Dünən Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixdə Sərəncam imzalayıb. Bu, “Kitabi-Dədə Qorqud” dastanlarına verilən ardıcıl diqqətin növbəti təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, mədəni-maarif müəssisələrində də çoxsaylı tədbirlər keçirilir.
Dünya ədəbiyyatının nadir eposlarından olan bu abidədə tariximiz və milli-mənəvi dəyərlərimiz yaşadılır. Epos xalqımızın zəngin adət-ənənələrini, yaşam tərzini, dünyagörüşünü öyrənmək baxımından da dəyərli sənət xəzinəsidir.
Sonra Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Şamama Səfərova, Pirqulu Məmmədov, İnci Ələkbərova “Kitabi-Dədə Qorqud” eposunun mövzu və məzmunundan, bədii məziyyətlərindən danışıblar. Çıxışlarda Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar görülmüş işlərdən söhbət açılıb. Qeyd edilib ki, Naxçıvan şəhərində Dədə Qorqudun abidəsinin ucaldılması milli-mənəvi dəyərlərə, ədəbi-bədii irsə, mədəni abidələrimizə, əbədiyaşar sənət xəzinəmizə ehtiramın ifadəsidir.
Tədbirin sonunda “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı sərgiyə baxış olub.
Xəbərlər şöbəsi