Geyimin tarixi də insanın tarixi qədər qədimdir. Geyim öz yaranışından bəri böyük bir inkişaf yolu keçmişdir. Hələ Neolit dövründən başlayaraq ibtidai insanlar əyirmə, hörmə və arxaik şəkildə olsa da, tikmə qabiliyyətinə malik olmuşlar.
Geyim əsas etibarilə iki: çiyin və bel geyimi hissələrinə bölünür. Çiyin geyimləri, adətən, sadəbiçimli və bel geyimlərinə nisbətən qədimdir. Bel geyimləri isə sonralar nisbətən inkişaf etmiş və onlardan da tuman və şalvar kimi geyimlər meydana gəlmişdir. Аzərbаycаn milli geyim dəstinin elementləri аşаğıdаkılаrdаn ibаrət idi: çəpkən (nimtənə), tumаn, köynək, müvаfiq olаrаq bаş geyimi, аrxаlıq, bаhаrı, küləcə, kürdü, eşmək, cаnlıq, ləbbаdə, kаtibi, üst tumаnı, meyzər (önlük), çаxçur və sair.
Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır və məxsus olduğu xalqın maddi-mədəniyyətinə xas olan xüsusiyyətləri özündə əks etdirir. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Azərbaycan ərazisində yaşayan xalqların təbii parçalardan geyimlər hazırladığı haqqında hələ eramızdan əvvəl V əsrdə yunan alimi Herodot məlumat vermişdir.
Vaxtilə Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yüksəkkeyfiyyətli pambıq parça istehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.
Naxçıvanda çox istifadə edilən geyimlərə nəzər salaq. Kişi geyimləri bu baxımdan çox maraqlıdır. Naxçıvana aid kişi geyimləri içərisində Azərbaycanın digər zonalarında olduğu kimi arxalıq, quşqar, şalvar, çuxa, kürk, peşə səciyyəli yapıncı, dəri, keçə və müxtəlif parçalardan hazırlanan baş geyimlərindən – papaq, təskülah, börk və sair istifadə olunmuşdur.
Qeyd edək ki, XVI əsrdə Təbrizdə, Şamaxıda, Naxçıvanda və Bakıda nisbətən varlı cavanlar qısaqollu gödək üst geyimləri geymişlər. Bu geyimləri ən çox ova gedəndə və ya uzaq bir səfərə çıxdıqda geyərdilər.
XVIII yüzillikdə də Azərbaycan geyimləri çox rəngarəng olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə müstəqil xanlıqların yaranması geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların fərqli siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur.
Geyimlərimizin əsasını təşkil edən baş geyimləri Qafqaz xalqları arasında xüsusilə əhəmiyyətli rol oynamışdır. Naxçıvanda olan kişi baş geyimləri içərisində təsək (araqçın), buxara papağı, din xadimləri üçün əmmamə (çalma) və sair kimi növlər xüsusilə seçilirdi.
Börk. Naxçıvanda çox geniş yayılmışdır. Əsasən qara qoyun dərisindən hazırlanırdı.
Molla papağı. Bu geyim növündən, əsasən, din xadimləri istifadə edir, baş geyimin altından isə, adətən, təsək qoyulurdu. Kənarları milli naxışlarla bəzədilən təsəklər “araqçın” adlanırdı.
Araqçın çox geniş yayılmışdır. Gənclər xüsusilə qırmızı məxmərdən tikilən araqçınlardan istifadə edirdilər.
Sarıq dördbucaqlı dəsmaldan, yaxud yaylıqdan hazırlanan kişi baş geyim növü idi.
Kişi üst geyimləri içərisində isə üst köynəyi, arxalıq, çuxa, şalvar və kürk geniş yer tuturdu.
Can köynəkləri əsasən payız və yaz aylarında istifadə olunurdu. Qışda isə “bambəz” adlanan parçadan hazırlanan köynəklər daha çox istifadə edilirdi.
Üst köynəkləri sadə formada tikilirdi.
Şalvar. Xüsusi ölçü və formada hazırlanan şalvarlar nazik parçadan və yundan hazırlanırdı. Genbalaqlı və darbalaqlı olurdu.
Əba. Kişi üst geyimlərinə daxil olan əbalardan daha çox din xadimləri və mollalar istifadə edirdilər.
Çuxa. Naxçıvanda çuxalar çox qiymətli geyim növü idi. “Oyma” yaxalı çuxalar Naxçıvan bölgəsi üçün xarakterik idi.
Qılıncı-şal. Bu arxalıq növü üst və ətəkdən ibarətdir. Zənginlər ikiqanad arxalıq geyinərmişlər, gənclər arxalığın üzərindən kəmər, yaşlılar isə qurşaq bağlayardılar.
Kürk. Mövsümi geyim növü olan kürkdən daha çox şəhərdə, qismən dağətəyi kəndlərdə istifadə olunurdu.
Yapıncı əsasən elatlar (maldarlar) arasında geniş yayılmışdır.
Geyimin insan həyatındakı əhəmiyyətindən danışmaqla qurtarmaz. Geyimlər xalqın milli kimliyini, estetik zövqünü, milli dəyərlərini əks etdirmək baxımından əhəmiyyətli rol oynayır. Hər bir xalq öz kimliyini, öz mədəniyyətini tanıtmaq üçün, ilk olaraq, milli geyimlərdən istifadə edir. Geyimlər getdikcə dəyişir, müasir dövrlə ayaqlaşır. Lakin biz müasirliklə milli dəyərlərin sintezinin, vəhdətinin əks olunduğu geyimlər də hazırlaya bilərik.
Nərgiz İSMAYILOVA