2014-cü ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasına səfərim zamanı Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi, Koroğlu və Babəkin abidələri, eləcə də Zaviyə-Mədrəsə binasına baş çəkdim.
Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Bu muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlıq illəri, gənclik dövrü və ailəsi ilə bağlı maraqlı eksponatlar vardır. Muzeyin əsas toplusunda rəsm əsərləri, dövlət sənədləri və görkəmli siyasətçi Heydər Əliyev tərəfindən imzalanmış sərəncamlar, müxtəlif məktublar yer alır. Muzeydə Türkiyə və İran İslam Respublikası ilə imzalanmış müqavilələrin əsas nüsxəsini görmək heyranedicidir. Burada 1991-1993-cü illərdə Azərbaycan vətəndaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışmış ümummilli lider Heydər Əliyevə ünvanlanmış məktub və müraciətlərdən ibarət sənədlər toplusu da vardır. Həmçinin muzeydə Heydər Əliyev tərəfindən gündəlik istifadə edilmiş ofis ləvazimatları və digər şəxsi əşyalar da saxlanılır. Muzeyin əsas zalının divarından asılmış ulu öndər Heydər Əliyevin hərbi formada olan rəsminin əks olunduğu xalça parlaq rəngləri ilə göz oxşayır.
Bu yaddaqalan səfərdə mənimlə birlikdə olan, 2003-2005-ci illərdə Peru Respublikasının xarici işlər naziri işləmiş Manuel Rodriguez Cuadrosanın sözlərinə görə, Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əhatə edən eksponatların saxlanıldığı muzey mühüm bir memarlıq abidəsidir. Bu muzeyin qarşısında ucaldılmış abidə isə Azərbaycanın incəsənət və heykəltəraşlıq məktəbinin kamilliyini əks etdirir. Muzeyin ekspozisiyasında 3200-dən artıq eksponat nümayiş etdirilir. Burada yerləşən kitabxanada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən çoxlu sayda jurnal, albom və kitablar mövcuddur.
R.Cuadrosa ilə birlikdə ziyarət etdiyimiz ecazkar heykəltəraşlıq nümunəsi olan və 1988-ci ildə inşa edilmiş Koroğlu abidəsi Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yerləşir. Bu heykəl bir daha Naxçıvan əhalisinin mistik mədəniyyətinin heykəltəraşlıq, rəssamlıq və xalçaçılığın bədii üslubu ilə köklü bağlılığını nümayiş etdirir.
Naxçıvanda 1998-ci ildən Xalça Muzeyi də fəaliyyət göstərir. Muzey 2010-cu il martın 19-da yeni binaya köçürülmüşdür. İl ərzində on mindən artıq ziyarətçi qəbul edən muzeyin fondunda 3300-ə yaxın eksponat var. Ekspozisiyada xovlu-xovsuz kilim, sumax, vərni, şəddə, palaz və cecim xalça növləri daxil olmaqla, 210 xalça nümayiş etdirilir. Ziyarətçilər həmçinin burada məfrəş, heybə, çanta, torba, xurcun və örkən kimi xalçaçılıq nümunələri də görə bilərlər. Muzeydə XVIII və XIX əsrlərə aid Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz və Naxçıvan xalçaçılıq məktəbinin nümunələri nümayiş etdirilir. Burada ev əşyaları, mis qablar, saxsı və çini məmulatları və qədim milli geyimləri də görmək olar.
Xalq qəhrəmanı Babəkin abidəsi dəmiryol vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişməsində yerləşir. 1989-cu ildən bu ərazi Babək meydanı adlanır. Bu meydanda həmçinin dəmir yolu işçiləri və sakinlər üçün park və digər məişət, iaşə və kommersiya xidmət müəssisələri fəaliyyət göstərir. Latın Amerikası və Avropanın digər görkəmli nümayəndələri ilə Babəkin şərəfinə ucaldılmış abidəni ziyarət zamanı biz Naxçıvan məktəbinin heykəltəraşlıq xüsusiyyətlərini heyranlıqla müşahidə etdik.
Nahar yeməyində Babək rayonunun Şəkərabad kəndində yerləşən Nəqşicahan restoranında olduq. Nəqşicahan restoranı Naxçıvançayın sahilində yerləşir. Restoranın 200 və 140 nəfərlik iki böyük zalı vardır. Nəqşicahan restoranı Naxçıvan mətbəxinə aid milli yeməklərlə tanınır. Burada bizə “soğan dolması” (bu soğan Kəngərli rayonunun Qarabağlar kəndində yetişdirilir) “ərzuman küftəsi” (ət, qurudulmuş ərik, gavalı, qoz ləpəsi, soğan və keşniş ilə hazırlanır), tərəvəz, toyuq və mal ətləri ilə hazırlanmış milli yeməklər təqdim etdilər.
Növbəti gün biz Naxçıvan şəhərindəki tarixi abidə olan Zaviyə-Mədrəsə binasını ziyarət etdik. Bina XVII-XVIII əsrlər Naxçıvan memarlıq məktəbinin zəngin ənənələrini numayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə bu bina Azərbaycan memarlıq və inşaat mühəndisliyi üslubunda əsaslı təmir edilmişdir.
Sonra biz 1982-ci ildə yaradılmış Naxçıvan Dövlət Rəsm Qalereyasında da olduq. Beynəlxalq sənətşünasların fikrincə qlobal əhəmiyyətə malik olan bu qalereyada Azərbaycan Respublikasının görkəmli rəssamlarının əsərləri qorunur və nümayiş etdirilir. Burada Azərbaycanın realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin 400-dən artıq rəsm, portret və qrafik işləri sərgilənməkdədir. Səfir R.Cuadrosaya görə naxçıvanlı rəssam Şamil Qazıyevin ekspozisiyadakı əsərləri Azərbaycanın təbii gözəlliyini, mədəniyyətini, adət-ənənələrini, Naxçıvan əhalisinin sosial həyat tərzini əks etdirdiyi üçün xüsusi əhəmiyyətə malikdir. Muzeydə həmçinin Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Hüseynqulu Əliyev, Sabir Qədimov, Səyyad Bayramov, Ülviyyə Həmzəyeva və digər dünya şöhrətli Azərbaycan və Naxçıvan rəssamlarının əsərləri də nümayiş etdirilir.
Mədəniyyət və strateji turizm layihələrinə Naxçıvanda xüsusi diqqət yetirilir. Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bu sahədə qazanılan möhtəşəm tərəqqi heyrətamizdir.
Naxçıvan həmişə turistləri cəlb edən bir yer olmuşdur. Bura səfər edənlər yenidən bölgəyə qayıdaraq təbiətin gözəlliyi və əsrlərlə tarixi olan Naxçıvan memarlıq ənənələrini görmək istəyirlər. Çünki Naxçıvan Avroasiyanın kəsişməsində yerləşən mədəniyyət və bədii incəsənətin beşiyi olan bir diyardır.
Peter Tase
31.08.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti