Azərbaycan Respublikası Prezidentinin 2015-ci il fevralın 20-də imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planına əsasən muxtar respublikada silsilə tədbirlər keçirilir.
Culfa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açaraq Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud meydanının yaradılması, həmin meydanda Dədə Qorqudun abidəsinin ucaldılması təkcə xalqımızın müdriklik rəmzi olan bu böyük ozana deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm dəyərə malikdir. Elmi konfranslar, açıq dərslər, dəyirmi masalar və sair tədbirlərin təşkili də diqqət mərkəzindədir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasındadır.
Tədbirdə çıxış edən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Rəfiyeva, kitabxananın əməkdaşı Rübabə Mehdiyeva bildiriblər ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir.
Tədbirin sonunda “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir” adlı sərgiyə baxış olub.
Sara Əzimova