24 Dekabr 2024, Çərşənbə axşamı

Bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud” eposu xüsusi yer tutur. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunmuşdur. Bu qiymətli əsər həm mövzu, məzmun və ideyasına, həm də bədii məziyyətlərinə görə bütövlükdə dünya ədəbiyyatının nadir incilərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev dastana yüksək qiymət verərək demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir”. 

Ulu öndər Heydər Əliyevin siyasi kursunun yüksək səviyyədə və hərtərəfli şəkildə davam etdirildiyi müstəqil Azərbaycanda bütün digər sahələrlə yanaşı, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə də böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Kitabi-Dədə Qorqud”un böyük əhəmiyyəti sərəncamda məxsusi vurğulanmışdır. Sərəncama uyğun olaraq, bu əlamətdar yubileylə əlaqədar ölkə­mizdə sistemli tədbirlər həyata keçirilir. 

Bu sərəncam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud” eposuna ardıcıl diqqətinin və verdiyi yüksək qiymətin növbəti parlaq təzahürüdür. 13 dekabr 2013-cü il tarixdə respublikamızın paytaxtı Bakı şəhərində Dədə Qorqud abidəsinin və Dədə Qorqud parkının açılışı, epos əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında ölkə Prezidentinin 28 dekabr 2013-cü il tarixli Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bəllidir ki, “Kitabi-Dədə Qorqud”un yaranma tarixi çox qədimdir. Elm aləmində isə bu eposun aşkarlanması, onun haqqında ilk sistemli fikirlərin ortaya çıxması 200 il bundan əvvələ təsadüf edir. 1815-ci ildə alman alimi Fridrix fon Dits Drezden Kral Kitabxanasında dastanın bir müqəddimə və on iki boydan ibarət əlyazma nüsxəsini aşkara çıxarmış, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə və nəşr etdirmişdir. Çox maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” barədə bir sıra qiymətli elmi fikirlər söyləyən Fridrix fon Dits Təpəgözlə bağlı boyu antik yunan ədəbiyyatı, daha dəqiqi, Homerin yaradıcılığında rast gəldiyimiz oxşar süjetlə müqayisə etmiş, bizim eposun, Polifemlə müqayisədə Təpəgözün daha qədim olması qənaətini irəli sürmüşdür.
Beləliklə, 200 il bundan öncə “Kitabi-Dədə Qorqud” alman alimi Fridrix fon Ditsin əməyi sayəsində elm aləminə bəlli olmuş, qorqudşünaslığın təməli qoyulmuş, dastanın nəşri sahəsində ilk addım atılmışdır.
Bir müddət sonra məşhur alman şərqşünası Teodor Neldeke “Kitabi-Dədə Qorqud”u tam halda alman dilinə tərcümə etmək istəsə də, buna nail olmamışdır. O, əlindəki materialları tələbəsi, gələcəyin böyük alimi V.Bartolda vermiş, həmin rus alimi isə uzunmüddətli zəhmətdən sonra 1922-ci ildə eposun tam halda rus dilinə tərcüməsini başa çatdırmışdır. Xatırladaq ki, həmin tərcümə ilk dəfə 1950-ci ildə Bakıda çap olunmuşdur. Dastanın ilk nəşrinə gəlincə, deyək ki, bu tarixi vəzifəni 1916-cı ildə Osmanlı ziyalısı, Kilisli müəllim Rifət həyata keçirmişdir.
1952-ci ildə italyan alimi Ettore Rossi Vatikan kitabxanasında “Kitabi-Dədə Qorqud”un başqa bir əlyazma nüsxəsini aşkarlamışdır. Həmin əlyazmada Drezden kitab­xanasındakı müqəddimə və boylardan altısı vardır.
Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanı haqqında ilk elmi məqalələr 1920-ci illərin ortalarında yazılmışdır. Dastan respublikamızda ilk dəfə 1939-cu ildə məşhur ədəbiyyatşünas Həmid Araslı tərəfindən nəşr edilmişdir. Lakin sonrakı illərdə folklorumuzun bu möhtəşəm abidəsi əsassız və haqsız tənqidlərə məruz qalmış, “xalqımıza yabançı, ziyanlı bir əsər” damğası ilə pislənilmiş, hətta 1950-ci illərin başlanğıcında qadağan olunmuşdur. Yalnız 1957-ci ildə “Kitabi-Dədə Qorqud” haqqında müsbət fikirlər səsləndirilməsinə başlanılmış, sonrakı illərdə bir sıra araşdırmalar ortaya çıxmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə dastanın hərtərəfli şəkildə təbliği, tədqiqi sahəsində daha əsaslı işlər görülmüşdür. Məhz dahi rəhbərin həmin illərdə bütün digər sahələrlə yanaşı, milli-mədəni irsə böyük qayğısının nəticəsində “Kitabi-Dədə Qorqud” eposuna da maraq və diqqət artmışdır. Bunun nəticəsində bir sıra yeni tədqiqatlar çap edilmişdir. 1975-ci ildə ikihissəli “Dədə Qorqud” bədii filminin çəkilməsi dastanın daha da populyarlaşmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də “Kitabi-Dədə Qorqud”a böyük dəyər vermiş və ardıcıl diqqət göstərmişdir. Dahi rəhbərin 20 aprel 1997-ci il tarixli Sərəncamı əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilmiş, respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunmuşdur. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi. 2000-ci ildə ikicildlik “Kitabi-Dədə Qorqud” ensik­lopediyası”nın nəşri də bu baxımdan böyük önəm daşıyır. Elə həmin il dastanın 1300 illiyi ilə əlaqədar Bakıda möhtəşəm zirvə tədbiri keçirilmişdir. Yubileylə əlaqədar dastan haqqında çoxsaylı yeni tədqiqat əsərləri nəşr olunmuşdur və eposun yeni təfəkkür işığında öyrənilməsi istiqamətində fundamental araşdırmalar bu gün də uğurla davam etdirilir.
Alman alimi Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud”u aşkara çıxarmasından ötən 200 il ərzində dünyada qorqudşünaslıq sahəsində sanballı işlər görülmüşdür. Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də “Kitabi-Dədə Qorqud” müxtəlif vaxtlarda nəşr olunmuş, o cümlədən ingilis, fransız, alman, italyan, polyak, fars, gürcü, latış və sair dillərdə oxuculara çatdırılmışdır. Eyni zamanda dastanla bağlı bir çox qiymətli tədqiqatlar aparılmış, dünya qorqudşünaslığı yüzlərlə kitab və məqalələrlə zənginləşmişdir.
Bu möhtəşəm eposa tədqiqatçılarla yanaşı, şair, yazıçı və dramaturqlar da müraciət etmiş, dastan əsasında çoxsaylı və müxtəlif janrlı bədii əsərlər qələmə alınmışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülmüş və görülməkdədir. Hələ 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir. Fərəhli haldır ki, müstəqillik dövrü Azərbaycan qorqudşünaslığında ortaya çıxmış mühüm əsərlər sırasında naxçıvanlı alimlərin tədqiqatları da özünəməxsus yer tutur. Bu baxımdan mərhum coğrafiyaşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səfərəli Babayevin “Kitabi-Dədə Qorqud” və Naxçıvan toponimləri mövzusunda yazdığı monoqrafiyanı ayrıca xatırlatmaq olar. Həmin əsərdə Naxçıvandakı bir sıra toponimlərin dastanla əlaqəsi elmi şəkildə aşkarlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda da sistemli işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına əsasən, bu yubiley geniş şəkildə qeyd olunur. Keçirilən elmi konfranslar, kütləvi informasiya vasitələrində verilən müvafiq materiallar və sair bu baxımdan təqdirəlayiqdir.
Ümumiyyətlə, zaman-zaman keçirilmiş tədbirlərdə, aparılmış tədqiqatlarda, çap olunmuş kitab və məqalələrdə “Kitabi-Dədə Qorqud”un ideya-bədii mükəmməlliyi, dünya epos ənənəsində tutduğu önəmli mövqe xüsusi vurğulanmışdır. Məşhur türk alimi Mehmet Fuad Köprülü vaxtı ilə yazırdı: “Kitabi-Dədə Qorqud”u tərəzinin bir gözünə, bütün türk ədəbiyyatını o biri gözünə qoysan, yenə də “Dədə Qorqud” tərəf ağır gələr”.
Belə bir qiymətli ədəbi abidə yaratmış xalq, sözün əsl mənasında, fəxr edə, qürur duya bilər.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR