24 Dekabr 2024, Çərşənbə axşamı

1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində almış və sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam etdirməklə klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir. Maarifçilik fəaliyyəti dövründə məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrində əvəzsiz xidmətlər göstərən Məhəmməd Tağı Sidqi təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də tanınmışdır.
Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubad şəhərində ilk dəfə olaraq “İbrahimxan mədrəsəsi” adlanan binada yeni üsullu, dünyəvi və ana dilində təhsil verən bir məktəb açmış və ona “Əxtər” – yəni “Ulduz” adı vermişdir. Bu məktəbin yaranması o zaman həm Ordubad, həm də Naxçıvan mühiti üçün mühüm pedaqoji hadisə idi. Köhnə mollaxanalardan fərqli olaraq, bu məktəb ana dilli məktəb idi. Məktəbin tədris planına ana dili, hesab, coğrafiya, hifzi-səhiyyə, fars və ərəb dilləri daxil edilmişdi. Sidqi öz məktəbi üçün əlyazması şəklində hesab, ana dili və coğrafiya dərslikləri də tərtib etmişdi.
Sidqinin vətəninə, xalqına olan məhəbbətini eşidən Naxçıvanın qabaqcıl ziyalıları onu mərkəzə gətirmək istəyirlər. Bu münasibətlə Sidqiyə məktublar göndərib onu Naxçıvana dəvət edirlər.

Görkəmli maarifçi 1894-cü ildə naxçıvanlı ziyalıların köməyi ilə “Məktəbi-tərbi­yə”ni təsis edib pedaqoji fəaliyyətini davam etdirir. M.T.Sidqinin pedaqoji fəaliyyəti, təlim üsulları, tədris, təlim və tərbiyə haqqındakı fikirləri o dövr ziyalıları üçün böyük bir təcrübə məktəbi idi. Görkəmli yazıçı Mirzə Cəlilin “...həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün də bir darülürfan hesab olunur” deməsi də “Tərbiyə” məktəbinin necə mütərəqqi mövqedə durduğuna böyük bir sübutdur.
1894-cü ilin ilk dərs günlərindən başlayaraq Sidqi var qüvvəsini uşaqlara hərtərəfli bilik verməyə sərf edir. O, məktəb üçün ayrıca tədris planı, dərs cədvəli, təqvim iş planı, maliyyə planı, şagirdlər üçün ədəb qaydaları və sairə tərtib edib məktəbə cəlb olunmuş şagirdlərə hərtərəfli dünyəvi biliklər verilməsinə çalışırdı.
Xalqının maariflənməsi üçün çalışan M.T.Sidqinin işləri heç də asan başa gəlmirdi. Bir sıra yerli məmurlar onun işinə əngəl törədirdilər.
Çar Rusiyası və yerli hakim dairələr Sidqinin bu tərəqqipərvər fəaliyyətinə mane olur və nəyin bahasına olursa-olsun, onu müdirlikdən uzaqlaşdırmaq istəyirdilər. Hakim dairələrin əlində formal və lüzumsuz bəhanələr də var idi. Bu bəhanə isə Sidqinin müəllimlik sənədinin olma­ması idi. Nəhayət, yerli çar üsul-idarələri M.T.Sidqinin müəllimlik attestatının olmadığını bəhanə edərək onu müdirlikdən azad edir və Sidqini “Tərbiyə” məktəbində ana dili müəllimi saxlayırlar. Qısa bir müddətdə imtahan verib müəllimlik attestatı almazsa, Sidqini müəllimlikdən də çıxaracaqlarını bildirirlər.
1902-ci ildə Sidqi müəllimlik attestatı almağa müvəffəq olur. Lakin bunların heç biri Sidqinin müdirliyə qayıtmasına şərait yaratmır. O, ömrünün sonunadək “Tərbiyə” məktəbində ana dili müəllimi işləyir. Sidqinin ölümündən sonra məktəbin adı dəyişdirilərək bir çox məktəblər kimi “Rus-tatar” məktəbi adı altında fəaliyyət göstərir.
M.T.Sidqinin sevimli tələbələrindən olan Hüseyn Cavid bu acınacaqlı vəziyyətdən bəhs edərək yazırdı: “Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çapalamağa həvəsləndi... Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, məslək sahibi idi, millətini sevərdi. Məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu”.
M.T.Sidqinin yorulmaz fəaliyyəti nəticəsində “Tərbiyə” məktəbində yeni ziyalı nəsli (Əliqulu Qəmküsar, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məmmədəli Sidqi və başqaları) yetişmişdi. Bu yeni nəslin nümayəndələrindən biri də M.S.Ordubadi idi ki, o da “Əxtər” məktəbinin yetirməsi idi.
Azərbaycan maarif və məktəbdarlığının inkişafı tarixində Sidqinin göstərdiyi misilsiz xidmətlər yalnız təsis etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbində müdir və müəllim olduğu müddətdə “Heykəli-insana bir nəzər”, “Puşkin”, “Kəblə Nəsir” kimi mətbu, “Məsnəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik, elmi-pedaqoji əsərlər, “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri-əfkar və təfhimi-insaniyyət” (Ədəbiyyat), “Töfheyi-bənat, yainki qızlara hədiyyə” kimi lüzumlu dərsliklər yazmışdır.
M.T.Sidqinin “Məktəbi-tərbiyə” şagirdləri üçün hazırladığı ədəb qaydaları bu gün də öz təsir qüvvəsini itirməmişdir və müasir məktəblərimizdə həmin qaydalara əməl edilməsi vacib şərtlərdən biri sayılmalıdır.
Yorulmaz maarif fədaisinin Azərbaycan maarifi və mədəniyyətinin tərəqqisində göstərdiyi xidmətləri Cəlil Məmmədquluzadə belə qələmə almışdır: “Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvali ilə on il bundan əqdəm halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, insafdan və həqiqətdən bilmərrə uzaq olmaz. O hörmət və məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib…”
M.T.Sidqi təkcə məktəbdar kimi deyil, həm də maarifçi şair və yazıçı kimi ad-san qazanmışdır. Sidqinin yaradıcılığında maarifçi şeirlərin xüsusi yeri vardır. Pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” sayan görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur. Oğlu Məmmədəli Sidqiyə yazılmış maarifçi şeirləri, sözün geniş mənasında, yeni nəslə xitab kimi səslənir.
Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqi bu teatrın inkişafı məsələləri ilə yaxından məşğul olmuşdur. 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə M.F.Axundovun “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərd-xəsis”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyalarının Naxçıvan xanı Rəhim xanın evində tamaşaya qoyulmasına nail olan Məhəmməd Tağı Sidqi M.F.Axundovun “Hekayəti müsyö Jordan-həkimi-nəbatat və dərviş Məstəli şah-cadüküni-məşhur” komediyasına rejissorluq etmişdir. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb etmişdir. O, Avropa, rus və Şərq mətbuatı ənənələrini öyrənib tətbiq etmiş, geniş ictimai və maarifçilik fəaliyyəti göstərmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan mühitinin formalaşmasında Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.
Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamı Sidqinin həyat və yaradıcılığına verilən yüksək dəyər və qiymətdir. Sərəncama uyğun olaraq, Ordubad şəhərində görkəmli maarifçi M.T.Sidqinin ev-muzeyi üçün yeni bina tikilmişdir. Avqustun 25-də muzeyin açılış mərasimində Ali Məclisin Sədri Məhəmməd Tağı Sidqi yaradıcılığının böyük bir xəzinə olduğunu bildirərək demişdir ki, bu xəzinədən gənclərin yetişməsində məqsədyönlü istifadə etmək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin borcudur. Bu gün Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin istifadəyə verilməsi də onun zəngin pedaqoji və ədəbi irsinin yaşadılması, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atılan növbəti addımdır.
Bəli, Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində tikilən ev-muzeyi ona ucaldılan böyük bir abidədir. Bu muzeyin yaradılması ədibin ömür yoluna olan ehtiramın, fəaliyyətinə və yaradıcılığına verilən yüksək dəyərin bariz ifadəsidir. Bu həm də görkəmli şəxsiyyətin bir zamanlar Naxçıvanda təhsilin və milli inkişafın güclənməsi üçün göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, onun fədakar müəllim əməyi və fəaliyyətini bu günün və gələcəyin müəllimlərinə təbliğ etmək kimi mühüm əhəmiyyət daşıyır.

Oruc HƏSƏNLİ
professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR