Dünən Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fortepiano ixtisası müəllimləri və şagirdləri üçün ustad dərsləri keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Pərvin Həsənov çıxış edərək ustad dərslərinin keçilməsinin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, ustad dərslərini muxtar respublikanın tanınmış müəllim və musiqiçilərinin aparmasında məqsəd gənc müəllim və şagirdlərə bu sahənin incəliklərini öyrətmək, müəllimlərin təcrübəsini artırmaq, şagirdlərə isə fortepiano ixtisası üzrə yaradıcılıq fəaliyyətinin və təhsilin yüksəldilməsinə metodik köməklik göstərməkdən ibarətdir. Muxtar respublikanın bir neçə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbində də ustad dərsləri keçilmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova ustad dərsi keçmiş, fortepiano ixtisası üzrə dərs deyən müəllimlərə metodik tövsiyələrini vermiş, dünya və Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılmış əsərlərini ifa etmişlər.
Şagirdlərin ifasında da fortepiano əsərləri səsləndirilmişdir. Ustad dərsdə çıxış edən təcrübəli müəllimlər şagirdlərə məsləhətlər vermiş, onlara ifa olunan əsərlər haqqında maraqlı məlumatlar çatdırmışlar.
Ustad dərsinə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov yekun vurmuş, başqa ixtisaslar üzrə də belə dərslərin təşkil olunacağını bildirmişdir.
Əli RZAYEV