24 Dekabr 2024, Çərşənbə axşamı

 Həmişə olduğu kimi, bu il də dekabrın 31-ni səbirsizliklə gözləyirdik. Həmin gün başqalarından fərqli olaraq biz həm də Səxavət müəllimin ad gününü qeyd edirdik. Ağsaqqal dostumuz Səxavət Kəngərli bizi – jurnalistikanın sirlərini öyrətdiyi həmkarlarını başına yığar, yaddaqalan xatirələrini danışar, keçmiş günlərə səyahət edər, qəzetdə gedən yazılarımıza münasibətini bildirər, tövsiyələrini verərdi. Bu il dekabrın 31-ni onsuz keçirəcəyik. Daha bizi başına yığmayacaq, keçmiş günlərə səyahət etməyəcək, tövsiyələrini, məsləhətlərini verməyəcək. 

Bu yazını qələmə alanda Səxavət Kəngərli ilə birgə işlədiyim dövrün bəzi məqamlarını gözlərim önünə gətirirəm. Zahirən zabitəli görünən bu insanın daxilən necə mehriban, qayğıkeş, işinə məsuliyyətli bir jurnalist olduğunu bir daha təsdiqləyirəm.
Ötən günlərə qayıdış: 2002-ci ilin isti iyun günlərinin birində “Şərq qapısı” qəzetinə işə dəvət olunanda burada Səxavət Kəngərli, Cəlil Vəzirov kimi ölkə mətbuatında tanınmış və özlərini təsdiq etdirmiş jurnalistlərin çalışdığını bilirdim. Belə təcrübəli qələm sahibləri ilə birgə çalışmağın məsuliyyətini düşünəndə təklifdən imtina etmək istədim. Redaksiyada baş redaktorla xeyli söhbət etdik. Düşündüklərimi ona dedim. Mərhum Məmməd Məmmədovun muxtar respublikada mətbuatın inkişafına böyük qayğı göstərilməsi, bu qayğıya əli qələm tutan ziyalıların əməli işlə cavab vermələri üçün yaradılan şərait barədə söhbətini indi də xatırlayıram. Və o söhbətdən sonra qəzetdə işləməyə razılıq verdim. Bundan sonra baş redaktor mənə Səxavət Kəngərli ilə bir otaqda oturmağı məsləhət bilərək dedi ki, təcrübəlidir, qayğıkeşdir. Ondan öyrənməyə dəyər.

Səxavət müəllimə məxsus olan bu keyfiyyətləri onunla birgə işlədiyimiz dövrdə, demək olar ki, hər saat, hər gün gördüm.
Səxavət Kəngərli ömrünün yarıdan çoxunu mətbuatda keçirmişdi. Müxbir də işləmişdi, şöbə müdiri də, redaktor müavini də, baş redaktor da. 1991-ci ildən 2000-ci ilədək “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdı. Qələm dostumuzun çalışdığı bu illəri dəqiq xatırlamaqda məqsədim bir məqamı xüsusi vurğulamaqdır. Bu illərdə Səxavət Kəngərli hər kəsə nəsib olmayan bir ömür yaşamışdı. Ona görə də Səxavət müəllimin ömür yolu, mətbuatdakı fəaliyyəti bugünkü gənclik üçün bir məktəbdir, örnəkdir. O, 1991-1993-cü illərdə, ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə “Şərq qapısı” qəzetinin baş redaktoru olmuşdu. Ulu öndərimizdən dəyərli məsləhətlər almışdı.
Söhbətlərində deyirdi ki, blokada şəraitində yaşayan, yolları hər tərəfdən bağlanan Naxçıvan həm də informasiya blokadasına salınmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri seçilənədək redaksiya, demək olar ki, bağlanmaq üzrə idi. Həftədə bir nömrə buraxa bilirdik. Çünki bütün sistem dağılmış, qəzet yaddan çıxmışdı. Maliyyə vəsaitimiz yox idi. Ölkədən tamamilə təcrid olunan muxtar respublika, doğrudan da, dənizdə sükansız gəmiyə bənzəyirdi. Belə halda kim idi qəzetlə maraqlanan? Belə vəziyyətdə işləməyin, qəzet çıxarmağın, muxtar respublikada baş verən hadisələri geniş oxucu kütləsinə çatdırmağın çətinliyini özünüz fikirləşin, o vəziyyəti gözləriniz önünə gətirin. Məhz ulu öndər Heydər Əliyevin gündəlik və böyük qayğısı ilə “Şərq qapısı” qəzeti, necə deyərlər, yenidən doğuldu, yenidən həyata qayıtdı. Onun tövsiyəsi ilə həm də səkkiz səhifəlik bülleten buraxmağa başladıq. Həmin bülletenləri 20-25 min tirajla çap edib Bakıya göndərirdik ki, Azərbaycan əhalisi ulu öndərimizin Naxçıvandakı fəaliyyəti ilə tanış olsun, muxtar respublikadakı mövcud şəraitdən məlumat əldə etsin.
Bugünkü gənc jurnalistlər, eləcə də mətbuat üçün kimdir Səxavət Kəngərli? Bu sualın geniş cavabını yığcam şəkildə belə ümumiləşdirərdim: öyrənilməli, obyektiv, operativ, müraciət etdiyi mövzuya yaradıcılıqla yanaşan, qərəzsizliyi başlıca meyar kimi götürən bir jurnalist. Onunla işlədiyim müddət ərzində bir dəfə də olsun, görmədim ki, o, bu gün təhvil verəcəyi yazını sabaha saxlasın. Özünəməxsus yazı üslubu olan Səxavət Kəngərli həm də jurnalistikanın müxtəlif janrlarında qələm işlətməyi bacarırdı. Yazını hazırlayarkən redaksiyanın arxivində saxlanılan onlarla qəzet səhifələrini vərəqlədim. Bu qənaətimin doğruluğunu bir daha gördüm. İstər xəbər, zarisovka, reportaj, oçerk, istərsə də felyeton janrlarında yazdıqları bugünkü jurnalistikanın da tələblərinə tam cavab verir. Bir-birindən fərqli olan bu janrlarda Səxavət Kəngərlinin jurnalist istedadı özünü bütün dolğunluğu ilə göstərir.
Səxavət müəllim haqqında danışarkən onun redaktor kimi fəaliyyətindən yan keçmək olmaz. Bu barədə bir neçə kəlmə deməklə yuxarıdakı sualın cavabını bir qədər genişləndirmək istəyirəm. Onun redaktorluğu dövründə mən sıravi kənd müəllimi işləmişəm. Müəllim işləyə-işləyə qəzetlə əlaqə saxlamağım barədə yuxarıda da dedim. Onu da əlavə etmək istəyirəm ki, Səxavət Kəngərlinin redaktor otağının qapısı hamının üzünə açıq olurdu. Xüsusilə də qələm sahiblərinin və gənclərin üzünə. Dəfələrlə otağında olmuşam, söhbətlərini dinləmişəm, tövsiyələrini eşitmişəm. Qəzetə, mətbuata belə ürəkdən bağlanan insanla söhbətlərdən zövq almışam. Hansı mövzuda yazmaq və necə yazmaq barədə tövsiyələri bu gün də əlimdən tutur.
Hər il mətbuat bayramı ərəfəsində redaksiya əməkdaşları Səxavət müəllimlə onun evində görüşürdü. Bu ilin iyul ayında – milli mətbuatımızın 140 illiyi ərəfəsində yenə də Səxavət müəllimin evinə yığışmışdıq. Çay süfrəsi arxasında mətbuat günü münasibətilə onu təbrik etdik. Suallarımızdan da qalmadıq:
–Səxavət Kəngərlinin həyatında mətbuat..?
– Səmimiyyətlə deyim ki, Səxavət Kəngərli ömrünün mənasını mətbuatda tapıb. 42 il qələmlə yol yoldaşlığı etmişəm. Mən qələmə, qələm isə mənə sadiq olub. Həyatda qazandığım nə varsa, bunun üçün mətbuata borcluyam.
Mətbuatın bugünkü səviyyəsi, bu sahəyə göstərilən qayğı barədəki sualımızı belə cavablandırdı:
– Həyatımızın bütün sahələri kimi, mətbuat da daim qayğı istəyir. Bir mətbuat işçisi kimi sevinirəm ki, bu qayğı bu gün yetərincədir. Bu da mətbuatda uğurlar qazanılmasına şərait yaradıb. Mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların əməkhaqlarının artırılması, azad sözə geniş meydan verilməsi, jurnalistlərin fəaliyyətinin qiymətləndirilməsi mətbuatın inkişafını şərtləndirən amillərdir. Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə şəraitdə heç bir mətbuat işçisinin zəif işləməyə haqqı yoxdur.

* * *

Bu gün aramızda yoxdur Səxavət Kəngərli. Yeri görünür. Onu tanıyanlar yaşadıqca da Səxavət müəllimin yeri görünəcək. Təsəllini onda tapırıq ki, o, mətbuatda Səxavət Kəngərli məktəbi yaradıb. Bu məktəb onu tanıyan jurnalistlərin mətbuatı öyrənmək ünvanıdır. Həqiqəti düzgün söyləmək, rastlaşdıqları neqativ hallara qarşı mübarizə aparmağı öyrənmək ünvanıdır. Bu məktəbin qapısı ömrünü mətbuata bağlayanların üzünə həmişə açıqdır.
Dost itkisi ağır olur, Səxavət müəllim! Çox yaşamışdın belə itkini. O günü bizə də yaşatdın. O itkilərə vida sözləri yazmışdın. Bu gün vida sözlərini sənə yazırıq.
Qəbrin nurla dolsun!

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR