24 Dekabr 2024, Çərşənbə axşamı

Yeniyetmələrin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə noyabrın 13-də Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəbləri şagirdlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Muzeyin direktoru Elçin Əliyev şagirdlərə muzeyin yaranma tarixi haqqında geniş məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Qeyd olunub ki, ilk orta əsrlərə aid mənbələrdə Naxçıvan şəhəri ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edilib. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri verilib. Plana əsasən, qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Narınqalanın qalıqları günümüzədək qorunub saxlanılıb. Qala divarları daş qatışığı olan möhrədən inşa edilib, yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınıb, onların üstündən döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunub. Naxçıvanqalanın altından keçən kəhrizlər istər dinc, istərsə də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına, eləcə də ərzaq məhsullarının saxlanmasına şərait yaradıb. Vurğulanıb ki, ötən əsrin ortalarında Naxçıvanqalada aparılmış tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, saxsı qablar və Tunc dövründə (eradan əvvəl 3-2-ci minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilib. Qeyd olunanlar sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Sonra muzeyin bələdçisi Şahnaz Əliyeva şagirdləri muzeydə olan eksponatlarla yaxından tanış edib və onları maraqlandıran sualları cavablandırıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR