Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində sənədləşmə işinin təşkili üzrə seminar keçirilib. Seminarı nazirliyin şöbə müdiri Həsən Kərimov açıb.
Nazirliyin sektor müdiri İman Alırzayev “Kargüzarlıq işinin ümumi qaydaları” mövzusunda çıxışında sənədləşmə işinin icrasına nəzarət, sənədlərin hazırlanması, kargüzarlıq işinin ümumi qaydaları və onlara riayət edilməsi ilə bağlı seminar iştirakçılarına məlumat verib.
Nazirliyin əməkdaşı Cəfər Əsədov “Kadr sənədlərinin işlənməsi” mövzusunda çıxışında kadr sənədlərinin hazırlanması, şəxsi işlərin işlənməsi, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi haqqında danışıb.
Sonra nazirliyin əməkdaşı Pərvin Həsənov “Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində sənədləşmə işlərinin aparılması” mövzusunda çıxış edərək jurnalların işlənmə qaydaları, doldurulması, illik və yekun qiymətlərin tərtib edilməsi, anketlərin işlənməsi, dərs cədvəllərinin, pedaqoji şuraların iş planlarının tərtibi və keçirilməsi, sənədləşdirilməsi haqqında məlumat verib.
Vurğulanıb ki, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində sənədləşmə və kargüzarlıq işləri qəbul edilmiş əsasnamələrdə nəzərdə tutulduğu kimi yerinə yetirilməlidir.
Seminarda sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nazirlik növbəti analoji seminarı mədəniyyət evləri, klublar və mədəni-maarif müəssisələri üçün avqustun 20-də keçirəcəkdir.
Əli RZAYEV