Təzə kitab təzə yola bənzəyir: oxucunu yeni düşüncələr, hislər aləminə aparır, qarşısında üfüqlər açır, mənzərələr canlandırır, adamlarla tanış edir. Lakin coğrafi mühitdə olduğu kimi, mənəvi, poetik mühitdə də yollar bir-birindən seçilir, fərqlənir. Bir cığır bizi min dəfə gördüyümüz, tamaşa etdiyimiz, gözümüzə, könlümüzə hopmuş yerə aparar, başqa bir cığır isə bizi fikrimiz yetməyən uzaqların əlvan mənzərələri qoynuna atar. Yolumuza neçə-neçə yaxşı dost çıxara bilər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Aybəniz Ağaqızının “Nuh yurdunun heyranı” adlı kitabını vərəqlədikcə xatirələr məni alıb keçmişə apardı, bir şairin ömür karvanında neçə-neçə tanış simalar gördüm, gözüm önündə təzə poetik mənzərələr canlandı.
“Nuh yurdunun heyranı” müəlliflərin birlikdə yazdıqları ikinci kitabdır. Kitab tanınmış şair-dramaturq Kəmalə Ağayevanın həyat və yaradıcılığına işıq salır. Oxucu kitabda Kəmalənin ailəsi, şeirləri, poemaları, dramları, tərcümələri, məqalələri, onun haqqında yazılmış xatirələr, nəsil şəcərəsi, pedaqoji və teatral fəaliyyəti haqqında geniş məlumat əldə edə bilir.
Burada həmçinin xatirələr, müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər, sənədlər də öz əksini tapmışdır. Kəmalə Ağayeva ana Vətənin hər qarışını ürəkdən sevir, Vətən mülkünün cazibədar poetik panoramını yaratmaq üçün bütün imkanlarından istifadə edir. Şairin yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrinin gözəlliyini təqdim edən şeir çələngi formalaşmışdır:
Əlimdəki bu qələm də sənindir,
Könlümdəki xoş aləm də sənindir,
Gözümdəki bu şöləm də sənindir.
Ömrə həyanım mənim,
Azərbaycanım mənim.
Vətən məhəbbəti “Alqış”, “Məram”, “Yaddan çıxmaz Qarabağ”, “Vətən parçası”, “Mənim azad respublikam”, “Doğma diyarım” və digər lirik parçalarda müxtəlif poetik şəkillərdə əksini tapır. Kəmalə Ağayevanın bir çox şeirlərində dağların, qayaların oyatdığı assosiasiya, poetik hiss beləcə geniş və ictimai siqlətlidir: güclü vətəndaşlıq duyğularının, keçmiş və gələcəyimizlə bağlı narahat və inamlı düşüncələrin məhsuludur. Onun Naxçıvan mövzusunda yazılmış şeirlərində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə oxucu qəlbini ələ alır. Kəmalə Ağayeva üçün ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını kökləməyə başladığı, ona ilham bəxş etmiş Nəqşi-cahandır. Şair bütün ruhu ilə bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi duz-çörəkdən qüvvət almışdır. Naxçıvanın Azərbaycanın tarixində və taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin xidmətləri, bu coğrafiyanın insanlarının düz ilqarlı möhkəm mənəvi dəyərləri, od çaxarlı təbiəti Kəmalənin şeirlərində bütün təbiiliyi və daşıdığı mənaları ilə bir yerdə ilhamla vəsf olunmuşdur.
Lirik poeziya insan duyğularının, insanın ürək döyüntülərinin yüksək ifadə vasitəsidir; gündəlik həyatda insanın qəlbindən keçən fikir və düşüncələrin, iztirab və kədərin, sevincin hər bir şəxsə nəsib olmayan ifadə tərzidir. Ümumilikdə isə son dərəcə mürəkkəb aləmin poetik bir dil ilə müasirlərə və gələcək nəslə nəqlidir. Şeir bütövlükdə, adətən, saf və təmiz, titrək və həssas qəlbin məhsulu olduğundan bu zərif yaradıcılıq da insanlara təsir edir, onların saflaşmasına, təmiz və ülvi duyğularla, məhəbbətlə yaşamasına kömək edir. Belələri pəmbə buludlar altından utana-utana çıxan parlaq ay kimi xoş təbəssüm saçır, insanda rahat və əsrarlı duyğular yaradır və yüksək məhəbbətlə çırpınan bir qəlbin arzu və istəklərini, həzin nəğmələrini oxucuya çatdırır.
Kəmalə Ağayevanın lirik qəhrəmanının düşüncə tərzi “Mona Liza qarşısında”, “Eyfel qülləsi”, “Mari Roz küçəsi”, “Sevdim Türkiyəni” və digər şeirlərdə Türkiyəyə, Amerikaya, Özbəkistana, Parisə… doğru genişlənir. Göz önündə açılan üfüqlər şeirdə poetik üfüqlərə dönür. Eyfel qülləsinin ucalığından Azərbaycan görünməsə də, bu qüllədə dayanmış şairin mənəvi ucalığından Vətən göz önündə təzədən canlanır. Şairi Parisin işıqlı, bər-bəzəkli küçə və meydançalarından daha çox ömrünü-gününü, gözlərinin nurunu bu işığa verənlər düşündürür. Kral heykəlləri arxasında gizlənmiş xalq heykəllərini görür. Ədəbiyyatımıza xas olan yüksək insani mövqedən, azadlıqsevərlik, sülhsevərlik mövqeyindən çıxış edir. Bu sətirlərin müəllifi 1989-cu ildə Türkiyədə keçirilən Yunis Əmrə günlərindən yenicə qayıdan Kəmalə xanımla onun mənzilində birsaatlıq videoçəkiliş aparmış, maraqlı bir müsahibəni tamaşaçılara təqdim etmişdir.
Kəmalə Ağayeva həm də nəğməkar şairdir. Sözlərinə mahnılar qoşulan “Bir yerdə olaq”, “Arpaçay”, “Niyə gəlmədin”, bütövlükdə 27 şeiri, eləcə də digərləri poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı Kəmalə Ağayevanın şeirlərinin ritmində, ahəngində çağlayır.
Onun şeirləri zərif bir qadın ilhamının məhsulu – titrək yarpaqlarıdır. Təbdən gəlir. Ona görə də şifahi xalq şeiri kimi duru və şəffafdır. Sevgi yolunda inamla çırpınan, həsrətlə qovrulan, anbaan gözləri yaşla dolan, şam kimi alovlanan, soyuq üz gördükdə küskünləşən, alov dili kimi titrəyən, soyuq münasibətdən sarsılan, eşqini itirəcəyindən qorxan, minbir bəlalara dözüb sevgisini qorumağa çalışan, əzabla çırpınan, lakin heç vaxt öz qürurunu itirməyən bir qızın, bir qadının, nəcib bir ananın ürək döyüntüləridir. Sevən ürəklərin çox qəribə bir “mənəmliyi” də olur: sevir, məhəbbətlə qovrulur, ölür-dirilir, lakin qürurunu itirmək istəmir, hətta bu qüruru şirin vüsala da dəyişmək istəmir, küsüb ayrılmış sevgilinin qayıtması ilə öz qürurunu itirəcəyindən qorxur. Bu da yüksək təbii insani hislərdir.
Sevgi və inam! Poeziyada uğurlu yol, bəlkə də, burdan başlayır. İnam kəlməsi poetik həqiqət kimi səslənməyəndə şeir heç bir təsir gücünə malik olmur. İnam və cəsarət şeirlərdəki düşüncə və ifadə tərzinə aydın bir mövqe, müəyyənlik gətirir. Kəmalə Ağayevanın lirik qəhrəmanının səsi ürəkdən gəlir, oxucunu inandırır. Onun poemaları şair cəsarətinin, şair axtarışlarının uğurlu nəticələri kimi geniş və ətraflı söhbətə layiqdir.
“Ürəklərdə qaldı adınız” və “Gözü yolda qalan var” poemalarının mövzusu ayrı-ayrı olsa da, mahiyyətcə, poetik ruh etibarilə bir-birinə yaxın əsərlərdir.
Kəmalə Ağayevanın hələ 22 yaşında yazdığı “Məhsəti” adlı 2 pərdəli mənzum faciəsi dəfələrlə Bakı və Naxçıvan səhnələrində tamaşaya qoyulmuş, böyük uğur qazanmışdır. “İsmət”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı” pyesləri, uşaqlar üçün səhnə əsərləri Naxçıvan teatrında ardıcıl olaraq sənətsevərlərə təqdim olunmuş, Türkiyədə qastrol və dostluq görüşlərində müvəffəqiyyətlə göstərilmişdir.
Bir sözlə, müəlliflərin gərgin əməyi ilə ərsəyə gələn “Nuh yurdunun heyranı” təkcə şair-dramaturq, ömrünün 80-ci ilini yaşayan Kəmalə Ağayeva üçün deyil, həm də oxucular üçün dəyərli bir kitabdır.
Hüseyn ƏSGƏROV
yazıçı-publisist