Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar şən və hazırcavablar klubları arasında müsabiqə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin edilməsi, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Müsabiqədə 5 təhsil müəssisəsinin eyni sayda komandası mübarizə aparıb. Müsabiqədən əvvəl çıxış edən Gənclər və İdman Nazirliyi aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev və Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşı Zakir Fətəliyev iştirakçılara uğurlar arzulayıb və oyunun şərtləri haqqında məlumat veriblər.
Müsabiqənin yekun nəticəsinə əsasən, Naxçıvan Dövlət Universitetinin “Karvan” komandası birinci olub. Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası və Naxçıvan Tibb Kollecinin “Loğman” komandası qərarlaşıb.
Ceyhun Məmmədov