24 Dekabr 2024, Çərşənbə axşamı

Ömür yolundan səhifələr

Sadıq Elcanlı 1956-cı il yanvarın 12-də Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olub. 1978-ci­­ ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” və “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Sirli səsin sorağı” adlı ilk kitabı 1985-ci ildə çap olunub. 1992-1996-cı illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri – baş redaktoru işləyib. 1997-ci ildən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində televiziyanın Ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru olub. 2006-cı ildən “Azərbaycan Dövlət Tele­viziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktorudur. “Bəsdir, ağlama”, “Köhnə kədər”, “Qisasa qayıdış” bədii televiziya filmlərinin, ümummilli lider Heydər Əliyevə həsr olunan “Xilaskar”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev­­ və Naxçıvan”, “Böyük ömrün anları”, “Tikdim ki, izim qala” filmlərinin, “Üç zirvənin fatehi”, “Mətbuat fədaisi”, “Mirzə Cəlil möcüzəsi”, “Naxçıvan: Azadlığın addımları”, “Şərqdə doğan günəş”, “Qarabağ abidələri”, “Qədim yurdun baharı”, “Mif”, “Böyük yolun adamı”, “Əbədiyyət ünvanı”, “Əbədi zirvə”, “Zərif işığın Zərifəsi”, “Ağ işığın möcüzəsi”, “Həmid Araslı həqiqəti”, “Tarixin yollarında”, “Bir ömrün xatirəsi”, “Sirli salnamələr”, bütövlükdə əllidən artıq sənədli telefilmin ssenari müəllifidir.

Sadıq Elcanlı 1977-ci ildən başlayaraq müxtəlif qəzet və jurnallarda bədii, ədəbi-tənqidi və publisistik əsərləri çap etdirir, ardıcıl jurnalist fəaliyyəti ilə məşğul olur. “Sirli səsin sorağı” (1985), “Əbədi sevginin xatirələri” (1987), “Yaddaş yarası” (1991), “Qanlı quzğun meydanı” (1994), “Mənim mövqeyim” (1999), “Sükutun sonu” (2003), “Zülmət” (2014) və başqa nəsr, publisistika kitablarının müəllifidir. Milli televiziyanın “Vətən”, “Vətəndaş”, “Azərbaycan dili”, “Molla Nəsrəddin”, “Şam işığında”, “Araz”, “Poeziya”, “Sənətkar ömrü”, “Klassik irsimizdən” və başqa çoxsaylı daimi verilişlərinin yaradıcısı və ssenari müəllifi olub. Əsərləri ərəb, rus, ingilis, bolqar və sair dillərə tərcümə olunub.

Bir ömrün monoloqu

Hər dəfə kitablarıma, xüsusilə povest və romanlarıma gəlib çatan yolları düşünəndə uzaq bir məktəb həyətində çiçəkləyən meşmeşi ağacları düşür yadıma... Bir də qərib durna qatarı kimi nigaran, yorğun bir səs gəlir qulağıma: “A bala, belə zülm olmaz, dur yat, gözlərin tökülər...” Sübh namazına duran anam eyvandakı balaca mizin arxasında hələ də yazı yazdığımdan qeyzlənmişdi, bütün gecəni yazdığım qalaq-qalaq yazılara baxa-baxa demişdi bu sözləri. Sonra ağappaq işıq selində qapqara gözləri tökülə-tökülə aylar, illər keçib getdi.
Kimya-biologiya təmayüllü məktəbi bitirib Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Ötən əsrin 70-ci illərində “Ədəbiyyat və incəsənət” qəzetində ilk hekayəmin dərc olunduğu günün meşmeşi çiçəkləri kimi ağappaq sevinci qalıb yadımda...
Uzaq bir məktəb həyətində ədəbi taleyimin ilk cümləsini yazdığım gündən sənətin sehrinə, tilsiminə düşdüm. Ürəyimdən xəbərsiz heç nə yazmadım. Hərdən mənə elə gəlir ki, bütün romanlarım, povestlərim, hekayələrim qəlbimdə, ruhumun çöllərində məndən xəbərsiz yaşayan qərib xatirələrimdir. Bəzən durna qatarı kimi itkin düşən o qərib xatirələr sirli bir səslə zaman-zaman çağırıb, əzablı yollarla çəkib aparıb məni. Və gedib sözün əbədi sahillərində əbədi bir an xoşbəxt olmuşam.
Düşünürəm ki, yazıçı qələmi gizli nüvə enerjisi kimidir; o, insanın, xalqın, bütövlükdə bəşəriyyətin xeyrinə də, zərərinə də işləyə bilər. Məncə, əsl ədəbiyyat insanda insan, kütlədə xalq, xalqda millət oyatmalıdır. Əsər yazmaq yayın məhşər istisində ürəyi yanan adamın buz kimi bulaq suyundan içməsinə bənzəyir; bulağı içib qurtarmaq hələ heç kimə nəsib olmayıb...
Ədəbi yolum işığa heyrətdən, o heyrətin yazdırdığı ilk cümlədən başladı: “Yaz elə həvəslə, həsrətlə gəlmişdi ki, ağaclar əcəl yuxusundan oyanıb, heyrətlə ağappaq gözlərini açmışdı”. Və əlli yaşımı “Zülmət” adlı mifoloji-fantastik romanla, 60 yaşımı 20-dən artıq əsəri birləşdirən “Yeni hekayələr” silsiləsiylə qarşıladım.
Uzaq dumanlar şəhəri Londondan, yaxın günəş paytaxtı Təbrizdən, əbədi ulduzlar şəhəri İstanbuldan keçdim. Şimal dənizinin sahilində, Norveçin Aberdin şəhərində qədim Qobustandan gələnlərin əbədiyyətə dönən səslərini eşitdim, Dəmir qapı Dərbənddə, Oğuz, Hun qapılarında 1300 il əvvəlin Dədə Qorqud xatirələriylə əl tutub görüşdüm... Borçalıda, Qarayazı ellərində Aşıq Hüseyn Saraclının, Aşıq Əhməd Sadaxlının səs-söz sehrinə düşdüm. Qarabağda Boyat, Koroğlu, Şahbulaq, Əsgəran, Şuşa qalalarının qonağı oldum. Böyük yazılardan, xüsusilə romanlardan yorulanda 1600 yaşlı xatirələr qalası Çıraqqalaya pənah gətirdim; bu qalayla üz-üzə, göz-gözə, ürək-ürəyə ruhum dincəldi... Naxçıvanın ulu tarix yollarında dönə-dönə dolandım; bu müqəddəs məkanın şərəfli dünəni, uğurlu bu günü haqqında çəkilən 16 sənədli filmin ssenari müəllifi oldum. O filmlərin sonuncusu – “Şərqdə doğan günəş” filminin əvvəlində Naxçıvanın – Nuhçıxanın ilahi göndərişli tanrısal tarixinə heyrətləndim...
Əsərlərimi ömrümün zirvə həqiqətləri kimi yaşadım. “Əbədi sevginin xatirələri” romanında Adəm övladının həyat eşqinə, sonsuz sevgisinə sevindim, “Yaddaş yarası” romanında yurd yerinin yaralı yaddaş yollarından keçdim, “Qanlı Quzğun” meydanı romanında Oğuzun tarix meydanlarında dərdlə dola-dola düşündüm, “Zülmət” romanında balaca işığın ölümünə heyrətləndim... Və “Gedər-gəlməz” adlı təzə romanımda qalalı qəlbin quzey qarları üşüdür, Sözün güneyləri çağırır məni...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR