1990-cı ilin 17 noyabrında ilk dəfə Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi yenidən qaldırılmış, sonra bu bayraq bütün Azərbaycan üzərində dalğalanmağa başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncamına əsasən, bu ildən başlayaraq muxtar respublikamızda 17 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dünən bu münasibətlə Ordubad Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin konserti olmuşdur. Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Çingiz Axundovun başçılıq etdiyi kollektivin ifasında əvvəlcə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfovun ifasında “Azərbaycan” mahnısı səsləndirilmişdir. Əli Davudinin ifa etdiyi “Dahilər dühası” mahnısı konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun, Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyevin, Yaşar Qurbanovun ifasında Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin “Bakı haqqında mahnı”, Süleyman Ələsgərovun “Vətənimdir” romansı, Cahangir Cahangirovun “Alagöz”, Vasif Adıgözəlovun “Naz-naz”, Səid Rüstəmovun “Getmə”, Rauf Hacıyevin “Azərbaycan”, Mehriban Əhmədovanın “Ana” mahnıları səsləndirilmişdir.
Konsertdə tamaşaçılara simfonik əsərlərdən də fraqmentlər təqdim olunmuş, sonda bütün ifaçılar birlikdə tanınmış Azərbaycan bəstəkarı Eldar Mansurovun “İlhamla sabaha” mahnısını ifa etmişlər.
Əli RZAYEV