24 Dekabr 2024, Çərşənbə axşamı

 

 Rənglərin insan psixologiyasına təsiri danılmazdır. Rəng­lərlə bağlı insanlar müxtəlif fikirdə olsalar da, nəfəs­alma, qan dövranı, nəbz, əzələ fəaliyyəti rənglərə görə dəyişir. Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, ona narahatlıq və ya rahatlıq gətirə bilər. Rəng­lərlə ən yaxın olan və bu rəng­lərlə danışan şəxslər isə, sözsüz ki, rəssamlardır…

 Rəssamların yaratdıqları əsərlər yalnız özləri üçün deyil, bütün bəşəriyyət üçündür və bu əsərlər sərhəd tanımır. Mən bu həqiqəti Fransanın paytaxtı Paris şəhərində yerləşən dünyanın ən böyük və zəngin muzeylərindən sayılan Luvr muzeyini ziyarət edərkən anladım. Dünya şöhrətli rəssamların çəkdikləri əsərlərin önündə diz çökənləri gördüm. Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhuru və təkrarolunmazı sayılan “Mona Liza” portretini görmək üçün müxtəlif ölkələrdən gələn və saatlarca növbə gözləyən insanlarla qarşılaşdım. 

Məşhur rəssam Leonardo da Vinçi deyirdi: “Rəsm çox geniş köklü mədəniyyət və metod üzərində inkişaf etməlidir. Elmsiz və praktika üsulu ilə rəsm çəkəcəklərini zənn edənlər kompassız, sükansız gəminin sakinlərinə bənzəyirlər ki, onlar hara getdiklərini qəti olaraq bilməzlər”.
Bəli, rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Biz də yazımızda bu sənətin könüllüləri olan, rənglərin diliylə danışan insanlardan – rəssamlardan bəhs etməyə qərar verdik.

Naxçıvan torpağı dahilər, sə­nətkarlar yurdudur. Bu, əvvəl də belə idi, indi də belədir. Bu torpaq milli rəssamlıq sənətimizin çox görkəmli nümayəndəsi olan Bəhruz Kəngərlinin yurdudur. Milli təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması onun adı ilə bağlıdır. Biz Bəhruz Kəngərlini xatırlayaraq onun davamçıları olacaq gənc rəssamlarımızın emalatxanalarına tərəf yollandıq. Qapılardan birini döydük. Qapını gənc bir rəssam açdı. Hal-əhval tutduq. Söhbətimizdən aydın oldu ki, gənc rəssam Tural Həsənli rəssamlığa uşaq yaşlarından həvəs göstərib:
– Mən 5 yaşında olarkən rəsm çəkməyə həvəsim yaranmışdı. O zamanlar rəngli flomasterlər çətin tapılardı. Adi karandaşla təbiət qoynunda rəsmlər çəkərdim. Flomaster alandan sonra karandaşla çəkdiyim rəsmləri rəngləyirdim. Bu həvəs getdikcə artdı, beləliklə, mən rəsmlər çəkməyə başladım. Rəngli flomasterlərim qurtaranda isə adətim üzrə yenidən qara karandaşla çəkər, beləliklə, onları bir yerə toplayardım.
– Yaradıcılığınızda daha çox hansı mövzulara üstünlük verirsiniz? sualımıza isə belə cavab aldıq:
– Demək olar ki, bütün mövzularda rəsm əsərlərim var. Amma portret və cansız əşyalardan ibarət kompozisiyalar çəkməyə daha çox üstünlük verirəm.
Tural muxtar respublikamızda gənc rəssamlara göstərilən dövlət qayğısını daim öz üzərində hiss etdiyini də vurğuladı:
– Dövlət qayğısı biz gənc rəssamların yaradıcılığına birbaşa təsir göstərir. Belə ki, hər bir gənc rəssam üçün dövlət qayğısı həm maddi imkanların, eyni zamanda da yaradıcılıq şəraitinin genişlənməsinə böyük imkan yaradır. Mən də üzərimdə bu qayğını daim hiss etmişəm.
Tural Həsənli seçdiyi yoldakı yenilik meyillərindən də söz açdı:
– Gələcəyə dair planlarım hələ qabaqdadır, çünki hələ yaradıcılıq üslubumu tam təkmilləşdirməmişəm. Rəssamlıq sahəsində öz dəst-xəttimi tapmamışam. Bunun üçün də ciddi bir şəkildə çalışıram. Gələcək planlar isə bundan sonradır.
Gənc rəssam Tural Həsənlinin əl işləri bizi valeh etdi, onun yaradıcılığında, həqiqətən də, hər mövzuda qiymətli rəsmlər tapmaq mümkündür.
Daha bir emalatxanaya daxil olmadan öncə rəssamın giriş qapısına çəkdiyi müxtəlif naxışlar diqqətimizi çəkir. Qapıdan girər-girməz divarlardakı əsərlərin parlaqlığı və rəng­lərin əlvanlığı bizdə xoş təəssüratlar yaradır, burada insan özünü təbiətin qoynundakı kimi hiss edir.
Öyrənirik ki, Bəhruz Quliyev uşaqlıqdan rənglər dünyasında böyüyüb. Onun atası da rəssamlıqla məşğul olurmuş. Bu isə Bəhruzun bir rəssam kimi formalaşmasına çox kömək edib. Qeyd edək ki, Bəhruz Xalq rəssamı Hüseynqulu Əliyevin tələbəsi olmuş, beş il onun təcrübəsindən faydalanmışdır. Bəs, görəsən, gənc rəssam öz üslubunu tapa bilibmi?
– Hələ də üslub axtarışındayam. Bunun üçün gecəli-gündüzlü çalışıram. Və inanıram ki, öz üslubumu tapdıqdan sonra daha mükəmməl rəsm əsərləri yaradacağam.
Yaradıcılığında, əsasən, mənzərə, natürmort və müasir üslubun sintezi əks olunan Bəhruzun rəsm əsərləri öz rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir. “Yaradıcılığımda, əsasən, rəngkarlığa üstünlük verirəm”, – deyən gənc rəssamın indiyədək iki rəsm sərgisi olub. Bu sərgilərdən biri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda, digəri isə Bakı Kreativ Sərgi Salonunda baş tutub. Həmçinin Bəhruzun bir çox ölkədə qeyri-rəsmi sərgiləri də olub.
Digər həmsöhbətimiz istedadlı gənc rəssam Fizzə Quliyevadır. O da rəssamlığa olan həvəsindən, bu sənətə könül verməsindən söz açdı:
– Uşaq vaxtımdan rəsm çəkməyə böyük həvəsim olub. Orta məktəbdə oxuduğum vaxtlardan muxtar respublikamızda təşkil olunmuş bir çox dərnəkdə iştirak edirdim. Musiqi məktəbində fəaliyyət göstərən rəsm dərnəyinin də üzvü idim. Bununla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də hazırlıq üçün getmişəm. IX sinifdə oxuyarkən rəssamlıq sənətinin sirlərini daha da dərindən mənimsəmək istədim, bunun üçün ustad emalatxanasında dərs almaq qərarına gəldim. Və Azərbaycanın Xalq rəssamı Hüseynqulu Əliyevlə yollarımız kəsiş­di. İki il müddətində Hüseynqulu müəllimdən çox şey öyrəndim və bu, indiki səviyyəyə çatmağımda əhəmiyyətli rol oynadı. Ustadıma çox minnətdaram.
Fizzənin yaradıcılığında portret janrı üstünlük təşkil edir. O, bunu belə əsaslandırır:
– Yaradıcılığımda daha çox portret janrı üstünlük təşkil edir. Portret çəkməyə marağım uşaq vaxtlarından başlayıb. Qeyd edim ki, bu, asan iş deyil, xüsusi bacarıq tələb edir portret çəkmək.
– Bəs öz üslubunuzu tapmısınızmı? sualımıza gözlədiyimiz cavabı ala bilmədik:
– Hələ də üslubumu tapmamışam. Ancaq klassik ənənələri öyrənməyə daha çox meyilliyəm. Bu istiqamətdə özümü inkişaf etdirməyə çalışıram.
Rəssam qarşıdakı aylarda öz sərgisini keçirməyi düşünür:
– Bu il payızda ilk fərdi sərgimi açmaq istəyirəm. Çox həyəcanlıyam. Bu sərgi mənim uzun illərdəki əməyimin nümayişi olacaq. Hamını sərgimə dəvət edirəm.
Fizzə xanım teatr rəssamlığına da maraq göstərir. Hətta onu Naxçıvanda teatr rəssamı kimi fəaliyyət göstərən ilk qadın rəssam adlandıranlar da var. Bu barədə bəs onun özü nə düşünür?..
– Bəli, teatr rəssamlığına marağım böyükdür. İki tamaşanın rəssamı kimi fəaliyyət göstərmişəm. Naxçıvanda teatr rəssamlarının içərisində indiyədək qadın olmayıb, bunu nəzərə alsaq əgər, belə deyənlərlə razılaşmalı oluram. Amma yenə də bu işin heç də asan olmadığını qəbul etmək lazımdır. İnanıram ki, bu sahədə daha layiqli işlərlə teatrsevərlərin sevgisini qazana biləcəm.
Qeyd edək ki, muxtar respublikamızda gənclərə göstərilən xüsusi qayğı onları gələcəyə daha da ruhlandırır. İndi dünyada yaranan bütün sahələr üzrə dahilərin yaradıcılığını izləmək, bu yaradıcılıqla yaxından tanış olmaq, digər sənətkarların və modern sənətin inkişafını tam olaraq izləmə imkanına malikik. Bu şərait, qeyd edək ki, çox ölkədə mümkün deyil. Bu səbəbdən bunu biz gənclər üçün ərsəyə gətirənlərə öz minnətdarlığımızı bildirməli və bunun dəyərini dərk etməliyik.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR