Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Ordubad Şəhər Uşaq Musiqi Məktəbində keçilən ustad dərslərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Pərvin Həsənov açaraq bildirib ki, belə dərslərin muxtar respublikanın bütün uşaq musiqi məktəblərində keçilməsi nəzərdə tutulub. Məqsəd bu sahədə çalışan gənc müəllimlərə musiqinin incəliklərini öyrətmək, onların təcrübəsinin artmasına metodik köməklik göstərməkdən ibarətdir.
Sonra muxtar respublikanın tanınmış musiqiçilərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova (fortepiano ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova (kamança ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ayxan Məmmədov (skripka ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov (vokal ixtisası üzrə) və Səməd Əsgərov (klarnet ixtisası üzrə) müəllim və şagirdlərə ustad dərsi keçib, onları maraqlandıran sualları cavablandırıblar.
Əli RZAYEV