Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, görkəmli sərkərdənin yubileyi geniş qeyd olunur. “Naxçıvan” Universitetinin tələbələri Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar. Muzeyin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova tələbələrə muzey haqqında ətraflı məlumat verərək bildirib ki, ev-muzeyi Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət 6 minə yaxın eksponat qorunub saxlanılır ki, onlardan 1000-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Bunlar içərisində C.Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə aid sənədlər, 1918-20-ci illərdə milli orduda hərbi xidmətləri, 1921-31-ci illərdə Azərbaycan ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotoşəkillər, eləcə də 1931-33-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.
Muzeyin ekspozisiya zalında XVIII -XIX əsrlərə aid Naxçıvan xanlarının şəcərə cədvəli də maraq doğurur. Muzeyin digər zalları isə memorial otaqlar kimi nümayiş etdirilir. Bu otaqlarda Kəngərlilər nəslinə aid ev və məişət əşyaları qorunub saxlanılır.
Tələbələrin diqqətinə çatdırılıb ki, son illərdə əldə edilən eksponatlar əsasında C.Naxçıvanskinin ömrünün son günlərini əks etdirən guşə də yaradılıb. Həmin guşədə 1930-cu illər repressiya qurbanlarının C.Naxçıvanskinin timsalında hansı təqiblərə məruz qaldığı öz əksini tapıb.
Tələbələr muzeydəki eksponatlarla tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi