24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən muzeyləri kollektiv ziyarətlər davam etdirilir.
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və struktur qurumlarının kollektivləri Hüseyn Cavidin ev-muzeyində, Dövlət Sosial Müdafiə Fondunun və Mərkəzi Seçki Komissiyasının kollektivləri Xatirə Muzeyində olublar.

Xatirə Muzeyinin ziyarətçiləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar ilə tanış olublar. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi ziyarətçilərin muzeylə daha yaxından tanış olmasına imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları isə Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət ediblər.
Həmin gün Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar. Muzeyin ziyarətçilərinə məlumat verilib ki, görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsənətinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub. Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı insan olub. Buna görə idi ki, bütün varlığı ilə sevdiyi Vətəninin gözəl guşələrini məhz öz sehrli fırçası ilə kağıza köçürüb, rənglərdən yaranan bir sənət dünyası yaradıb. Sənətkarın bütün qəlbi ilə sevdiyi Naxçıvan onun əsərlərində xüsusi məhəbbətlə təsvir olunub.
Adıçəkilən muzeylərdə olarkən ziyarətçilərin bir neçəsi ilə həmsöhbət olduq. Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Rahib Kərim­ov, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əsgərov, Mərkəzi Seçki Komissiyasının əməkdaşı Əli Qədimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sahir Rüstəmov və başqaları ilə söhbət zamanı belə bir fikir ifadə olundu ki, qədim diyarımızın zəngin tarixini, mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylərimiz mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsinin, elmi dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan muxtar respublika rəhbərinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı böyük minnətdarlıqla qarşılanıb, muzeylərin ziyarət edilməsi artıq ənənəyə çevrilib. Bu qəbildən ziyarətlər zamanı əməkdaşlarda milli-mədəni irsimizə məhəbbət hisləri güclənir, onlar zəngin tarixi keçmişimizlə yaxından tanış olurlar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR