Mənimlə çoxları razılaşar ki, Naxçıvan toylarını qara zurnasız təsəvvür etmək qeyri-mümkündür. Ancaq etiraf etmək lazımdır ki, son illərdə şadlıq saraylarında təsadüfən zurna səsinə rast gəlirsən. Düzdür, kənd toylarında, xüsusilə də Şərur və Şahbuz rayonlarında qara zurnaya daha çox üstünlük verirlər. Çünki elə Naxçıvanın emblemi sayılan yallılarımızın əksəriyyəti zurna ilə müşayiət olunanda daha xoş təsir bağışlayır. Belə demək mümkündürsə, yallılarımızda rəqqasların tamaşaçıya çatdırmaq istədiyi emosiyanı qara zurna ilə daha canlı ifa etmək mümkündür.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda bu sənəti yaşadanlar az deyil. Onlardan biri Şərur rayonundan olan Ələsgər Mirzəyevdir. O, təkcə rayonda deyil, ölkəmizdə də tanınır. Şərur rayonunun Dərəkəndində anadan olan Ələsgər heç bir musiqi təhsili almayıb. Ancaq nəfəsli musiqi alətlərini çox böyük sənətkarlıqla ifa edir. Onun çalğısında türkün qədimliyi, mübarizliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur. Bu çalğıdan ulu babalarımızın səsi ucalır.
Budur, Ələsgər dayının evindəyəm. Onunla söhbətə sənətə gəlişindən başladıq:
– Dünyaya göz açandan eşitdiyim bir səs var idi – zurna səsi. Atam İsa da bu sənətlə məşğul olub. Bir gün atamdan xahiş elədim ki, mənə də zurnada ifa etməyi öyrətsin. O dedi ki, hələ sənin üçün tezdir. Lakin mən əl çəkmədim. Nəhayət, atam mənimlə razılaşdı və mənim ifamı eşidəndə heyrətləndi. O gündən məni də öyrətməyə başladı. 10 yaşım var idi. Bir gün atam Bakı şəhərinə getmişdi. Qonşuluqda toy var idi. Atamın zurnasını götürüb mən də toya getdim. Bu toyda ifamı bəyəndilər. Elə həmin toydan indiyə kimi çox toylarda iştirak edirəm. Bolqarıstan, Ərəbistan və digər xarici dövlətlərdə çıxışlarım olub. İndi də xarici dövlətlərə dəvət alıram. Türkiyə Respublikasının müxtəlif şəhərlərində toylarda iştirak edirəm.
Və əlavə edir:
– Toyu zurnasız təsəvvür etmirəm. Bu qədim musiqi alətini unutmağa heç birimizin haqqı yoxdur. Bir zamanlar bir-birindən gözəl, ruhumuzu qidalandıran xalq mahnılarını əvəzləyən, bəsit musiqisi və mənasız sözləri ilə təqdim olunan bəzi “mahnılar”, təəssüflər olsun ki, əksər şadlıq evlərinin repertuarında əsas yerləri tutur. Bəs hanı bizim “Uzundərə”, “İnnabı”, “Heyvagülü”, “Xançobanı”, “Qaytağı” kimi milli musiqilərimiz, damarımızda qanımızı coşduran yallılarımız? İştirak etdiyim toylarda görmüşəm ki, zurna səsi eşidiləndə toy sanki qaynayır. Ona görə də bu sənət yaşadılmalıdır.
Ələsgər Mirzəyevin iki oğlu da bu yolu davam etdirir. Böyük oğlu Vüsal isə artıq, demək olar ki, rayonda tanınmış zurna ifaçıları sırasına daxil olub.
Milli sərvət sahiblik sevir. Laqeydlik, unutqanlıq dəyərlərimizin əldən getməsinə səbəb ola bilər. Gəlin, biz öz milli sərvətlərimizin keşiyində dayanaq, onu qoruyaq və gələcək nəsillərə çatdıraq. Bu, hər birimizin vətəndaşlıq borcudur.
Sara Əzimova