24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2015-ci il tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Musiqi Kollecinin musiqi kollektivlərinin muxtar respublikanın şəhər və rayonlarında konsertləri keçirilir. Belə konsertlərdən biri də Kəngərli Rayon Mədəniyyət Evində təşkil olunub.
Konsert başlanmazdan əvvəl Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış edərək “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın Naxçıvan musiqiçilərinin sevincinə səbəb olmaqla onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsi olduğunu qeyd edib. Bildirilib ki, Naxçıvan Musiqi Kolleci 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. 1975-1992-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-2005-ci illərdə Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi fəaliyyət göstərir. Musiqi sahəsi üzrə kadrların hazırlanması məqsədilə yaradılan bu təhsil müəssisəsi 4 ixtisas üzrə fəaliyyətə başlayıb. Hazırda kollecdə 11 ixtisas üzrə 552 tələbə təhsil alır. Bu tələbələrin təlim-tərbiyəsi ilə 181 müəllim və konsertmeyster məşğul olur. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub. Vurğulanıb ki, kollecin məzunlarından 60-a yaxını Kəngərli rayonundandır və onlar burada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin müəllimləridir. Hazırda kollecdə Kəngərli rayonundan 11 tələbə təhsil alır.

Sonra konsert olub. İlk olaraq simfonik orkestr Ü.Hacıbəylinin “Uvertüra”sını ifa edib. Qədim alətlər ansamblının müşayiəti ilə Əbülfəz Məmmədov və Səid Həsənov “Şur” kompozisiyasını təqdim ediblər. “Dilruba” muğam ansamblının, estrada orkestrinin və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə Əbülfəz Məmmədovun, Samir İsmayılovun, akkordeonda Sahil Qasımovun, balabanda Mübariz Əliyevin və vokal qrupunun ifaları tamaşaçılarda xoş ovqat yaradıb. Qeyd edək ki, musiqi kollektivlərinə Səməd Əsgərov, Cəlil İsmayılov və Mustafa Məmmədov bədii rəhbərlik ediblər.
Konsert proqramının sonunda solistlərdən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və İlkin Abdullayevin ifaları alqışlarla qarşılanıb.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR