“Naxçıvan” Universitetində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl “Dədə Qorqud” bədii filmindən bir parça göstərilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq dastanın yaranma tarixi, onun ilk dəfə elmə məlum olması, adının əbədiləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması, Naxçıvanla bağlılığı və gənc nəslin milli-mənəvi tərbiyəsində rolundan danışmışdır.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Sədaqət Həsənovanın “Dədə Qorqudun söz dünyası”, Təbiət elmləri kafedrasının dosenti Nazim Bababəylinin “Kitabi-Dədə Qorqud dastanında Naxçıvan toponimi”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Təranə Qəbulovanın “Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi sərvətimizdir”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Nərmin Mərdanlının “Kitabi-Dədə Qorqud” dastanında qadın surətləri” və Ruqiyyə Nəcəfovanın “Kitabi-Dədə Qorqud Türk dünyasının ən qədim yazılı abidələrindən biridir”, İnformatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Gülay Əliyevanın “Kitabi-Dədə Qorqud” dastanında Qaraca Çoban Azərbaycan ədəbiyyatında ilk zəhmətkeş insan surətidir” mövzularında çıxışları olmuşdur.
Bildirilmişdir ki, hər bir xalqın mənəviyyatını, adət-ənənələrini, keçmişini, həyat tərzini, özəlliklərini təcəssüm etdirən göstəriciləri vardır. Bu baxımdan xalqımız daha zəngin, daha çoxcəhətli qaynaqlara malikdir. Bu mənbələr içərisində “Kitabi-Dədə Qorqud” dastanının öz yeri, öz çəkisi vardır. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixidir. Bu dastan Azərbaycan xalqının tarixi keçmişini şifahi xalq ədəbiyyatı əsasında əks etdirən ölməz bir yazılı abidədir.
Vurğulanmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev dastanın dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə Fərman imzalamışdır. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı bu böyük Azərbaycançılıq abidəsinə verilən dəyərin bariz nümunəsidir.
Nuray ƏSGƏROVA