Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaqların intellektual səviyyəsinin yüksəldilməsi, peşə vərdişlərinə yiyələnməsi, onların musiqi təhsilinin inkişaf etdirilməsində mühüm rol oynayan məktəbdənkənar tədris müəssisələrindən biridir. Mərkəzin binası 2009-cu ildə tamamilə yenidən qurularaq, yeni avadanlıqlarla təmin olunaraq istifadəyə verilib. Burada bir çox dərnək, musiqi kollektivləri fəaliyyət göstərir. Həmin kollektivlərdən biri “Əlvan çiçəklər” mahnı və rəqs ansamblıdır.
1953-cü ildən fəaliyyət göstərən ansambl indiyə kimi öz fəaliyyətini uğurla davam etdirir. Ansamblın rəhbəri Teyyubə Cəfərovadır. O, 16 ildir ki, burada çalışır. Öz sənətinə qəlbən bağlanan Teyyubə xanım deyir:
– Hazırda ansamblda 80 nəfər müxtəlif rəqsləri öyrənir. Bu rəqs qrupunun öz yaş həddi vardır. 5 yaşından başlayıb 18 yaşına qədər olan yeniyetmə və gənclər rəqs qrupuna üzv ola bilərlər. Onların hamısının rəqsləri ustalıqla ifa etmələri üçün əlimizdən gələni əsirgəmirik. Bu, o demək deyil ki, uşaqların hamısı rəqqas olacaq. Elələri var ki, onları bura ötəri həvəs gətirir. Lakin bu uşaqların bizim məşqlərə 5-6 ay müntəzəm gəlməsi belə, bizim üçün uğurdur. Çünki özünün böyümə çağını yaşayan yeniyetmələr üçün rəqs həm də onların bədən quruluşunun düzgün formalaşmasına öz təsirini göstərir. Bir də biz onlara milli rəqslərimizi öyrətməklə, təbliğ etməklə həm də gənclərin dünyagörüşünün milli mentalitetimizə doğmalıq ruhunda formalaşmasına təsir göstəririk. Çünki bu, bizim qarşımıza vəzifə kimi qoyulub. 2009-cu ildə mərkəzin binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bizə tövsiyə etdi ki, repertuarımızda milli rəqslərə üstünlük verək. Ona görə ki, milli rəqslər xalqımızın milli adət-ənənələrini özündə yaşadır. Bu isə uşaqların adət-ənənələrimizə dərindən bələd olmasına, milli rəqslərimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə səbəb olacaqdır. Biz bu tövsiyələri fəaliyyətimizdə devizə çevirmişik.
Teyyubə xanımla söhbətləşə-söhbətləşə rəqs zalına daxil oluruq. Burada 15 şagird Cabir Hacıyevin rəhbərliyi ilə müxtəlif rəqs hərəkətləri öyrənir. Nihad Xudanlı, İnci Quliyeva, İlahə Məmmədova, Əli Cabbarov, Mehdi Təbrizli və başqa uşaqlar bir neçə aydır ki, məşğələlərə gəlirlər. Onlar arasında ən kiçiyi 5 yaşlı Fatimə Məmmədli diqqətimizi çəkir. Cabir müəllim onun azyaşlı olmasına baxmayaraq, rəqslərə böyük həvəsi olduğunu və gələcəkdə peşəkar rəqqas kimi yetişəcəyini bildirdi. Dedi ki, yaşadığımız müstəqillik dövründə Azərbaycan incəsənəti durmadan inkişaf edir. Rəqqaslıq sənəti də eləcə. Biz də bu inkişafdan qürur duyaraq dövlətimizin yüksək qayğı və himayəsində gələcəyin peşəkar rəqqaslarını yetişdirməyə çalışırıq. Sevinirik ki, bu gün ansambldan yolu keçən gənclər Naxçıvan Dövlət Filarmoniyasında fəaliyyətlərini uğurla davam etdirirlər. Bunlardan Rauf Hüseynov, Eldəniz Əliyev və başqalarının adlarını çəkə bilərik.
“Əlvan çiçəklər” mahnı və rəqs ansamblı fəaliyyət göstərdiyi dövr ərzində bir çox uğurlara imza atmışdır. Dünyanın bir sıra dövlətlərində qastrol səfərlərində olan bu rəqs qrupu çıxışları ilə milli rəqslərimizin təbliğinə çalışmışdır.
Rəqs ansamblına bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.
Nigar MUSTAFAYEVA