24 Dekabr 2024, Çərşənbə axşamı

(Əvvəli qəzetin 12 sentyabr 2015-ci il tarixli nömrəsində)

“Kitabi-Dədə Qorqud” dastanları Naxçıvanla da xeyli dərəcədə bağlıdır. Çünki eposda göstərilən, baş verən hadisələr, bir sıra boylarda adıçəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur (Şəruk) kimi coğrafi adlar Naxçıvan ərazisindədir. Son illərə qədər tədqiqatçılar Naxçıvanla bağlı ancaq bu toponimlərdən bəhs edirdilər. Lakin yer-yurd adlarının sayı daha çoxdur.
“Kitabi-Dədə Qorqud” dastanlarında təsvir edilən bir sıra tarixi hadisələrin məhz Naxçıvan ərazisində baş verdiyi göstərilir. Oğuzların güclü bir qolu Azərbaycanın cənubunda, Naxçıvan, Urmiya regionlarında və Anadoluda məskunlaşmışlar. Naxçıvan ərazisində mövcud olan qədim qəbir abidələri minillərboyu xalq arasında “oğuz qəbirləri” adlandırılmışdır. Bu abidələrə ən çox Naxçıvanın qala şəhərinin, Əlincəqala və Oğlanqalanın yerləşdiyi ərazilərdə rast gəlinir.
Naxçıvan ərazisinin toponimlərin in ən yaxşı tədqiqatçısı sayılan coğrafiyaşünas-alim, professor Səfərəli Babayev “Kitabi-Dədə Qorqud” dastanlarında adıçəkilən 50-dən çox yer adlarının, hidronimin Naxçıvanda bu gün də qorunub saxlandığını qeydə almışdır.
Professor Səfərəli Babayev müəyyən etmişdir ki, “Kitabi-Dədə Qorqud”la əlaqədar olan toponimlər Naxçıvan Muxtar Respublikasının, əsasən, üç regionunda yerləşir:

1. Arazboyu düzənlik və alçaq dağlıq sahədə (Sədərək, Qaraçoban, Şərur, Böyükdüz düzləri, Əyrək, Qazançılı, Qazançılar, Qaraçuğ kəndləri, Dərəşam qədim yaşayış məntəqəsi, Dərəşam suyu, Qara dərə).
2. Orta dağlıq sahədə (Əlincə qalası, Ağ qaya, Qazançı kəndi, Qazançı qalası, Qaraquc Dərbəndi, Məkkəz Dərbəndi, Sirab Dərbəndi, Günortac (Günorta daşı), Qaradağ).
3. Yüksək dağlıq sahədə (Salaxan qayası, Qaracuq (Qaraquş) dağı, Qazan yaylağı, Altuntaxt, Buğaçeşmə, Köksügözəl, Göy dağ (Göyçə dağı), Göy göl, Qazangöl aşırımı, Qazangöl dağı, Qazanköç yaylağı, Qazan yurdu və bunlarla, bilavasitə, əlaqədar olan Nəbi yurdu, Gəmiqaya və sair).
Dastanlarda adıçəkilən Səkrək, Əkrək, Qaraca Çoban, Buğac və başqa adlarla Naxçıvanda neçə-neçə yer adları mövcuddur. Oğuzun məşhur sərkərdəsi Salur Qazan adı və onunla bağlı qəhrəmanlıqlar Naxçıvan əhalisinin dilində, yaddaşında yaşamışdır. Qazan xanın adı ilə bağlı Əlincə qalası yaxınlığında Qazançı kəndində qala-şəhər, Ordubad rayonu ərazisində Qazan yurd-yaylağı və sair toponimlər vardır. Dastanlardan aydın olur ki, Qazan xan oğuzların Salur (Salur Qazan) boyundandır. Fikrimizcə, Saltaq kəndinin adı da bu tayfa ilə bağlıdır. Dastanda onun adının əvvəlində işlənmiş “Qaraçuğun qaplanı” epiteti də maraq doğurur. Dastanı söyləyən və onu düzüb-qoşan həmin bədii təyini işlətmişdir. Maraqlıdır ki, onun sədaqətli çobanı da Qaraçuq Çoban adlanır. Qaraçuq leksik vahidi Salur tayfasından olan bir eli, tirəni və ya Qazan xanın yurdunu bildirməkdədir. Etnonimdən – tayfa adından törənən toponimlər (Qaraçuq, Qaraçalar, Qaraca və sair) ilk vaxtlar qaraca köməkçi ad kimi işlənmiş, sonra şəxs və tayfa adında ifadə olunmuş, daha sonra isə həmin adlar toponimə çevrilmişdir. Bu hal bir sistem kimi bütün türk ellərinin, eləcə də Azərbaycanın toponimiyasında mövcuddur.
Ordubad rayonu ərazisində olan Qazangöl dağı, Qazanyurd, Əlincə yaxınlığındakı Qazanqala, Culfa rayonundakı Qazançı və sair toponimlər Oğuz qəhrəmanı olan Qazan xanı xatırlatmaqdadır. Qazançı kənd adı əşya ilə yox, şəxs adı ilə bağlıdır. Onun mənası “Qazanın tərəfdarı” deməkdir.
“Kitabi-Dədə Qorqud” dastanlarında qeyd olunan bir sıra mühüm tarixi-coğrafi yer adları Naxçıvan diyarının ərazisinə aiddir. Əsərdə Ağcaqala və Sürməlik adları bəzən eyni, bəzən də müxtəlif yer adları kimi verilmişdir. Bu məskənin Arpaçay vadisində, indiki Naxçıvan torpağında yerləşdiyi göstərilir.
Qeyd etmək lazımdır ki, Sürməlik adlı kənd Culfa rayonu ərazisində Əlincəqala yaxınlığında da vardır.
“Ulu qoca oğlu Seyrək boyu”nda məşhur Əlincəqalanın və Şərukun (Şərurun) adları çəkilir və baş vermiş hadisələrdən bəhs olunur: “Tərsuzamışın sözü Əyrəyə təsir elədi. Durdu Qazan bəydən yürüş üçün icazə istədi. İzin verildi. Çağırdılar, döyüşçülər yığıldı. Üç yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi. Meydanda beş gün yemək-içmək oldu. Ondan sonra Şirakuz (Şərur) kənarından Göyçə dənizinədək sahəni çapıb taladılar. Böyük qənimət əldə etdilər. Əyrəyin yolu Əlincə qalasına düşdü. Qara Təkür orada bir qoruq düzələndirmişdi... Quşlardan bu dairəyə qaz, toyuq, heyvanlardan keyik, dovşan doldurub buranı oğuz igidləri üçün tələ etmişdi”.
Əlincə “Dədə Qorqud”da qala kimi xatırlanır. Naxçıvanda daha bir Əlincə kənd adı da var. Bir sıra tədqiqatçıların fikrincə, həmin qala və kənd adları eyni adın müx­təlif fonetik tələffüz formalarıdır. “Naxçıvan sancağının müfəssəl dəf­təri”ndə də Əlincə azərbaycanlı kəndi kimi göstərilmişdir. Əlincə toponiminin yayılma arealı çox geniş olmuşdur. Ərincə adlı yaşayış yerləri adları Göyçə, Ərzurum, İran, Ağbaba elində, mesxeti türklərinin vətəni olan Axsqa şəhəri yaxınlığında da olmuşdur. Çox güman ki, bu toponimlər öz mənşəyini “ərincə” adlı tayfanın adından almışdır. M.Kaşğarlının “Divani-lüğət-it türk” əsərində də erincə-ərincə formasında leksik vahid xatırlanır. Əlincə-Ərincə modelində Naxçıvanda Qaraca, Qızılca, Yarımca, Əyricə, Yengicə və başqa kənd adları vardır.
“Dədə Qorqud”un “Uşun Qoca oğlu Səkrək boyu”nda iki yerdə Dərəşam toponimi xatırlanır: “Dərəşam ucundan keçdi”, “Dərəşam suyunu dəlüb keçdilər” və sair. Elə həmin boyda ərquru yatan Aladağ və Əlincə qalası toponimləri də xatırlanır. Burada ərquru, yəni köndə­lən yatan Aladağ dedikdə Naxçıvandan görünən Ağrı və ya Ələyəz dağı nəzərdə tutulur. Aladağ Ələyəz dağının ikinci bir adı kimi işlədilir.
XVIII əsrin 20-ci illərində Naxçıvan osmanlıların tabeliyində olarkən Dərəşam 315 kəndi birləşdirən nahiyə kimi Naxçıvan sancağının tərkibində idi. İndi Babək rayonunun Nehrəm kəndi ətrafında Birinci Dərəşam və Dərəşam kənd adları qalmaqdadır. Bu toponimin tərkibindəki “dərə” leksik vahidi müasir dilimiz üçün aydın olan coğrafi termindir, “şam” isə Naxçıvan və Zəngəzur bölgələrinin kəndlərində dialekt söz kimi işlənir. Məsələn, Alıbəyli şamı, Abbas bəy şamı, Mincivan şamı, Muğanlı şamı (Zəngilan), Qız şamı, Ordubad şamı (Ordubad). Toponimin tərkibindəki şam dialekt söz olaraq çayın durğun yerində bitən qamışlığı bildirir.
Naxçıvan şəhəri yaxınlığında olmuş, indi şəhərin tərkib hissəsinə çevrilmiş Qaraçuq toponimi Oğuz qəhrəmanlarından Qaraca çobanla, Kəngərli rayonu ərazisində yerləşən Böyükdüz Bəkdüz Əmənin adı ilə bağlıdır. Qaraçuq-Qaraçıq adlı etnotoponimlər Qafqazda, Krımda, Bolqarıstanda, Orta Asiyada, İran və Türkiyədə də geniş yayılmışdır. Professor S.Babayev Naxçıvanın “Dədə Qorqud”la əlaqədar yer adlarını üç qrupa bölmüşdür:
Adları birbaşa “Kitabi-Dədə Qorqud”da göstərilən coğrafi obyektlər. Belə obyektlərin sayı 16-dır: Ağ qaya, Altuntaxt, Qara dərə, Qaraçuğ, Qaraquc (Qaraquş) dağı, Qara dağ, Dərbəndlər, Dərəşam, Dərəşam suyu, Əlincə qalası, Köksügözəl, Günortac, Salaxan qayası, Şəruk (Şərur), Göyçə dənizi (Göy göl), Göyçə dağ.
Dastanın qəhrəmanlarının və oğuz tayfalarının adlarından törəndiyi güman edilən toponimlər: Sədərək, Qaraçoban, Böyükdüz düzləri; Sədərək, Səyrək, Əyrək, Qazançı, Oğuz daşı, Daş qışlağı, Aşağı Daşarx, Yuxarı Daşarx, Qazançılar, Qazançılı və Bayat əşrətinin kənd­lərini, Buğaçeşməni, Qazan gölü, Qazan yaylağı, Qazanköçü, Sarı ağılı, Sarı bulağı, Sarı dağı və başqalarını göstərmək olar. İkinci qrupa daxil olan coğrafi obyektlərin adları içərisində dastanın baş qəhrəmanı Qazan xanın adı ilə əlaqədar olan toponimlər çoxluq təşkil edir. Onlar muxtar respublikanın 4 regionunda (Ordubad, Culfa, Babək, Şərur) yerləşir: Qazangöl dağı, Qazangöl aşırımı, Qazanköç yaylağı, Qazan yurdu, Qazangöl; Qazançı kəndi, Qazançı qalası, Qazançı gölü, Qazançı mineral bulağı; Qazan yaylağı, Qazan yurdu, Qazan bulaq, Qazan yoxuşu, Qazan çuxuru, Xan yurdu, Altuntaxt; Xan bulağı, Qazançılar, Qazançılı kəndləri.
Naxçıvan ərazisində Qazan xanın adı ilə əlaqədar 20-yə qədər toponimin olmasını, onların bir-birinin yaxınlığında dörd qrupda yerləşməsini təsadüfi hesab etmək olmaz. Bunlar, bilavasitə, Salur Qazanın adı ilə əlaqədar yaranmışdır.
Uşun Qoca oğlu Səkrəyin adından Sədərək kəndi, Sədərək düzü toponimləri, Əkrəyin adından isə Əyrək kəndləri adının yaranmasını demək olar. Fikrimizcə, Səkrək və Əkrəyin atası Uşun Qoca Oğuz ellərinin Sədərək, Şərur, İqdır, Qaraçuğ bölgəsinin hakimi imiş, Böyükdüz dastanının qəhrəmanlarından Bükdüz Əmənin, Qaraçoban düzü Qaraca Çobanın, Sarı ağıl, Sarıbulaq, Sarı dağ Qopuz Qoca Sarı Çobanın, Buğaçeşmə Buğacın adını yaşadan toponimlərdir. Dastanda boyat boyundan bəhs olunur. Naxçıvan ərazisində mövcud olmuş Ağgül kəndi, Nəcəf və Zülfüqar qışlaqları Bayat tayfası ilə əlaqədardır.
Üçüncü qrup toponimlərə yuxarıda göstərilən toponimlərdən törəyən mikrotoponimlər daxildir. Bunlara misal olaraq Qazan yurdu, Qazan yoxuşu, Qazan çuxuru, Qazan bulağı, Buğaçeşmə dərəsi, Salaxan dərəsi, Salaxan yurdu və başqa mik­rotoponimləri göstərmək olar.
“Kitabi-Dədə Qorqud” dastanlarında Uşun Qocanın oğlanları Əkrək və Səkrəyin səfərlərinin istiqaməti, rastlaşdıqları coğrafi obyektlər, Salur Qazanın qoyunlarının hansı Dərbənddə saxlanılması, Qaraçuğun, Qaraquçun, Göyçə dənizinin harada yerləşməsi məsələsi qorqudşünaslar tərəfindən müxtəlif cür izah edilmişdir. Bu məsələlərə professor Səfərəli Babayev aydınlıq gətirmiş və göstərmişdir ki, “Əkrək öz səfərinə şimaldan deyil, Naxçıvan diyarının qərbindən Şərukun (Şərurun) ucundan başlayır, Göyçə dənizə (Göy gölə) təkin çapıb-talayır, oradan qayıdarkən Əlincə qalasında əsir düşür. Qardaşını axtarmağa gedən Səkrək də həmin istiqamətdə hərəkət edib, Dərəşam ucundan keçir, qardaşının əsir olduğu Əlincə qalasına gəlir, onu azad edir, Dərəşam suyunu keçərək oğuz elinə qayıdırlar”.
Naxçıvan bölgəsində xeyli yer-yurd, çay, qala adlarının eposla bağlı olduğunu qeyd etdik. Bundan başqa, Naxçıvan ərazisindəki Şahbuz, Buzqov yer adlarındakı “buz” şəkilləri Midiya tayfalarından biri olan “bus” qəbiləsinin adını yaşadır. “Buz”, “bus”, eləcə də “bos” oğuzların əsas tirəsi sayılan “boz oğ”lardır. Hələ erkən əsrlərdə Naxçıvanda məskunlaşmış türkeş, peçenek, kənkər, az, ahur, şada, yayçı, qarabağlar, qaraçuq, qızılca və digər tayfa adları Naxçıvanın coğrafi adlarında öz əksini tapmışdır ki, bunların bir qisminə “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlinir.
Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud”da ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Çünki Dədə Qorqud toponimləri Qorqud atanın torpağa basılmış türk-oğuz möhürüdür. Bu mühüm elmi nəticə hələ də Naxçıvana ərazi iddiaları xülyası ilə yaşayan bədnam qonşularımıza çox tutarlı cavabdır.
Naxçıvan Muxtar Respublikasında “Dədə Qorqud”la səsləşən yer adları ilə bağlı onlarla əfsanə və rəvayətlər də mövcuddur ki, xalqımız bunları da yaşadır. “Ağ qaya”, “Qız-gəlin qayası”, “Daşlaşan-heykəlləşən analar”, “Yeddi bulaq (Yeddi bacı)”, “Oğlanqala-Qızqala”, “Adamyeyən Kəlləgöz qəhrəman”, “Matı ilə ayının əfsanəsi” və başqa əfsanə və rəvayətlər “Dədə Qorqud”la səsləşir və bunlar təsadüfən yaranmayıb.
Beləliklə, “Kitabi-Dədə Qorqud” dastanlarında əksini tapan ictimai-siyasi hadisələr, əsasən, Azərbaycan ərazisində baş vermiş və bununla da, Azərbaycanın qədim oğuz türklərinin məskəni olduğunu bir daha təsdiq edir. Dastanlar oğuz türklərinin şəcərəsi, soykökü, onların həyat tərzi, məişəti, adət-ənənələri barədə məlumat verən elmi qaynaq, tarixi mənbədir.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR