Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynovun anadan olmasının 70 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açaraq Naxçıvan teatr sənətinə dəyərli töhfələr vermiş Xəlil Hüseynovu təbrik edib və ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərən Xəlil Hüseynovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İstedadlı aktyor 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb. Xəlil Hüseynov 2005-ci ildə Prezident mükafatçısı olub, 2008-ci ildən isə Prezident təqaüdçüsüdür. Xəlil Hüseynov bu gün də Naxçıvan teatrının inkişafı üçün dəyərli xidmətlər göstərir, səhnəmizdə yaddaqalan obraz və personajlar yaradır, öz zəngin təcrübəsini gənc aktyorlarla bölüşür.
Sonra çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova yubilyarın sənət yolundan, Naxçıvan teatrının inkişafındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Xəlil Hüseynov yarım əsrdən çoxdur, teatr sənətimizə xidmət edir. Teatr sənətinə xalq teatrının səhnəsindən başlayan tanınmış aktyor sonralar Naxçıvan teatrında müxtəlif səpkili və taleli obrazlar yaradıb. Onun Nazim Hikmətin “Qəribə adam” pyesində İsmayıl, Cəfər Cabbarlının “Aydın” əsərində Balaxan, Anarın “Sizi deyib gəlmişəm” pyesində Məmmədhəsən, Nəriman Həsənzadənin “Atabəylər” pyesində Memar Əcəmi, “Pompeyin Qafqaza yürüşü”ndə Feofan, Hüseyn Cavidin “İblis” faciəsində İxtiyar, “Afət” dramında Xandəmir, “Səyavuş” əsərində Piran, İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesində Mirmöhsün ağa, Səməd Vurğunun “Fərhad və Şirin” dramında Azər baba, Kəmalənin “Məhsəti” pyesində Pərvər baba, İslam Səfərlinin “Göz həkimi” pyesində Şahbazov və başqa çoxsaylı obrazları aktyorun yaradıcılıq imkanlarının genişliyini, səhnəyə məhəbbət və tələbkarlıqla yanaşdığını göstərir. Xəlil Hüseynov bu obrazları sevə-sevə yaradıb və tamaşaçıya sevdirib. Bu obrazlar aktyora tamaşaçı alqışı və sevgisi qazandırıb.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artistləri Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, teatrın gənc aktrisası Nurbəniz Niftəliyeva, aktyor Zakir Fətəliyev çıxış edərək sənət dostlarına cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonda Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynov muxtar respublikamızda teatr sənətinə göstərilən dövlət qayğısından danışıb, yubileyinin qeyd edilməsi, ona göstərilən diqqət və qayğı üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, bundan sonra da teatr sənətimizin inkişafı üçün çalışacağını bildirib.
Əli RZAYEV