Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu bir çox dünya səviyyəli arxeoloji abidələrin, məscidlərin, qədim və orta əsr memarlığının incilərindən sayılan tarixi qalaların mərkəzidir. Bu abidələr tarixçilər və xarici qonaqlarda heyranedici təəssüratlar yaratmış və dünya tarixinin gələcəkdə öyrənilməsi üçün yeni perspektivlərə yol açmışdır. Ordubad dağlıq əraziyə malikdir. Buradakı tarixi araşdırmalar, İpək Yolu ticarət marşrutu və dini incəsənətin mavi izləri çox əsrlərboyu Azərbaycan xalqının dünya tarixinə və Avrasiya qitəsində mədəniyyətin inkişafına göstərdiyi xidmətlərdən xəbər verir.
Gülüm-Gülüm abidəsi Ordubad rayonunda yerləşən tarixi abidələrdən biridir. Bu abidə Nəsirvaz kəndinin yaxınlığındakı dağın cənub-qərb yamacında aşkar edilmişdir. Arxeoloji araşdırmalar zamanı həmin ərazidə iri daşlarla hörülmüş müdafiə divarları və yaşayış binalarının qalıqları aşkar olunmuşdur. Müdafiə divarları yanlardan iri qaya parçalarından hörülərək onların arası kiçikhəcmli daşlarla doldurulmuşdur. Bəzi yerlərdə müdafiə divarının uzunluğu 35 metrə çatır. Divarın eni müxtəlifdir. Onun qalınlığı 1,2-1,5 metr arasındadır. Qalanın yaşayış yerinin ərazisində dördkünc formada inşa olunmuş yaşayış binalarının qalıqları da vardır. Onların böyük bir qismi dağ uçqununun altında qalaraq dağılmışdır. Araşdırmalar göstərir ki, yaşayış yerindən uzun müddət, XV əsrə qədər istifadə olunmuş, orta əsrlərdə isə bağ yerinə çevrilmişdir. Deyilənlərə görə, burada ağanın bağı olmuş və o bağda hər növ meyvədən əkilmişdir. Yaşayış yerinin tikinti qalıqlarına əsasən, buranı e.ə I minilliyə aid etmək olar.
Gülüm-Gülüm piri Ordubad rayonunun Nəsirvaz kəndinin yaxınlığında yerləşir. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Giriş cənubdandır. Ölçüsü 4,5x3,1 metrdir. Divarların qalınlığı 90 santimetrdir. Pirin ətrafında aşkar olunan keramika məmulatı orta əsrlərə aiddir. Gülüm- Gülüm dağının əfsanəsinə görə, indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Əfsanəyə görə, kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül deyincə bütün çöl-çəmən gülzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilirmiş. Bir gün gəlin kefsiz olur. Elə bu vaxt dağın gəlim-gülüm çağırışına qarşılıq olaraq gəlin acıqlı-acıqlı “gəlirsən, gəl” deyir. Dağ gurultu ilə gəlib kəndi basır. Həmin pir binasını XIII-XIV əsrlərə aid etmək olar. Bu yer Ordubada səfər edənlər, tarixi öyrənmək üçün maraq göstərənlər və dünyanın bu hissəsində Naxçıvanın ən mühüm kəndində canlı sivilizasiya barədə biliklərini artırmaq istəyən insanlar üçün əlamətdar yerlərdən biridir.
Araz çayı vadisi də arxeoloji tədqiqatların aparılması üçün çox mühüm potensiala malikdir. Gülüstan türbəsi burada – Araz çayının sol sahilində yerləşir. Hazırda yaşayış yerinin ərazisində bir neçə yerdə möhrədən tikilmiş divarların qalıqlarına rast gəlinir. Onlardan birinin uzunluğu 48, eni isə 45 metrdir. Abidədə aparılan araşdırmalar zamanı çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika nümunələrinə rastlanır. Şirli qablar orta əsrlərin inkişaf etmiş dövrü üçün xarakterikdir. Tanınmış beynəlxalq arxeoloqlara görə, bu yaşayış ərazisi XI əsrin əvvəllərinə aiddir və Azərbaycan Respublikasının tarixi əhəmiyyətli yerlərindən biridir.
Araz çayı üzərindəki Gülüstan körpüsü, yaxud Ziya-ül Naxçıvaninin mülk körpüsü Naxçıvan memarlıq irsinin daha bir nümunəsidir. Gülüstan körpüsü Culfa rayonu yaxınlığında, Araz çayının toxunduğu dağın burulğan halda döndüyü yerdə yonulmuş daşlardan inşa olunmuşdur. Körpünün salınması buranın Böyük İpək Yolu üzərində mühüm mərkəz kimi əhəmiyyətini artırmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur. Onlardan birinin eni 28 qarış, digərinin eni isə 24 qarışdır. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var imiş. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirmiş. Körpünün salınma texnikası mahir mühəndisləri də heyran qoyurdu. Hazırda körpünün yalnız 5 dayağı qalmışdır. Birinci istisna olmaqla, bütün dayaqlar pis vəziyyətdədir. Bunlar üzlüyü qopmuş çaydaşı hörgüsü qalıqlarıdır. Salamat qalmış sahil dayağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür. Güman ki, onlar hörgünün içinə qoyulmuş ağac bağlayıcılarının yuvalarıdır. Belə oyuqlar digər dayaqların qalıqlarında da vardır. Körpü dayağının çaya baxan tərəfində nazik və hündür arakəsmələrlə 3 hissəyə bölünmüş geniş qapı yeri qalmışdır. Çayın içindəki ikinci dayaqda da 3 hissəli bölgünün izləri müşahidə olunur. Sahil dayağının dağa uzanan divar qalıqları orta əsr tarixçisi Şərəfəddin Əli Yəzdinin təsvir etdiyi karvansarayın xarabalıqlarıdır. Körpünün tikintisi üçün əsas inşaat materialları kimi əhəng məhlulundan istifadə edilmişdir. Tikinti massivinin müxtəlif hissələrində bu dövr üçün səciyyəvi olan dördkünc kərpic hörgüsü müşahidə olunur. Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqamətindən Naxçıvana gələrkən bu körpüdən keçmişdir. Xarabalıqlar xalq arasında “İsgəndər körpüsü” adı ilə də tanınır. XIV əsr tarixçisi Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” (Qəlblərin əyləncəsi) əsərində verdiyi məlumata görə, körpünü Ziya-ül Mülki Naxçıvani tikdirmişdir.
Ziyarət piri Şahbuz rayonunun Nursu kəndində yerləşən daha bir ziyarətgahdır. Pirin yerində vaxtilə tikinti olmuşdur. Hazırda pir binası bişmiş kərpiclə bərpa olunmuşdur. Giriş şimal tərəfdəndir. Binanın içərisində müsəlman adəti ilə dəfn olunmuş qəbir vardır. İçərisinə xalça döşənmiş və islam müqəddəslərinin şəkli asılmışdır. Pir XVIII-XIX əsrlərə aiddir.
Günorta daşı Kəngərli rayonu ərazisində, Çalxandağının yamaclarında hündürlüyü 1500 metrə çatan təbiət abidəsidir. Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fəsillərində əkin-biçin, sağın və sair təsərrüfat işləri zamanı günortanı səhvsiz göstərən Günorta daşından “saat” kimi istifadə etmişdir. “Günortac” toponimi “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatın yurdu kimi xatırlanır.
Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndinin mərkəzində tikilmiş tarixi abidədir. Məscidin üzərində kitabə olmasa da, yerli camaatın dediyinə görə, onu Hacı Hüseynqulu adlı nüfuzlu bir şəxs tikdirib. Dünyasını dəyişdikdən sonra həmin şəxs məscidin cənub divarının qarşısında dəfn edilib. Məsciddə olduğu kimi, qəbrin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbrin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə “Mərhum Hacı Hüseynqulu” sözləri həkk edilmişdir. Naxçıvanda ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində məscidin qərb tərəfindən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan olan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvarı birləşdirilib. Divarların qalınlığı 1 metrdir. Məscidin içərisində divarlarda 5 divariçi taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı vardır. Məscid təmir olunarkən divarlarında gəc üzərində rənglə dini məzmunlu kəlamlar yazılmışdır. Kənddəki yas mərasimləri bu məsciddə keçirilir. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş və o, bu torpağı qəbiristanlıq üçün camaata bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.
Hacı Məhəmməd Nəqi Naxçıvanda anadan olmuşdur və Azərbaycan memarlıq məktəbinin banilərindəndir. Ordubad rayonunun Dəstə kəndindəki məscidin kitabəsinin məlumatı ilə onun adı elmi dövriyyəyə daxil edilmişdir. Məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını hicri 1019-cu ildə (miladi 1610-1611) Əbdülxan Cavad oğlu əmr etmiş, ikinci kitabənin məlumatlarından isə aydın olur ki, məscid elə həmin vaxt Fəxr-ül Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Həmçinin ikinci kitabədə qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində hazırda qalıqları qalan və el arasında “Hacı Nağı körpüsü” adlanan körpünü də Hacı Məhəmməd Nəqi inşa etmişdir. XVI yüzilliyin ikinci yarısı – XVII yüzilliyin birinci yarısında yaşayan Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, o, zəmanəsinin məşhur sənətkarı olmuşdur.
Haçapara Naxçıvan-Əshabi-Kəhf yolunun sağ tərəfində, təpənin ətəyində olan arxeoloji abidədir. Buradakı yaşayış binaları dördkünc formalıdır. Binalar möhrədən tikilərək hər iki tərəfdən palçıqla suvanmışdır. Evlərin içərisində divarlarda yerləşdirilən buxarı və kiçik taxçalar vardır. Bəzi evlər çoxotaqlıdır. Araşdırmalar zamanı yaşayış yerlərindən son orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı əldə edilmişdir. Kəndin şimal tərəfində kəhriz vardır. Kəhriz buranın yeganə su mənbəyidir. Yaşayış yerinin yaxınlığında iki nekropol vardır. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən yaşayış yerini XVIII-XX əsrə aid etmək olar.
Heydər məscidi Şərur rayonunun Aşağı Aralıq kəndində XX əsrdə (1996-cı il) inşa edilən möhtəşəm dini abidədir. Məscid 419 kvadratmetr sahəsi olan ərazidə yerləşir. Binanın ümumi sahəsi 155 kvadratmetrdir. Məscidin həyəti dini simvollar, nəbati və həndəsi naxışlarla bəzədilmiş, dəmir məhəccərlərlə əhatə edilmişdir. Məscidin binası Şərq memarlıq elementlərini özündə əks etdirən müasir üslubda tikilmişdir. Bina ikimərtəbəlidir. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. Kişi və qadınların ibadət salonu üçün ayrıca giriş qoyulmuşdur. Kişilər binanın əsas fasadı sayılan cənub qapısından, qadınlar isə qərb fasaddakı qapıdan istifadə edirlər. Məscid daxildən və xaricdən düzbucaqlı formadadır. Divarların qalınlığı 50 santimetrdir. Bina düzxətli tavana əlavə olunmuş düzbucaqlı günbəz və binanın damında yerləşdirilmiş iki simmetrik minarə fiquru ilə tamamlanmışdır. Binanın günbəzində göy kaşılarla “Heydər məscidi” sözləri, əsas giriş qapısının üzərində isə Quran ayəsi yazılmış kitabə vurulmuşdur. Məscidin divarları xaricdən binaya abidə görkəmi verən qırmızı kərpic rəngi ilə boyanmış, qapı və pəncərələrin kənarları və eləcə də binanın küncləri ağ rənglə rənglənmişdir.
Naxçıvan sosial alimlər, arxeoloq tarixçilər, mədəniyyət və arxeologiyanın beynəlxalq nüfuzlu şəxsləri üçün cəlbedici bir ərazi olaraq qalmaqdadır. Yuxarıda qeyd olunan tarixi və dini abidələr Naxçıvandakı abidələrin yalnız bir neçəsidir. Bu abidələr qarla örtülmüş dağlar, silsilə dağlar üzərində olan qədim qalalar və təmiz su mənbələri ilə məşhur olan spiralvarı çayların verdiyi görüntü ilə daha da cəlbedici olmuşdur.
Peter TASE
30.07.2015
Amerika Birləşmiş Ştatlarının “Foreign Policy News” qəzeti