24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının qərb hissəsində yerləşən Naxçıvan Muxtar Respublikası qədim arxeoloji abidələrin, qalaların, dini memarlıq və qədim şəhər mədəniyyətinin yarandığı yerdir. Bu gün Daş dövrünün qalıqlarına Naxçıvanda olan Qazma, Əshabi-Kəhf və Kilit mağaralarında rast gəlmək olar. Digər tərəfdən Azərbaycanın bu tarixi bölgəsində X-XVII əsrlərə aid çoxlu sayda körpü və qalalar mövcuddur. Naxçıvan, şübhəsiz ki, Avroasiyada 5500 kvadratkilometr ərazini əhatə edən və bu qədər çox sayda qədim körpüləri olan yeganə yerdir.
Gilançay əzəmətli qədim körpülər və arxeoloji əhəmiyyətli ərazilərlə əhatə olunub. Çoxlu sayda tarixi döyüşlərin baş verdiyi bu ərazi qədim dünya tarixinin öyrənilməsi üçün son dərəcə əhəmiyyətlidir.

Aza körpüsü qədim tarixi abidədir və Ordubad rayonunun Aza kəndi ilə Darkəndi birləşdirir. Bu körpünün eni 3,5, uzunluğu isə 46 metrdir. Körpünün 5 tağı vardır ki, bu tağlar ətraf dağlardan gətirilmiş yerli material olan qırmızı daşlardan tikilmiş və tağların dördü dalğa kəsiciləri ilə inşa edilmişdir. Körpü İpək Yolu üzərində yerləşdiyindən Şərq və Qərb arasında hərəkət edən ticarət karvanları üçün mühüm rol oynamışdır. Aza körpüsünün tikintisi Şah Abbasın dövrünə (1587-1629) təsadüf edir. Bu dövrdə Səfəvi hökmdar­ları Qara dəniz sahili ölkələri ilə Hindistan və Çin arasında ticarət əlaqələrini inkişaf etdirmişlər. Aza körpüsü Uzaq Şərqdən Avropaya ixrac edilən malların əsas marşrut istiqaməti olmuş və bu körpüdən, əsasən, quru meyvə, taxıl, ipək, sənətkarlıq məhsulları, eləcə də yüksəkkeyfiyyətli yerli istehsal olan Azərbaycan məhsulları ixrac edilmişdir. Zorakı tarixi hadisələr və təbii fəlakətlər, eləcə də 1977-ci ildə baş vermiş sel daşqını nəticəsində körpünün az bir hissəsi dağılmışdır. Lakin sonra körpü tamamilə Azərbaycan hökumətinin dəstəyi ilə bərpa edilmişdir. Hazırda yerli əhali XVII əsrin abidəsi olan Aza körpüsündən istifadə edir.
Naxçıvanda XVII əsrə aid olan qədim tarixi abidələrdən biri də Biləv körpüsüdür. Bu körpü Ordubad rayonunun Biləv kəndinin cənubunda Gilançayın üzərində yerləşir. Körpü 5 roma tağından ibarətdir. Lakin bu gün körpünün yalnız kiçik hissələri qalıb. Bu körpünün tağları arasındakı məsafə fərqlidir və sütunlar kvadrat formalıdır. Körpünün eni 3,3, uzunluğu isə 55 metrdir. Biləv körpüsü böyük daş və əhəng qarışığı olan qayalarla inşa edilmiş və yonulmuş süxurlarla üzlənmişdir.
Bist kəndində Ələhi çayı üzərində iki körpü vardır. Bu körpülər unikal görüntüləri ilə bütün Naxçıvan regionu üçün böyük tarixi dəyər ifadə edir. Birinci Bist körpüsü gözəl arxitekturası ilə öz tarixi əhəmiyyətini saxlamış və Bist kəndinin qərb hissəsini Ordubad rayonu ilə birləşdirir. Bu körpü daş və kərpiclə inşa edilib və eni hər iki tərəfdən fərqləndirilmişdir. Qərb tərəfdən körpünün genişliyi böyük, şərq tərəfdən isə genişliyi nisbətən kiçikdir. Körpünün uzunluğu 21, hündürlüyü 10, eni isə 3,8 metrdir. Körpünün hər iki tərəfində metal hörgü vardır. Bu körpünün tikilməsində məqsəd qədim və orta əsrlərdə Naxçıvanın ticarət mar­şrut­unu asanlaşdırmaq, eləcə də Bist kəndi ilə dünyanın qalan hissəsi arasında keçidi təmin etmək idi. Yerli əhalinin sözlərinə görə, körpü I Şah Abbasın dövründə inşa edilib və XVII əsr memarlıq abidəsidir.
İkinci Bist körpüsü Ordubad rayonunun cənub-şərq tərəfində, Nəsirvaz çayı üzərində yerləşir. Bu körpü daş və kərpiclə tikilmişdir və bir tağdan ibarətdir. Körpünün uzunluğu, təxminən, 23, hündürlüyü 10, eni isə 4 metrdir. Körpünün hər iki tərəfində metal örgü vardır. İkinci Bist körpüsü yerli ticarət üçün əhəmiyyətli olmuş və Ordubad rayonunun ətraf ərazilərini ziyarət etmək üçün mühüm rol oynamışdır. Körpünün cənub divarlarına 1869 rəqəmi həkk olunmuşdur. Bu körpüdə istifadə olunan daş memarlığı abidənin XIX əsrin sonuna aid olmasını sübut edir.
Naxçıvan Azərbaycanın tarixi üçün mühüm olan qalaların vətənidir. Şərur rayonunda Axura kəndinin şimal istiqamətindəki yüksək təpələrdə və Havuş kəndinin cənubunda Dana qalası yerləşir. Aparılan arxeoloji araşdırmalara görə, Dana qalasının Səlcuq hökmdarı Tanan ilə bağlılığı vardır. Həmçinin bu ərazidən böyük daşlar, saxsı, şirli masa, qab-qacaqlar və metal əşyalar da aşkarlanmışdır. Bütün bu tarixi eksponatlar XI və XVII əsrlər arasında olan müxtəlif dövrlərə məxsusdur. 7 əsr ərzində Azərbaycan ordusu öz doğma ərazi bütövlüyünü müdafiə etmək üçün Dana qalasından istifadə etmişdir.
Naxçıvanın qədim tarixi olan bir xəzinəsi də Şərur rayonunun Danyeri kəndi yaxınlığında yerləşən Danyeri qalasıdır. Bu qala iki hissədən – Böyük qala və Kiçik qaladan ibarətdir. Danyeri qalası VIII əsrə aiddir, qalanın divarları böyük qaya parçaları, gil məhlulu, bəzi hissələri isə yonulmuş daşlardan inşa edilmişdir. Onun divarları yarım dəyirmi qüllələr və əsas güc divarları vasitəsilə möhkəmləndirilmişdir. Bura gələn qonaqlar qala divarları və qalanın içərisində kvadrat bucaqlı binalarda möhtəşəm memarlıq üslubu görə bilərlər. Bu qalada Naxçıvan arxeoloqları keramika parçaları, çəhrayı və boz rəngli şirli masa qablar və digər mühüm arxeoloji tapıntılar aşkar ediblər.

Naxçıvan Muxtar Respublikası və Azərbaycan hökuməti bütün dünya və Azərbaycan üçün əhəmiyyət kəsb edən və orta əsrlər tarixini əks etdirən mədəni-tarixi abidələrin restavrasiya olunmasında, həmçinin onların araşdırılmasında fəal təşəbbüskarlıq göstərir. Naxçıvan ərazisində olan qalalar və körpülər Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edir və bu faktlar Azərbaycan xalqının qədim mədəniyyətə malik olduğunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan yuxarıda qeyd olunan tarixi abidələr Avroasiyada və onun hüdudlarından kənarda tanınmalıdır.


Peter Tase
20.07.2015
Amerika Birləşmiş Ştatlarının “Eurasia review” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR