Muxtar respublikamızda uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, onların mənəvi-estetik tərbiyəsinin formalaşmasında böyük rol oynayan mədəniyyət müəssisələrindən biri də Naxçıvan Dövlət Kukla Teatrıdır. Ötən il 25 yaşını geniş şəkildə qeyd edən teatr qonşu Türkiyədə, İranda, habelə Tacikistanda keçirilən festivallarda iştirak edib. Kollektiv üç dəfə Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Kuklaların fantaziyası” adlı festivalda uğurlar qazanıb. Ötən ilin aprel ayında keçirilən festivalda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, repertuarının daim zənginləşdirilməsi qayğısına qalınan teatrda klassik yazıçı və şairlərlə yanaşı, müasir ədiblərin də yaradıcılığına yer ayrılır, yerli yazarların ədəbi nümunələri uğurla səhnələşdirilir. Belə əsərlərlə kollektiv hər il muxtar respublikanın kənd və qəsəbələrində qastrol səfərlərində balacaların qonağı olur.
Bəs teatr yeni mövsümə necə hazırlaşır? – sualımızı teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova cavablandırır:
– Əvvəlcə qeyd edim ki, teatrda tamaşaya qoyulan əsərlərin əsas ideyası uşaq və yeniyetmələri milli və mənəvi-əxlaqi keyfiyyətlərə yiyələndirmək, onların dünyagörüşünü formalaşdırmaqdır. Bu, bizim üçün başlıca şərtlərdən biridir. Sentyabrın 14-də Kəmalə Ağayevanın “Sirli sözlər” tamaşası səhnəyə qoyulacaqdır. Teatrda başqa tamaşalara da hazırlıq görülür. Belə ki, Zaur Vedilinin “Çalıb-çağıran ağac”, Səbuhi Hüseynovun “Dəniz əfsanəsi” tamaşaları səhnəyə hazırlanır. Bu tamaşalar isə oktyabr ayında səhnəyə qoyulacaq. “Çalıb-çağıran ağac” tamaşası yadelli işğalçıların ölkəyə daxil olmasını əvvəlcədən xəbər verən ağacdan bəhs edir. Bu ağacın timsalında uşaqlara vətəni qorumağın ən böyük və şərəfli vəzifə olması ideyası aşılanır.
Qeyd edək ki, teatr yeni mövsümdə qastrol səfərlərinə də çıxacaq.
Nigar MUSTAFAYEVA