Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz əksini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Naxçıvanda qədim istehsal sahələrindən biridir.
Azərbaycan xanlıqlarının dövründə dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikası öndə olub. Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Bu xanlığın sovet Rusiyası tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışıb. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan xanı Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat verilir. Ümumiyyətlə, muxtar respublikada aparılan arxeoloji qazıntılar zamanı müxtəlif məişət əşyaları – küpə, kasa, boşqab, badya və sair tapılıb ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları olub. Bundan başqa, arxeoloji qazıntılar göstərib ki, Naxçıvanda dulusçuluq sənəti yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşıb. Burada istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə çox yüksək səviyyəyə çatıb. Su kəmərləri üçün saxsı boruların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalı da Naxçıvan dulusçularının əsas məşğuliyyətlərindən olub.
Saxsı məişət əşyalarının hazırlanması sənəti olan dulusçuluq bizə ulu babalarımızın miras qoyduğu sənətdir. Yaxşı ki, müstəqillik illərində xalqımızın tarixi keçmişini yaşadan sənət nümunələrindən biri olan dulusçuluq sənətinin inkişafı üçün də böyük qayğı göstərilir. Naxçıvan şəhərində fəaliyyət göstərən xalq yaradıcılığı emalatxanasında dulusçuluqla məşğul olan Arzu Novruzov deyir ki, muxtar respublika ərazisində aparılan arxeoloji ekspedisiyalarda könüllü olaraq iştirak edib, burada tapılan sənət nümunələri onda dulusçuluğa həvəs oyadıb. Beləliklə, o, bu sənətlə həvəskar olaraq məşğul olmağa başlayıb.
Saxsı qabların hazırlanma qaydaları haqda danışan müsahibim bildirdi ki, təmiz saxsı qabların uzunömürlülüyü bu məişət əşyalarının hazırlanma texnologiyasından asılıdır. Bu məişət əşyalarının hazırlanmasında əsas material olan gil yaxşı seçilməli, gilin yoğrulması prosesi tələm-tələsik həyata keçirilməməlidir. Keyfiyyətli saxsı qabın üstünə nə qədər ağırlıq salsan da, o sınmamalıdır. Saxsı qablar bir-birinə dəydikdə keramika səsi çıxmalı, hazır məmulat qızılı rəngə çalmalıdır. Naxçıvanda min illər bundan öncə dulusçuluq sənəti özünün zirvəsində olub. Bəlkə də, elə buna görədir, son illərdə muxtar respublikada aparılan arxeoloji qazıntılar zamanı tapılan saxsı qab məmulatlarının çoxu bütöv şəkildə muzeylərimizdə tamaşaçıların nümayişinə çıxarılır.
Keyfiyyətli gili Babək rayonunun Vayxır kəndinin və Şahbuz şəhərinin ətraf ərazisindən əldə etdiyini deyən həmsöhbətim bu sənətlə peşəkar səviyyədə məşğul olmaq üçün çalışdığını dedi və qeyd etdi ki, qədim sənətlər bizim tariximizdir. Mənə elə gəlir ki, bu sənət üçün doğulmuşam. Nə yaxşı ki belə bir sənətlə tanış oldum. Bilirəm ki, Naxçıvanda dulusçuluqla məşğul olan təkcə mənəm. Bu da üzərimə əlavə məsuliyyət qoyur. Vaxtilə Naxçıvanda geniş yayılmış bu sənəti gələcək nəsillərə ötürməli, milli dəyərlərimizi yaşatmalıyıq.
Səbuhi HÜSEYNOV