24 Dekabr 2024, Çərşənbə axşamı

Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə ədəbi-bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, Türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” xüsusi maraq doğurur. Elə buna görə də alman şərqşünası Fridrix Fon Dits tərəfindən 1815-ci ildə alman dilinə tərcüməsi və nəşrindən bu günə qədər dastana olan maraq azalmamış, dünyanın çox məşhur alimləri tərəfindən ona dəfələrlə müraciət edilmişdir.

“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” – deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. İkicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyasının, onlarla kitab və monoqrafiyaların nəşri, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların keçirilməsi, dünyanın tanınmış qorqudşünas alimlərinin Azərbaycana gəlməsi və tədbirlərdə iştirak etmələri məhz 1300 illik yubileyin yüksək səviyyəsindən xəbər verirdi. Naxçıvan şəhərində 1999-cu ildə Dədə Qorqudun abidəsinin ucaldılması, Naxçıvanda və Van şəhərində beynəlxalq simpoziumun keçirilməsi, simpoziumda elm adamları ilə birgə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və dövlət nümayəndələrinin iştirak etmələri bu işə nə qədər böyük əhəmiyyət verildiyini bir daha göstərirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərindəki Dədə Qorqud abidəsini ziyarət etməsi “Kitabi-Dədə Qorqud” dastanının, onun qəhrəmanlarının Azərbaycan Respublikası üçün nə qədər önəmli olduğunun bariz ifadəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu və strateji xəttini ən yüksək səviyyədə həyata keçirir. Ölkə rəhbəri “Kitabi-Dədə Qorqud” dastanlarına münasibətində də ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasəti yaradıcılıqla inkişaf etdirir, Dədə Qorqudun adının əbədiləşdirilməsinə dair ölkə miqyasında müxtəlif tədbirləri ardıcıl olaraq həyata keçirir. Prezident İlham Əliyevin 2004-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində, Dünya Gömrük Təşkilatının iqamətgahı qarşısında Dədə Qorqud abidəsinin açılışında iştirak və çıxış etməsi möhtəşəm eposa verdiyi dəyərin yüksək ifadəsi idi.
Dövlət başçısının 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmış, parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2013-cü il dekabrın 13-də Dədə Qorqud kompleksinin açılış mərasimində çıxış edərək demişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür...”
Bu abidə kompleksinin açılışından dərhal sonra 28 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” imzaladığı Sərəncamında da dastanın Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos və xalqımıza məxsus qədim adət-ənənələrin ulu babalarımızın dünya görüşünün mənəvi aləminin öyrənilməsində qiymətli mənbə olduğu xüsusi olaraq nəzərə çarpdırılmışdır.
“Kitabi-Dədə Qorqud” dünya miqyasında Azərbaycan oğuzlarının canlı tarixi, bədii nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir. Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu böyük Azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da dərinləşməsinə uğurla xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Tədbirlər planında “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” tele­viziya filminin hazırlanması, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda açıq dərslərin təşkili, dəyirmi masaların keçirilməsi, kütləvi informasiya vasitələrində tematik verilişlərin, qəzet materiallarının hazırlanması və başqa məsələlər nəzərdə tutulub.
“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisələrindəndir. Görkəmli türk ədəbiyyatşünası Fuad Köprülü “Dədə Qorqud” dastanlarının əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”. Bir sıra tədqiqatçıların fikrincə, dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmuşdur.
“Kitabi-Dədə Qorqud” dastanları ilk dəfə adı elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan, təxminən, beş əsr şifahi təzahür (formalaşma, inkişaf) dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. Əlyazmanın üzü dəfələrlə (XI əsrdən XVI əsrə qədər) köçürülmüşdür. Drezden nüsxəsi də orijinal deyil, köçürülən nüsxədir.
“Kitabi-Dədə Qorqud” dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. Dastan Azərbaycan oğuzlarından bəhs edir. “Dədə Qorqud kitabı” salnamədir, ədəbi əsər olmaqdan başqa, Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. Amma bədii şəkildə yazılıb. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndiriləsi əsər kimi baxmaq olmaz. Kitab həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə etibarlı və mötəbər bir qaynaqdır.
Oğuzlar Azərbaycanın, demək olar ki, bütün ərazisində və indiki Ermənistan, Gürcüstan ərazisinin müəyyən hissələrində yaşayırdılar. Bu, azərbaycanlıların tarixən və indi yaşadıqları yerlərə tam uyğun gəlir.
Həmid Araslıya görə, dastanların ilk variantı – orijinalı Azərbaycanda yazıya alınmışdır. M.Ergin belə bir fikrə gəlmişdir ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. “Dədə Qorqud kitabı”nın özü təsdiq edir ki, onun boyları Qafqazın cənub ətəkləri və bütövlükdə Azərbaycan ərazisilə bağlıdır, boylardakı əhvalatlar Kür-Araz düzənliyində, Şərur mahalında, Əlincəqala qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və sair yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngilanda, Göyçə mahalında, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Abşeron torpağında bu gün belə mövcuddur.
Mahmud Kaşğarlının məlumatına görə, oğuzlar türklərin daha güclü boyudur. Bu boy öz daxilində müstəqil qollara ayrılır. Oğuz qolları 22-dir. Bunlardan “Qınıq”lar, “Boyandur”lar, “Əfşar”lar, “Bəgtili”lər, “Bükdür”lər, “Boyat”lar, “Beçənək”lər Azərbaycanın tarixi torpaqlarında daha çox məskunlaşmışlar.
“Dədə Qorqud kitabı”nda V-VII əsrlərin hadisə və əhvalatlarından bəhs edən Azərbaycan dövlətçilik ənənəsi əks olunmuşdur. V-VI əsrlərdə, bütövlükdə, Qafqaz Göy Türk xaqanlığına daxil idi. Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi. Onun 90 minlik qoşunu, özünəməxsus dövlətçilik ənənələri, ciddi qayda-qanunları vardı. “Qalın Oğuz” xaqanlığı “İç oğuz” və “Dış (Daş) oğuz” inzibati ərazilərinə bölünmüşdü. “İç oğuz” dedikdə Kür-Araz ovalığı (Aran) yerləşən torpaqlar nəzərdə tutulurdu. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi əraziləri əhatə edirdi.
“Kitabi-Dədə Qorqud”da Azərbaycanımızın ulu sələfi – oğuz eli təsvir olunur ki, bu eposda müasir mənada anladığımız dövlətçiliyin bütün əlamətləri var. Qədim dövlətçiliyimizdə ikihakimiyyətlilik olub: xaqan və şah hakimiyyəti. “Dədə Qorqud”da Bayandır xan xanlar xanıdır, Qazan xan bəylər bəyi. Qanunvericilik hakimiyyəti – hökm vermək, fərman vermək Bayandır xanın əlində, icra hakimiyyəti, habelə, ordu, iqtisadiyyat Qazan xanın əlində cəmləşib.
Dastanda ən nümunəvi cəhətlərdən biri də vahid dövlətçilik ideyasıdır. Bu məqsədlə oğuz bəyləri özlərində öz içərilərindən ağsaqqal seçmək, onun təklif və tapşırıqlarını sözsüz yerinə yetirmək amalı formalaşdırmışlar. Belə bəylərdən biri də Bayandır xan olmuşdur. Bayandır xan dastanda böyük bayraq götürən, oğuz igidlərinin vətəni qorumaq mübarizələrinə rəhbərlik edən bir dövlət başçısı kimi çıxış edir, dövlətçiliyi hər şeydən üstün tutur, dövlətə qarşı çıxanlara heç bir güzəştə getmir.
Dastanda oğuz elinin dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörməti özünü qabarıq göstərir.
Dastanda belə bəylərdən biri də Salur Qazandır. Qazan xalqın ümidi, arxası, Qalın Oğuzun başçısı hesab edilir. O, bu etibarı və hörməti dövlət xidmətində qazanmışdır. Salur Qazan Oğuzun bütün dövlət işini aparır. O, dövlət qanunlarının pozulması hallarına yol vermir, Oğuza qarşı çıxan, onun birliyini pozub parçalamaq istəyən öz dayısı Aruzu belə öldürür və məmləkətin bütövlüyünü qoruyub saxlayır.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq, vətənpərvərlik haqqında dastandır. Burada oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə əlbir hərəkət edən qıpçaq türklərinə qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur. Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan “Kitabi-Dədə Qorqud” dastanları həm də xalqımızın zəngin oturaq mədəniyyətə malik olduğunu sübut edir. Dastanda Vətən anlamı – Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincədən tutmuş Zəncana və Anadoluya qədərki əraziləri əhatə edir.
“Kitabi-Dədə Qorqud” həm də oğuzların əxlaq kitabıdır. Böyüyə hörmət, ata-anaya məhəbbət, ailəyə sədaqət – bu insani keyfiyyətlər oğuz övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur. Oğuz igidləri “ana haqqı tanrı haqqıdır” ifadəsini özləri üçün müqəddəs alın yazısı, həyat amalı seçmişlər.

(Ardı var )
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR