24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də dünyada tanınıb. Bu gözəl və füsunkar təbiətli yurdumuzda vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib.

Muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqəti cəlb edir.

Muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verilir. “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra Naxçıvanda bu sənətin yaşadılması istiqamətində xeyli iş görülüb. Naxçıvan şəhərində Dövlət Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi də maddi-mənəvi irsin qorunub saxlanılmasına göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Belə tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilir. Belə ki, 2011-ci il yanvar ayının 14-də Ordubad şəhərində öz dövrünün tanınmış siması, xeyriyyəçi Mənsur ağa Kəngərlinin əsaslı surətdə təmir-bərpa edilmiş XIX əsr abidəsi olan mülkünün bir hissəsində xalçaçılıq sexi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin xalçaçılıq sexində olub, milli naxışlardan istifadə edilərək hədiyyəlik xalçaların toxunmasını, muxtar respublikamızda fəaliyyət göstərən xalçaçılıq sexləri ilə təcrübə mübadiləsi aparılmasını tövsiyə edib. Xalça toxunması işi ilə 1993-cü ildən məşğul olan bu müəssisə fəaliyyətini daha da genişləndirib. Məlumat üçün bildirək ki, onlarla ordubadlı xalçaçı məhz bu istehsalat sahəsində işləyərək yetişib.
Toxunan xalçalarda təbiətimizi və tariximizi əks etdirən yerli xüsusiyyətlərə uyğun şəbəkə və naxışlardan istifadə edilir. Naxçıvana aid milli ornamentlərin, qədim abidələrin, təbiət mənzərələrinin əks olunduğu kiçikhəcmli hədiyyəlik xalçalar toxunmasına üstünlük verilir. Xalçaların eskizləri isə tanınmış şəbəkə ustası Cabir Cabbarov tərəfindən hazırlanıb.
Cabir Cabbarov deyir ki, əslində, o, ağac üzərində oyma sənəti ilə məşğul olur. Naxçıvanda, eləcə də Ordubadda orta əsrlərdə mövcud olmuş misgərlik, dulusçuluq, şəbəkəçilik, kaşıçılıq və memarlıq sahələrində istifadə edilmiş ornament və naxışları toplayaraq onlardan yararlanır. Xalçaçılıqda da bu ornamentlər tətbiq edildiyindən eskiz çəkmək və çeşni yaratmaq təklifini qəbul edib. Ebru sənətinin xüsusiyyətlərindən xalça eskizlərinə tətbiq edib və yeni kompozisiyalar ortaya çıxıb. Hazırlanan eskizlərdə memar Əcəminin sənət əsərlərinə aid 5 nümunədən, Naxçıvan şəhərindəki Möminə xatın və Yusif Küseyiroğlu türbələrində işlədilən həndəsi naxışlardan, eləcə də Kəngərli rayonu ərazisindəki Qarabağlar, Culfa rayonundakı Gülüstan türbələrini bəzəyən naxışlardan, Ordubad ərazisindəki 10 abidənin ornament­lərindən istifadə olunub. Xalçanın “göl” deyilən mərkəzi hissəsində həmin abidələrin görünüşü əks etdirilir.
Qeyd etdiyimiz kimi, xalçaçılıq sənəti Şahbuz rayonunda da yaşadılır. Şahbuz xalçalarını bəzəyən əsas elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.
Naxçıvan xalçaları içərisində öz spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə süjet semantikası baxımından çox maraqlıdır. Rayonun Kolanı, Aşağı və Yuxarı Qışlaq, Biçənək, Qızıl Qışlaq və Güney Qışlaq yaşayış məntəqələrində xalça ustalarının yaratdıqları xalça nümunələri ən qiymətli sərvət kimi qorunub saxlanılır. Bir vaxtlar Teymur Rüstəmovun, Zəlbab Mədətovanın, Şükufə Lazımovanın, Aruzə Seyid­ovanın və başqalarının toxuduqları xalçalar işlənmə texnikası, ilmə çeşidləri, rəng çalarları ilə seçilir.
Naxçıvan xalçalarının sorağı bu gün bir sıra ölkələrdən gəlir. Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasenin Naxçıvan Muxtar Respublikasının bugünkü sosial-iqtisadi yüksəlişi, qədim tarixi, mühüm tarixi-mədəni abidələri barədə yazdığı və “Foreign Policy News”, “Eurasia Review”, “Eurasia Hoy”, Litvada nəşr olunan “Slaptai” qəzetlərində, İspaniyanın “Diario Siglo XXI” portalında, Bosniya-Hersoqovinanın “Diogen pro” jurnalında işıq üzü görən məqalələrində Naxçıvan xalçalarının heyranedici gözəlliyi xüsusi vurğulanıb. Peter Tase Naxçıvanda yerli rəssamların xalça kompozisiyaları hazırlayarkən simmetriyanın aliliyinə xüsusi nəzər yetirdiklərini qeyd edib. O, qədim dövrlərdən bəri xalçanın üzərində olan heyrətamiz naxışların sənətkarların diqqət mərkəzində olduğunu vurğulayıb. Müəllif yazır: “Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşıb. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf edib. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Təbriz və Ərdəbil şəhərlərini buna misal göstərmək olar. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olub və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaradıb”.
Bu gün Naxçıvanda gənc nəslin xalçaçılıq sənətinə olan marağının artırılması üçün müxtəlif tədbirlər görülür. Çünki gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini yaşadıb gələcək nəsillərə ötürə biləcək yeganə qüvvədir. Xalça sənətinin bitib-tükənməyən zənginliyi isə sənətlə maraqlanan hər bir gəncimizi bu zənginliyi öyrənməyə, onu daha da rəngarəng etməyə sövq edir. Bu gün muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri göz önünə gətirsək, Naxçıvanda milli dəyərlərimizə ehtiram və məhəbbətin həmişə yüksək səviyyədə olduğunu görərik.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR