24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublika mətbuatının tanınmış nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Cəfər Əliyevi xatırlayanda onun gülərüz, nurani çöhrəsi, qaynar, işıqlı baxışları gözlərimiz önündə canlanır, duzlu, məzəli söhbətləri, gənc jurnalistlərə tövsiyələri yada düşür.
Yadımdadır, ilk dəfə onunla redaksiyanın dəhlizində qarşılaşanda mənə demişdi ki, qələmdən möhkəm yapış, onun qədir-qiymətini bil. Çünki əlində tutduğun qələmin həm kəskin qılıncın, həm də səni mühafizə edən qalxanın olacaq. Heç vaxt həqiqətdən uzaqlaşma, həmişə oxucularını düşün. Nə qədər ki əlindəki qələm həqiqəti yazır, onda oxucuların da olacaq, şanın-şöhrətin də. Çalış, həmişə qurucu olasan, sözü harda, necə işlətməyi bacarasan. Çünki bu dünyada sözün sirrini yaxşı bilənlər, yuxunu deyil, sözü yaxşı yerə yozanlar əbədilik qazanır.
Onun haqda keçmiş zamanda danışmaq çox çətindir. Ancaq deməliyəm ki, uşaqla uşaq, böyüklə böyük idi Cəfər müəllim. Heç kimin qəlbinə dəyməz, heç kimi incitməz, insanlara qarşı son dərəcə nəzakətli, həmkarlarına qarşı qayğıkeş, səxavətli, diqqətcil, təvazökar bir insan idi.

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” “Şərq qapısı”, “Şərurun səsi” və digər qəzetlərdə işıq üzü görən məzmunlu yazılarının elə ilk sətirlərini oxuyanda imzaya baxmadan redaksiyada hər kəs bu yazının Cəfər müəl­limin qələminin məhsulu olduğunu bilirdi. Onun öz dəst-xətti, öz üslubu vardı. Yazılarının dili çox yumşaq, qəlb­oxşayan idi, elə sadə, elə başa düşülən tərzdə yazırdı ki, oxucuda onun səmimiyyətinə şübhə yeri qalmırdı. O həm də dövlətə, dövlətçiliyə sadiq, zəhmətsevər, gecə-gündüzünü çalışdığı “Şərurun səsi”, “Şərq qapısı” qəzetlərinə həsr edən insan idi. Səmimi və nəzakətli bir insan olduğunu ona deyəndə tərifdən xoşlanmadığını bildirir, tapşırılan işi məsuliyyətlə və tez bir zamanda yerinə yetirməsinin, məhsuldarlığının səbəbini soruşanda isə deyirdi ki, səmimiyyət və nəzakət hər bir insanın bəzəyidir, verilən tapşırığı tez və keyfiyyətlə yerinə yetirməkdən daha vacib bir şey ola bilməz.
Əməkdaşlarımız “Şərq qapısı” qəzeti redaksiyasından Şərur rayonuna ezam olunanda bilirdilər ki, onları Cəfər müəllim qarşılayacaq və lazım olan köməyini əsirgəməyəcək. Özü ezam olunanlarla birlikdə yazı hazırlanacaq sahəyə yollanacaq, oradakı adamlarla söhbətləşəcək, lazımi köməklik göstərilməsini xahiş edəcək. Dünyada, eləcə də ölkəmizdə gedən proseslərdən düzgün və faydalı nəticə çıxarmağımıza hər zaman kömək edən, Naxçıvanı çox sevən, ona ürəkdən bağlı olan bir insan idi. Yaradıcılığı, bütövlükdə, ömür yolu barədə geniş söhbət açılmalı və öyrənilməli bir ziyalı, qələminə, jurnalistikaya, qəzet işinə bütün varlığı ilə bağlanan bir Vətən övladıydı. Şüarı ata-anaya ehtiram, övladlara məhəbbət və şəfqət, elə-obaya bağlılıq, Vətənə, dövlətə sədaqət, qələmə hörmət idi.
… Bəzən insanları xarici görünüşünə görə çinara bənzədirlər. Mən və digər həmkarlarım da onun haqda söhbət açılanda hər zaman “Çinar kimi adamdır” demişik. Ancaq bu ifadəni onun görünüşünə deyil, xarakterinə, təbiətinə aid etmişik. Çünki Cəfər müəllim insanlardan heç bir zaman kölgəsini əsirgəməyib, əksinə, dara düşənlərin hər zaman harayına yetib, onlara qol-budaq açıb, həlim xasiyyəti, əzəmətli duruşu ilə hər kəsə nümunə olub.
Aprelin 28-də – ömrünün 67-ci baharında dünyasını dəyişən Cəfər Əliyevin unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, onun çinar ömürlü yazıları biz jurnalistlər üçün hər zaman örnək olacaqdır.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR