24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan teatr salnaməsinə parlaq səhifələr yazan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı köklü sənət məbədi, Şərqin ən qocaman mədəniyyət ocaqlarından biridir.
Səhnəyə qoyduğu mütərəqqi ideyalı əsərlərlə ədəbi mühitin canlanmasına və ictimai-mədəni fikrin formalaşmasına qüvvətli təsir göstərən bu teatr istedadlı aktyorların, rejissorların və teatr rəssamlarının birgə zəhməti sayəsində ölkəmizin digər tanınmış teatrları ilə bir sırada dayanmaq hüququ qazanıb. İndi də bu sənət ocağı öz maraqlı səhnə əsərləri ilə teatrsevərlərin xidmətindədir. Sevindirici hal həm də ondadır ki, bu sənət məbədinə üz tutan gənclərin sayı getdikcə artır. Onlar ustad aktyor və aktrisaların yollarını davam etdirməyə səy göstərirlər. Belə gənclərin bir neçəsini oxucularımızla tanış etmək istəyirik. Budur, qarşımızda Nurbəniz Niftəliyevadır. Bizimlə söhbətinə gənc aktirsa belə başladı:

– Teatr mənim üçün müqəddəs bir yerdir. Həyatımı teatrsız təsəvvür edə bilmərəm. Düşünürəm ki, mənim üçün dünyanın heç bir iş otağı səhnə qədər sehrli və cazibədar ola bilməz. Oynadığım rollara gəlincə, Çexovun “Russayağı evlənmə” əsərində Natalya, İslam Səfərlinin “Göz həkimi” əsərində Gülər, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Nina, Müzəffər Nəsirlinin “Qonçabəyimin nəğməsi” əsərində Pəri obrazlarını canlandırmışam. Aktyor yoldaşlarım işimin öhdəsindən layiqincə gəldiyimi söyləyirlər.
Onu da qeyd etmək lazımdır ki, Nurbəniz xanım Prezident mükafatına layiq görülüb. Gənc aktrisaya gələcəkdə də belə mükafatlara layiq görülməsini arzulayırıq.
Teatrın gənc aktyorlarından biri olan Səyyad Məmmədov söhbətimizə qoşulur. O, aktyorluğa 2005-ci ildə Elman Həbibin “Ağ ölümün ölümü” televiziya filmində İqbal rolu ilə başlayıb. Rolun öhdəsindən gəldiyini görən rejissorlar ona digər tamaşalarda da rollar təklif ediblər. Səyyad da çalışıb ki, göstərilən etimadı doğrultsun. İndi isə onun oynadığı tamaşaların bir neçəsi ilə tanış olaq. “Mirzə Cəlilin həyatı”nda, “Ağa Məhəmməd şah Qacar”da, “Göz həkimi”ndə, “Araz sahilində doğan Günəş”də, “Xırs quldurbasan” və başqa əsərlərdə rol alan Səyyad Məmmədov gözəl bir fikir səsləndirdi: – Aktyorun bacarığı o vaxt üzə çıxır ki, o, başqasının hissini, həyəcanını səhnədə özününküləşdirə bilsin.
Onu da bildirmək istəyirik ki, gənc aktyor bu il Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Aktyorluq sənəti ixtisasına qəbul olunub.
Gənc aktyorlarla söhbətimiz zamanı diqqətimizi çəkən iki gənc aktyor səhnədə məşq edirdi. Onlarla da tanış olmaq istədik. Məşq bitdikdən sonra onlarla görüşdük. Gənc­lərdən biri Fidan Qasım­ov­a­dır. Fidan Qasımova ilə söhbətimiz zamanı aydın oldu ki, o da Naxçıvan Dövlət Universitetinin Aktyorluq sənəti ixtisası üzrə təhsil alır. İlk dəfə Tələbə Teatr Studiyasında Gülxarə Əhməd­ovanın rejissorluğu ilə hazırlanmış “Zəncirlənmiş Prometey” əsərində rol alıb. İlk rolu olmasına baxmayaraq, Fidan bunun öhdəsindən gələ bilib. Sonralar gənc aktrisa teatra üz tutub, bir neçə tamaşada oynayıb.
Bəhs etdiyimiz digər gənc ak­tyor Elnur Rzayev Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində təhsil almasına baxmayaraq, onun aktyorluq sənətinə həvəsi böyükdür. 2011-ci ildə Naxçıvan teatrına gəlib. İlk səhnə rolu isə Rövşən Hüseyn­ovun rejissorluğu ilə hazırlanan “Mirzə Fətəli dünyası” adlı tamaşada gənc Fətəli obrazı olub. Elnur Rza­yevin fikrincə, gerçək həyatın incəliklərini səhnədə canlandırmaq və onu tamaşaçılara olduğu kimi çatdırmaq çox çətin və məsuliyyətli işdir.
Biz bu yazımızda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının bir neçə gənc aktyoru barədə söhbət açdıq. Qədim sənət məbədimizdə belə gənc­lər çoxdur və onlar yaşlı və təcrübəli səhnə ustalarından bu sənətin sirlərini öyrənirlər. Onlara gələcək səhnə fəaliyyətlərində uğurlar arzulayırıq.

Nigar MUSTAFAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR