24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Artıq 20 ildir ki, sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Dünən bu əlamətdar gün münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının ətrafında tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün anadan olmasının 130 illiyi tamam olan Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə professional musiqinin banisi, dahi sənətkar, görkəmli ictimai xadim, jurnalist, ən əsası fitri istedad sahibi kimi daxil olmuşdur. Dahi bəstəkarın musiqi sənətinə məftun olmayan azərbaycanlı tapmaq çətindir. Dünyanın hansı yerində Azərbaycan musiqisinin adı çəkilirsə, orada böyük bəstəkarın adı mütləq xatırlanır. Məhz dahi Üzeyir Hacıbəyovun sayəsində Azərbaycanda bəstəkarlıq məktəbi yaranmış, peşəkar musiqiçilər yetişərək milli musiqimizi yüksək səviyyəyə qaldırmışlar. Ümummilli liderimiz ölkə­mizə rəhbərlik etdiyi illərdə Azərbaycan musiqi sənətinin inkişafı daha dinamik xarakter almış, korifey sənətkarlarımız ölkənin ən yüksək fəxri adlarına layiq görülmüş, dövlət mükafatları almışlar.

Qeyd olunmuşdur ki, bu gün ölkə­mizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında da musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Milli Musiqi Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə mədəniyyətin inkişafındakı xidmətlərinə görə 12 nəfər muxtar respublikanın fəxri adlarına layiq görülmüşdür.
Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev “Naxçıvan Muxtar Respublikasında musiqi mədəniyyətinin inkişafı tarixi” mövzusunda çıxışında qədim diyarda mədəniyyətin inkişaf yolundan söhbət açmışdır. Qeyd olunmuşdur ki, böyük bəstəkarımız Üzeyir Hacı­bəyovun 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilməsi, muxtar respublikamızda musiqi mədəniyyətinin inkişafı ilə maraqlanması bu gün də xatırlanmaqdadır.
Sonra Milli Musiqi Gününə həsr olunmuş konsert olmuşdur.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin, estrada orkestrinin ifasında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından “Müqəddimə”, duet və xor musiqiləri səsləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov, Hünər Əliyev və solist Qəribə Həsənovanın ifasında səslənən mahnılar alqışlarla qarşılanmışdır. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Xatirə Səfərova, Hünər Əliyev, Yaşar Qurbanov, Mübariz Əsgərov, Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva, solistlərdən Bəsti Qasımova və Əli Davudinin ifasında dahi bəstəkarın əbədiyaşar sənət əsərlərindən – “Arşın mal alan” operettasından, “Koroğlu” operasından ariyalar səslənmiş, “Sənsiz” romansı ifa olunmuşdur.
Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilmiş, konsert proqramları təşkil edilmişdir.

Əli RZAYEV

*  *  *

Muxtar respublikada mədəniyyət obyektlərinin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, ötən 20 il ərzində onlarla uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi məktəbləri bu gün gənc istedadların üzə çıxarılması, xalq yaradıcılığı nümunələrinin qorunması və yaşadılması, gənc musiqiçi kadrların yetişdirilməsi ilə yanaşı, həm də insanların asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır.
Milli Musiqi Günü münasibətilə dünən Babək Rayon Uşaq musiqi məktəbinin kollektivi rayonun Çeşməbasar Kənd Mərkəzində, Şərur Rayon Şəhriyar Kənd Uşaq musiqi məktəbinin kollektivi Qorçulu Kənd Mərkəzində, Culfa Rayon Bənəniyar Kənd Uşaq musiqi məktəbinin kollektivi Göydərə kəndində, Şərur Rayon Yuxarı Daşarx Kənd Uşaq musiqi məktəbinin kollektivi isə rayonun Siyaqut kəndində konsert proqramları ilə çıxış edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR