Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikası xalçaçılıq sənəti, inkişaf mədəniyyəti, memarlıq, arxeologiya, fəlsəfə məktəbləri, müasir ticarət marşrutları və dərin köklü təhsil ənənələri ilə dünyada tanınmışdır. Əsrlərboyu xalçatoxuma sənəti evlərdə inkişaf etdirilmiş, müəyyən dövrlərdən sonra isə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri də toxunmuşdur.
Naxçıvanın neçə-neçə əsrlər Avroasiyada ticarət marşrutları və at karvanlarının keçdiyi mühüm ərazilərdən biri olması, bura daxil olan istehlak malları və əmtəələr onu Avroasiyanın ürəyində logistik mərkəzə çevirmişdir. Naxçıvanın strateji əhəmiyyəti monqol hakimiyyəti dövründə yüksəlmişdir. Bu dövrün coğrafiyaşünasları Naxçıvanı kərpicdən tikilmiş böyük şəhər kimi təsvir etmişlər. Culfa və Ordubad şəhərləri Naxçıvanda mühüm əhəmiyyətli şəhərlərdən olmuşdur. Culfa şəhəri 1605-ci ildə Şah Abbas tərəfindən dağıdılmışdır. Ordubad şəhəri isə Azərbaycanın qədim tarixini əks etdirərək dünyada uzun müddət tab gətirən bir çox arxeoloji parklar və qalaları günümüzədək qorumaqla Azərbaycan xalqının vətənpərvərlik ruhunu təcəssüm etdirir. Qonşu regionlardan olan çoxlu sayda tacir və ziyarətçilərin bura səfəri Naxçıvanı müxtəlif mədəniyyətlərin mərkəzinə çevirmişdir. Bu sosial-mədəni inkişaf incəsənət əsərlərində də təsvir edilmişdir. Bu təsvirlərdə qədim ənənələrin heyranedici estetik elementlərlə harmoniyasını görmək mümkündür. Həmçinin bu xüsusiyyətlər xalçatoxuma sənətində də öz əksini tapmışdır. Naxçıvan xalçaçılıq məktəbinə aid olan xalça nümunələri üzərində unikal motivlərlə yanaşı, həndəsi naxışlar, eləcə də ecazkar bitki və quş şəkilləri təsvir olunduğu üçün daha çox diqqəti cəlb edir.
İncəsənət, memarlıq, dulusçuluq, oyma, tikmə kimi sənətkarlıq elementlərinin mövcud olduğu Naxçıvanda əsl incəsənət nümunələrindən biri də xalça bəzək-düzəyi, yaxud rəsmləri hesab olunur. Naxçıvanın rayonlarında yerli rəssamlar xalça kompozisiyaları hazırlayarkən simmetriyanın aliliyinə nəzər yetirmişlər və qədim dövrlərdən bəri xalçanın üzərində olan təsirli naxışlar sənətkarların diqqət mərkəzində olmuşdur. Xüsusi peşəkar toxucular tərəfindən hazırlanan bu cür xalçalar Avropada yaşayan varlı ailələrin evlərində nümayiş etdirilir.
Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşmışdır. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf etmişdir. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Təbriz və Ərdəbil şəhərlərini buna misal göstərmək olar. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olmuş və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaratmışdır.
Azərbaycanda xalçaçılıq sənəti nəsildən-nəslə ötürülür. Tarixi ədəbiyyatlarda qeyd olunan və gündəlik istifadə olunan bu xalçaların 150 növü Azərbaycanda sənədləşdirilərək qorunur. Azərbaycanın qanunlarına əsasən, xarici ölkələrə bu növ xalçaların ixracı qadağandır. Çünki əl ilə toxunmuş xalçalar sənət əsərləridir.
Peter Tase
15.09.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti