İyulun 31-də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən muxtar respublikanın teleradio əməkdaşlarının iştirakı ilə “Kütləvi informasiya vasitələrində hərbi proqram və materialların hazırlanma qaydaları və informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirib.
Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoy açıb.
Seminarda Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Mirqiyas Rüstəmov gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində və eləcə də Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında hərbi proqram və materialların hazırlanmasının vacibliyindən, proqram və materialların hazırlanması prosesində teleradio əməkdaşlarının diqqət çəkməli olduqları qaydalardan danışıb.
O deyib ki, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə hərbi proqram və materialların hazırlanması prosesində mövcud qaydaların tətbiqi artıq öz müsbət nəticələrini verməkdədir. Bunun nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hissə və bölmələrdən kənara informasiya təhlükəsizliyi qaydalarına zidd olan, əməliyyat şəraitinə mənfi təsir edən məlumatlar yayılmır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Abil Orucəliyev “Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi” mövzusunda məruzə edərək qanunvericilikdə informasiya fəaliyyətinin hüquqi qaydaları və kütləvi informasiya vasitələrinin hərbi informasiya təhlükəsizliyi sahəsində əməl etmələri vacib olan normativ-hüquqi aktlar barəsində danışıb.
Seminarda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının baş məsləhətçisi Ləman Nəcəfzadə “Hərbi informasiya təhlükəsizliyinin qorunmasında teleradioların rolu və jurnalistlərin vəzifələri” mövzusunda çıxış edib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
Xəbərlər şöbəsi