Zəngin tarixə, böyük elmi irsə malik Azərbaycan xalqı görkəmli ictimai xadimlər yetirmişdir. Bu baxımdan Azərbaycanın ən qədim diyarı, şəhər mədəniyyətinin 5000 ildən artıq yaşı olan Naxçıvan torpağı tarixə tanınmış sülalələr, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan diyarının görkəmli yetirmələrindən, tarixi şəxsiyyətlərindən biri də ilk farsca-azərbaycanca lüğətin müəllifi Hinduşah Naxçıvanidir.
Hülakü xan İran, İraq, Qafqaz və Anadoluya hakim olanda elxan titulunu aldı. Beləliklə, onun yaratdığı yeni dövlət Elxanlı (elxani) adını aldı. Elxanlıların ən mühüm paytaxtları Təbriz və Marağa şəhərləri olmuşdur. Elxanlılar ədəbiyyat, mədəniyyət və ticarətə, təbiət elmlərinə, tarixçiliyə böyük əhəmiyyət vermişlər. Bu dövlətin vaxtında nücum (astronomiya), riyaziyyat, tibb, fəlsəfə, tarix və coğrafiya kimi elm sahələrində tanınmış elm xadimləri yetişmiş, möhtəşəm əsərlər yazılmışdır. Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası Şərqdə nücum elminin mərkəzinə çevrilmişdir. Həmin dövrdə bir sıra elm adamları, tanınmış sülalələr Şərqin məşhur mədəniyyət mərkəzi halına gəlmiş Təbrizə, Marağaya yerləşmişdilər. Bu sülalələrdən biri də Səncər ibn Abdulla ən-Naxçıvani sülaləsidir. Nəvə Məhəmməd Naxçıvaninin yazdığına görə, bu sülalə Naxçıvan bölgəsinin Kiran şəhərindən çıxıb.
Səncər Naxçıvaninin üçüncü oğlu Fəxrəddin Əbülfəzl Hinduşah əs-sahibi dövrün filosofu, münəccimi, yazıçısı, tərcüməçisi, şairi, tarixçisi, dilçisi kimi tanınmışdır. 1245-ci ildə dünyaya gələn Hinduşah Naxçıvani Bağdadda Müstənsəriyə mədrəsəsində təhsil almışdır. Hinduşah Naxçıvani otuz yaşlarında ikən Kaşan hakiminin naibi vəzifəsində işləmiş, sonralar Müstənsəriyə mədrəsəsində müdərris olaraq çalışmışdır. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Əli ibn Ömər əl-Qəzvini əl-Katibinin məntiqə dair “Came əl-dekaik fi əl-həqaiq” əsərinin üzünü köçürmüşdür. Bu əlyazma nüsxəsi Qahirədə Ərəbşünaslıq İnstitutunun əlyazmalar bölümündə mühafizə edilməkdədir.
Onun fars və ərəb dillərində yazdığı şeirlərdən parçalar oğlu Məhəmməd Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib” adlı əsərində günümüzə qədər gəlib çıxmışdır. Eyni zamanda oğlunun “Sihahül-fürs” lüğətində də ata Naxçıvaninin farsca şeirlərindən, təxminən, 50 beyt yer almaqdadır. Dövrün görkəmli elm və dövlət xadimi kimi tanınmış Hinduşah Naxçıvani Fəxrəddin (dinin fəxri) tituluna layiq görülmüşdür.
Hinduşah Naxçıvaninin zəngin elmi irsindən bizə “Təcarüb əs-sələf” və “Əs-sihah ül-əcəmiyyə” adlı əsərləri və 1307-ci ildə Təbrizdə ərəbcə olaraq yazıb bitirdiyi “Məvarid əl-ərab” adlı antologiyası gəlib çatmışdır. “Təcarüb əs-sələf” (1324) adlı tarixə aid əsərini Hinduşah Naxçıvani Böyük Lur atabəyi Nüsrətəddin Əhməd ibn Yusif şaha (1296-1330) ithaf etmişdir. “Təcarüb-əs-sələf” Əməvi və Abbasi xəlifələri və vəzirlərinə həsr olunsa da, müəllif yeri gəldikcə zəmanəsinə aid məsələlərə toxunur, haşiyə çıxaraq öz dövrü barədə məlumat verir, müasirlərindən bəhs edir. Əsərdə Cüveyni ailəsinə böyük ehtiram bəsləyən Hinduşah Naxçıvani Vənənd kəndində Şəmsəddin Məhəmməd Cüveyni tərəfindən layiqli xanəgah tikildiyini xəbər verir.
Qeyd edək ki, Azərbaycan lüğətçiliyinin tarixi çox qədimdir. Bu sahədə nəsrlə yazılmış ilk lüğət isə XIII əsrin sonlarında Hinduşah ibn Səncər Naxçıvaninin qələmindən çıxmışdır.
Hinduşah Naxçıvaninin “Əs-sihah ül-əcəmiyyə” əsəri uzun müddət nəşr olunmamış və müxtəlif mübahisələrə səbəb olmuşdur. Əsəri elm adamları uzun müddət yanlış olaraq onun oğlu Məhəmməd Naxçıvaninin “Sihahül-fürs” əsəri ilə eyniləşdirmişlər. Amma 1963-cü ildə Azərbaycan şərqşünası H.Zərinəzadənin xidməti sayəsində əsərin əlyazma nüsxəsi təsbit edilib gün işığına çıxarıldı və məlum oldu ki, bu əsər “Sihahül-fürs” deyil və onu Hinduşah Naxçıvani qələmə almışdır. “Əs-sihah ül-əcəmiyyə” lüğətinin müəllifi haqqında müzakirələrin uzanmasına səbəb olan amillərdən biri də əsərin müqəddimə hissəsində onun müəllifinin adının yazılmaması olmuşdur (amma 1463-cü ildə əsərin üzü köçürülmüş Kembric nüsxəsində onun Hinduşah ibn Səncər tərəfindən yazıldığı bildirilmişdir). Əsərin “Əs-sihah ül-əcəmiyyə” adlandırılmasının səbəbini müəllif ərəbcə olaraq yazılmış bölmədə bu şəkildə açıqlayır: “Kitab Cövhərinin “Əs-sihah ül-ərəbiyyə”sinin üslubunda yazıldığı üçün onu “Əs-sihah ül-əcəmiyyə” adlandırdım”. Əsərin dünyanın müxtəlif kitabxanalarında 30-a qədər əlyazma nüsxəsi olduğu mənbələrdə qeyd olunmuşdur. Dəyərli bir lüğət xarakteri daşıyan bu əsəri, ilk olaraq, Qulamhüseyn Beqdeli 1982-ci ildə Bratislava nüsxəsi əsasında nəşr etdirmişdir.
Əsər üç hissədən, yəni ərəbcə müqəddimə, farsca-türkcə lüğət və ərəbcə yazılmış fars dilinin qrammatikasından ibarətdir. Müəllif tərtib etdiyi lüğət haqqında yazır: “Mötəbər kitabların çoxunun farsca yazıldığını və lüğətlə əlaqədar bunlara maraq göstərənlərin çoxunun qeyri-farslar olduğunu görüncə o güvənilir kitablarda olanlardan yararlanmaq istəyən bütün taliblər üçün asanlaşdırıcı bir tərzdə topladım”.
XI-XIII əsrlərdə tərtib edilmiş farsca lüğətlərə nisbətən “Əs-sihah ül-əcəmiyyə”nin leksik tərkibi çox zəngindir. Lüğətdə 10 minə yaxın türkcə sözdən istifadə edilmişdir. Əsər 31 bab, 393 fəsildən ibarətdir. Müəllif lüğətində fars mənşəli sözləri seçib verməyə səy göstərməsinə baxmayaraq, çox qədim dövrlərdən qonşu dilə keçmiş və tanınmaz hala düşmüş bir sıra türk mənşəli leksik vahidləri də fars hissəsinə daxil etmişdir.
“Əs-sihah ül-əcəmiyyə” türk və fars leksik vahidlərinin geniş şəkildə tədqiqata cəlb edilməsi baxımından hər iki xalqın leksikologiyası tarixində ilk təşəbbüs olaraq diqqəti çəkir. Əsərdə qədim türk mənşəli sözlər öyrənilmiş, sözün məna xüsusiyyətlərinin düzgün bir şəkildə açıqlanmasına diqqət göstərilmişdir.
Əsərin farsca-türkcə lüğət bölümündə adlar və feillər ayrı-ayrılıqda nəzərdən keçirilmişdir. Bir məsələni də qeyd edək ki, əsərdə Azərbaycan dili ifadəsi də işlədilmişdir. Doğrudur, tədqiqatçılar bu ifadənin hələ XI əsrdə Əbu Reyhan Biruni (973-1048) və Xətib Təbrizi tərəfindən (1030-1109) işləndiyini göstərirlər.
Hinduşah Naxçıvaninin “Əs-sihah ül-əcəmiyyə” lüğəti dilimizin tarixini öyrənmək baxımından çox qiymətli bir mənbədir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü