiqadlarla zəngindir. Qədim toylarımızda, adətən, saza, zurna-qavala, nağaraya, balabana xüsusi yer verilmişdir. Toyun zinəti qara zurnanın zil səsi ailə quran cavanların qulağında bir ömür boyu səadət, etibar və əmin-amanlıq rəmzi kimi qalırdı. Qədim el havaları – “Heyvagülü”, “Uzundərə”, “Tərəkəmə” kimi unudulmayan, yaddan çıxmayan milli musiqi nümunələri toy mağarlarında əks-səda verəndə damarlarında qanı coşan gənclər qurşaq tutar, yallı gedərdilər.
Qədimdə toylarımızda daha çox milli geyimlərdən istifadə olunar, gəlinin beli al qırmızı rəngdə kəlağayı ilə bağlanar və inanclara görə, gəlin üçün o kəlağayı müqəddəs bir toy hədiyyəsi kimi uzun illər öz evində qorunub saxlanardı. Toy gününə kimi olan mərhələdə bir çox ayinlər – qızbəyənmə, xəbərgöndərmə, kiçik elçilik, elçilik, bəlgə, böyük nişan, xonçaqaytarma, danışığagəlmə kimi adətlər icra olunardı. Toylarda ən çox çörəkbişdi, xınayaxdı, kəbinkəsdi mərasimləri maraq doğurardı. Toy günündən bir neçə gün qabaq qohum-qonşuda olan qız-gəlinlər qız və ya oğlan evinə çörəkbişdiyə gələrdilər. Xəmir yoğrular, lavaş bişirilər, ilk bişən çörək isə oğul və ya qız anasına verilərdi. Paltarbiçdi də toydan qabaq icra olunan adət idi. Qız evində keçirilən bu mərasimdə gəlinin adına alınmış bütün hədiyyələr oraya yığılmış qız-gəlinlərə göstərilərdi.
Toy axşamı bəyin ata-anasından, qohum-qardaşından xələt istəyən müğənni elə xalqın yaratdığı inciləri – deyişmələri yada salardı. Beləcə, xalq yaradıcılığı nümunələri də toyların bəzəyi olardı. Toyun səhəri günü günorta saatlarında “Vağzalı”­nın sədaları altında gəlin ata evindən çıxardı və çal-çağırla oğlan evinə gətirərdilər. Bundan sonra da bir çox mərasimlər – üzəçıxdı, gəlingördü, ayaqaçdı, qonaqçağırma kimi mərasimlər icra olunardı.
Bu gün həmin toy adətlərini yada salanda düşünürəm ki, o toylarımız xalq yaradıcılığının əvəzsiz sənət abidəsidir. Əlbəttə ki, o toylarımız mənəvi gözəllik, təkrarsız saflıq, səadət çələngi idi. O toylarla təməli qoyulan ailələrimiz böyük sərvət, kiçik bir dövlət idi. Bu gün də kənd­lərimizdə belə toylar öz səs-sədası ilə dağa-daşa səs salır. Unutmamalıyıq ki, xalqımızın milli toy adətləri həm də bir çox milli dəyərlərimizi özündə yaşadır. Toylarımız zurna-balabanın sədasında milli musiqimizi, yallı ritmində milli rəqslərimizi, kəlağayı ədəbində milli geyimlərimizi, aşıqların avazında folklorumuzu, söz sənətimizi, nənə və babaların xeyir-duasında qədim adət-ənənələrimizi, güştü tutan gənc­lərin nərəsində xalqımızın qəhrəmanlığını, hünərini, milli mətbəximizi özündə cəmləşdirən milli kimliyimizdir.
Bir də unutmamalıyıq ki, toylar vasitəsilə kiçik dövlət adlandırdığımız ailənin təməli qoyulursa, deməli, bu adətin icrasında böyük məsuliyyət hissi dayanmalıdır. Kimliyindən asılı olmayaraq, milli dəyərlərimizdən danışarkən ağıla ilk gələn ailə dəyərləri olur. Ailə-məişət qanunlarımız, ailə dəyərlərimiz isə arına-arına, cilalana-cilalana formalaşıb. Bu qanunların təməlində fədakarlıq durub. Buna görə də hər kəs özü nümunə olmalıdır. Bugünkü toylarımızda atalar, analar, bacılar, qardaşlar bu nümunəni göstərməyə çalışsalar, məclislərimiz əndazəsindən çıxmaz.
Gənclərə zurna-balabanlı, sazlı-sözlü toylar arzusuyla,

Şəhla Nəbiyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR