Əziz Şərifin 13-14 yaşlarından yazmağa başladığı möhtəşəm gündəliklərində naxçıvanlı Qurbanəli Şərifzadənin oğluna əsl sənətkar tərcümeyi-halı hazırlamış zamanın nəhəng obrazı var. Belə bir tərcümeyi-halla Əziz Şərifin, Əziz Şəriflə ədəbi düşüncəmizin bəxti gətirmişdi.
Atası milli intibah yaradıcı tale sahibi idi. “O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən fəzlə məlumata malik idi. Onda son dərəcə böyük bir istedad və məziyyət var idi”. Hüseyn Cavidin bu fikirlərinə Firidun bəy Köçərli də qoşulurdu: “Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqda idi”.
Mirzə Cəlil isə “hamıdan çox istədiyim Qurbanəli” adlandırdığı Qurbanəli Şərifzadəyə 1914-cü ilin 26 yanvarında yazırdı: “Tiflisdə bir qəzet çıxardaram sadə türk dilində, çünki sən də gərək təsdiq edəsən ki, indi Qafqazda bizim qəzetimiz yoxdur, hər nə də ki var, bizim deyil”.
Heç şübhəsiz ki, Mirzə Cəlil belə bir ağrılı məsələdən milli təəssübkeşliyinə ürəkdən inandığı şəxsiyyətlə dərdləşə bilərdi. Qurbanəli Şərifzadənin isə həm “Molla Nəsrəddin”ə bağlılığı, həm də “Füyuzat”ın hər nömrəsini ilk səhifədən son sətrinə qədər oxuması onun milli bitkinliyindən və yetkinliyindən soraq verirdi. Bütün bunlar isə Əziz Şərifin gözləri qarşısında olmuşdu və təbii ki, sonralar düz 70 il sovet vulqar sosioloqlarının “Molla Nəsrəddin”lə “Füyuzat”ı düşmən cəbhələr kimi təqdim etmələrinə o, heç vaxt tərəfdar ola bilməzdi. Ona məlum idi ki, “Molla Nəsrəddin” və “Füyuzat”ı üz-üzə qoymaqla yad rejim milli düşüncəmizi parçalamaq qəsdindədir. Elə bilirik ki, Əziz Şərifin ədəbi platformasında bu cür hadisələr mühüm qaynaqlar kimi dəyərləndirilməlidir.
Əziz Şərifin xatirələrində “biz hamımız “Molla Nəsrəddin”in sadiq “müridləri” idik” yazması ədəbi taleyinin tərcümeyi-halı ilə möhkəm bağlılığının ifadəsi idi. Bəllidir ki, 1904-cü ilin dekabrında Cəlil Məmmədquluzadə azərbaycanlı balalarını gimnaziyaya hazırlaşdırmaq üçün Tiflisdə xüsusi pansion açmış, bu pansion 1905-ci ildə ermənilərin qanlı qırğınlar törətdiyi vaxta qədər fəaliyyət göstərmişdir. Mirzə Cəlilin məsləhəti ilə Qurbanəli Şərifzadə oğlu Əzizi də bu pansiona gətirmişdir.
Pansionda on-on iki uşaq yaşayırdı. Burda Mirzə Cəlil özü rus dilindən, Ömər Faiq Azərbaycan dilindən dərs deyir, bir rus qadın müəlliməsi də onlarla məşğul olurdu.
Mirzə Cəlil şəxsiyyəti Əziz Şərif üçün örnək idi, mürşid-mürid münasibətlərinin “Molla Nəsrəddin”sayaq modeli idi. Burda hadisələri də Molla Nəsrəddinçi əhval-ruhiyyə müəyyənləşdirirdi.
1905-ci ilin 22 aprelində Mirzə Cəlil Qurbanəli Şərifzadəyə yazır: “Əzizdən heç nigaran olma, Əziz burda dərs oxuyub axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyaclığı yoxdur və onun barəsində heç fikir eləmə. Bu günlərdə onun metrik şəhadətnaməsini şeyxülislam idarəsindən çıxardacağam ki, may ayında imtahana aparam”. Tədqiqatlarda da deyildiyi kimi, böyük ədib doğma övladı kimi sevdiyi “qardaşoğlu” üçün əlindən gələni etdi. Onu “Molla Nəsrəddin”in 1910-cu il 16-cı nömrəsindəki “Naxçıvan. Molla Nəsrəddin baba” başlıqlı yazı ilə mətbuat aləminə də Mirzə Cəlil gətirdi. Əziz Şərif sonralar bunu ehtiramla xatırlayacaqdı: “O, mənim cızma-qaramı nizama salıb jurnalda çap etmişdi, dürüst adımı da yazmışdı”. Ədəbiyyat aləminə Mirzə Cəlilin xeyir-duası ilə gəlməyi, heç şübhəsiz ki, Əziz Şərifin ən böyük xoşbəxtliyi idi.
Sonralar Qurbanəli Şərifzadə Əzizi yenə də Mirzə Cəlilin yanına gətirir, o, 1910-cu ilin yanvarından 1911-ci ilin iyun ayına qədər “Molla Nəsrəddin”in redaksiyasında yaşayır.
Söz deməyə utandığı, dərin hörmət bəslədiyi Mirzə Cəlil onun nəzərində çox nüfuzlu, cazibəli, fövqəladə bir şəxsiyyət idi.
Təbii ki, ustadın bu münasibətləri əsasında Əziz Şərifin ədəbi zövqü də formalaşdı, Mirzə Cəlil öz sadiq müridini, M.Cəfərin dediyi kimi, imtahana, həyata hazırladı.
Mirzə Cəlilin fikrincə, qaldırdığı hər bir məsələdən “qan qoxusu” gələn Mirzə Fətəli haqqında hər şeyi olduğu kimi yazmaq lazım idi. Əziz Şərif öz ustadından aldığı bu dərsi, yəqin ki, öz ədəbi manifesti kimi dəyərləndirə bilmişdi. Nəticədə, o, 1926-1938-ci illərdə Mirzə Fətəli ilə bağlı çoxlu tədqiqatlar aparmaqla ustadına sədaqətini sübut etdi.
Sabir yaradıcılığına ilk ən dəqiq, yüksək qiymət verən də, onun yolunda hər cür cəfalar çəkən də, “arizi-qəmlər əlindən ürəyi şişən” bu nurlu şairi Molla Nəsrəddinçilik statusuna yetirən də Mirzə Cəlil idi. Sabir şeiri hər babətdən Mirzə Cəlil ruhuna, zövqünə yaxın idi, doğma idi.
“Molla Nəsrəddin” jurnalından mənə ən parlaq və unudulmaz bir xatirə qalmışdır ki, o da 1911-ci ilin baharında böyük Sabirin Tiflisə gəlib bir müddət Cəlil Məmmədquluzadənin mənzilində olmasıdır”, – deyən Əziz Şərif sonralar Sabir yaradıcılığını tədqiq etməklə ustadı Mirzə Cəlil qarşısında sanki hesabat verdi.
“Molla Nəsrəddin” cazibəsində yaşayan Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlilin əqidə dostu idi. Əziz Şərifin Ə.Haqverdiyevin dramaturgiyasından namizədlik dissertasiyası yazması da bu yönümdən çox mənalı, əhəmiyyətli idi. Fikrimizcə, bu, birbaşa Mirzə Cəlil sevgisinə hesablanmışdı.
Əziz Şərifin uzun illər öz ustadının həyatı, yaradıcılığı ilə bağlı tədqiqatları, ədibin bəzi əsərlərini tapıb üzə çıxarması, nəhayət, doktorluq dissertasiyası onun Mirzə Cəlilə böyük məhəbbətinin, sonsuz ehtiramının ifadəsi idi. Fikrimizcə, Əziz Şərifin yaradıcılığından danışarkən bütün bunlara tərcümeyi-hal faktlarından yanaşmaq çox zəruridir.
Əziz Şərif 1912-ci ildə Mirzə Cəlilin Qurbanəli Şərifzadəyə yazdığı bu sözləri tez-tez xatırlamışdı: “Bu kitabı mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə ki, bizlər də ölüb gedəndən sonra onun oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar”.
Eləcə də 1914-cü ildə Mirzə Cəlil Qurbanəliyə məktubunda yazır ki, mən Tiflisdə olanda Əzizi çağırdım bizə və danışdıq. Mənə söz veribdir ki, gələcəkdə bizi şad eləsin. Bu vaxt Əziz Şərifin 19 yaşı vardı. Öz xatirələrində dəfələrlə bu məktubun üstünə qayıdan Əziz Şərif xatırlayır ki, Mirzə Cəlillə onun belə bir görüşü də, söhbəti də olmayıb. Ömründə dilinə yalan söz gəlməyən, öz həqiqətpərəstliyi ilə həm dostlar və həm də çoxlu düşmənlər qazanan böyük Mirzə Cəlilin Qurbanəli Şərifzadəyə nə üçün belə yazmasının səbəblərini üzə çıxarmağa çalışan Əziz Şərifin taleyində, göründüyü kimi, Mirzə Cəlilin “müqəddəs yalanı” da mühüm rol oynayır, eləcə də Qurbanəlinin nigarançılığına, narahatlığına son qoyur. Təbii ki, nəhəng və qüdrətli ustad həmişə öz müridinə nümunə göstərdi, müridin ədəbi şəxsiyyətinin formalaşması üçün çox münbit mühit yaratdı.
Rafiq BABAYEV
filologiya üzrə fəlsəfə doktoru