24 Dekabr 2024, Çərşənbə axşamı

 Naxçıvan hər zaman tədqiqatçıların diqqət mərkəzində olub. Bunun bir səbəbi qədim diyarın ulu tarixi keçmişi ilə bağlıdırsa, digər səbəbi əhəmiyyətli coğrafi mövqedə yerləşməsi və zəngin sərvətləri ilə əlaqəlidir. Yerüstü və yeraltı sərvətləri ilə seçilən bu qədim Azərbaycan diyarı hər zaman təbiəti, münbit torpaqları, müalicəvi və qida əhəmiyyətli bitki örtüyü ilə seçilib. 

Naxçıvanın dadlı meyvələri, minbir dərdin dərmanı olan çöl bitkiləri hələ orta əsrlərdə bura səfər etmiş bir çox səyyahların diqqətini cəlb edib. Bu bioloji zənginlik əsrlər keçsə də, azalmayıb, burada yaşayan insanların məişətində istifadə olunub, onların sağlam qidalanmasında əhəmiyyətli rol oynayıb. Bir sözlə, muxtar respublikanın bitki örtüyündə mədəni və yabanı şəkildə mövcud olan meyvə, giləmeyvə, müalicəvi dərman bitkilərinə həmişə maraq olub. Buna görə də Naxçıvanın bu təbii qida məhsulları haqqında elmi biliklərə hər zaman ehtiyac duymuşuq. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsən­ovun bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş “Qədim yurdun möcüzəli təbiəti və insan zəkası” adlı kitabı da bu baxımdan təqdirəlayiqdir.

Bunu kitaba “Ön söz” yazmış Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov belə xarakterizə edir: “Muxtar respublikanın sərhəd bölgəsi Sədərək rayonundan tutmuş dağlar qoynunda yerləşən Şahbuzadək, bağlar diyarı Ordubaddan üzü digər rayonlarımıza qədər qarış-qarış gəzən, müxtəlif müalicəvi əhəmiyyətli meyvə və bitki nümunələrini tədqiq etməkdən yorulmayan Əsgər Həsənov bu işdən xüsusi zövq alır. Yaşlı və orta nəsil yaxşı xatırlayır ki, sovet dönəmində “türkəçarə” deyilən müalicə növünə qadağa qoyulmuşdu. Türkəçarədən gizlincə istifadə olunurdu. Bu müalicə növü bir sıra üstünlüklərinə görə əczaxanalarda hazırlanmış kimyəvi dərmanlardan çox fayda verirdi. Bu gün Əsgər Həsənovun sizə təqdim olunan bu kitabında xeyli məsləhətlərlə tanış olacaqsınız”.
Onu qeyd etmək lazımdır ki, Əsgər Həsənov hər zaman təbiətə, onun yaşıl ehtiyatlarına xüsusi diqqətlə yanaşan insandır. Bəlkə də, buna görədir ki, hər bir ağaca, bitkiyə sevgi onun xarakterinə yansıyıb. Adıçəkilən kitabın ərsəyə gəlməsini də bu baxımdan xarakterizə etmək, məncə, daha düzgün olardı. Kitabda Naxçıvan Muxtar Respublikasında yetişən müxtəlif meyvə sortları, bitkilər haqqında ətraflı məlumat verilir, onların botaniki xüsusiyyətləri, gündəlik məişətdə və təbabətdə istifadə qaydaları ilə bağlı məsləhətlər verilir. Eyni zamanda badam, əncir, firəng üzümü, heyva kimi ağacların çoxaldılması, onlarda ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılması metodlarından bəhs olunur. Muxtar respublika ərazisində yayılmış müalicəvi təsirli bitkilərin yayılma arealı, onların təbabətdə istifadə qaydaları haqqında verilmiş tövsiyələr də hər kəs üçün maraqlı ola bilər. “Qədim yurdun möcüzəli təbiəti və insan zəkası” kitabı qədim meyvəçilik diyarı olan Naxçıvanda meyvə bağlarının salınması, ağacların generativ üsulla çoxaldılması, isti yay günlərində yaşıllıqlara necə qulluq edilməsi, bitkilərin qışlama şəraitinin yaxşılaşdırılması üsulları ilə bağlı mütəxəssis fikirləri ilə diqqəti çəkir. Kitab meyvəçiliklə məşğul olan, muxtar respublikada yayılmış müxtəlif bitki növlərinin xüsusiyyətləri ilə tanış olmaq istəyən hər kəs üçün qiymətli bir mənbədir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR