Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Teatr real həyat hadisələrini obrazların dili ilə tamaşaçıya çatdırmaqla həyatda və cəmiyyətdə baş verən hadisələri görmək, duymaq və onları dərk etmək üçün qarşılıqlı münasibətlərin inikasını yaradır. Söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranan teatr tamaşası dramaturqun, rejissorun, rəssamın, bəstəkarın, aktyorun və digər sənət adamlarının birgə əməyinin bəhrəsidir.
Tarixi çox qədimlərdən başlayan Azərbaycanda teatr sənətinin kökləri xalqımızın həyat tərzi, məişəti, bayram, şənlik və toy ənənələri, dünyagörüşü ilə bağlıdır. Qobustan, Gəmiqaya rəsmləri bunu bir daha təsdiq edir. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri folklorumuzun bir parçası olmaqla yanaşı, həm də teatr sənətimizin ilk nümunələridir. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Kosa-kosa”, “Kosa oyunu”, “Maral oyunu”, “Zopu-zopu”, “Kilimarası”, “Gəvsəç” kimi nümunələrdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bədii surətə və personaja da rast gəlinir. Min illər boyu xalqımız bu mərasimləri, el-oba oyunlarını açıq havada, şəhər meydanında, kənd içində, bazarda və başqa yerlərdə keçirmişdir. Səhnəçə, hovuzüstü, həngə, nəzərgah, nümayişgah və başqa deyimlərlə adlandırılan bu yerlərdə xalqımız öz səhnə bacarıqlarını nümayiş etdirmişdir. Xalqın yaradıcılıq təfəkkürünün imkanlarını göstərən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar teatrın yaranmasına qədər böyük bir inkişaf yolu keçmişdir.
Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq səhifəsidir. Əsası 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuş Azərbaycan teatrının keşməkeşli tarixi vardır. Milli teatrın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi xidmətləri olmuşdur. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən ədəbiyyat və incəsənət xadimləri, aktyor və rejissorlar öz yaradıcılıqları ilə milli teatrın inkişafında, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində əvəzsiz xidmətlər göstərmişlər.
Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuşdur. Ümummilli liderimiz xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verərək demişdir: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri vardır. Ancaq bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda rolu böyükdür. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar”.
Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatrımız ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışından sonra öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, teatr kollektivlərinin əməkhaqları dəfələrlə artırılmış, aktyorların, dramaturqların, rejissorların yubileyləri qeyd olunmuş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycanda teatrların diqqət və qayğı ilə əhatə olunması siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Bu gün teatr binaları yenidən qurulur, təmir edilir, bu sahədə ardıcıl islahatlar həyata keçirilir. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, həmçinin təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, rejissor və aktyorların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən mədənyyət ocaqlarının timsalında da aydın görmək mümkündür. Son 20 ildə muxtar respublikada teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün muxtar respublikada Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə yanaşı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası uğurla fəaliyyət göstərir.
2012-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də bu sənətə diqqət və qayğının real ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov teatr binasının istifadəyə verilməsi mərasimində kollektivin qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, teatr tamaşaçı hörməti qazanmalıdır”.
Müstəqillik illərində Naxçıvan teatrının fəaliyyəti yeni yaradıcılıq axtarışları və qastrol səfərləri ilə zəngin olmuşdur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu illərdə Türkiyənin Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərinə səfərlər etmiş, göstərdiyi tamaşalarla qonşu və dost ölkələrin sənətsevərlərinin rəğbətini qazanmışdır. Müxtəlif vaxtlarda səhnəyə qoyulan “Topal Teymur”, “İblis”, “Səyavuş”, “Şeyx Sənan”, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”, “Atillanın atlıları”, “Nadir şah”, “Dirilən adam”, “Fərhad və Şirin”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qönçəbəyim nəğməsi”, “Mirzə Fətəli”, “Manqurt”, “Ağa Məhəmməd şah Qacar”, “Araz sahilində doğan Günəş”, “Yəhya bəy Dilqəm” kimi uğurlu tamaşalar onu göstərir ki, Naxçıvan teatrı müasir dövrümüzdən bəhs edən tamaşalarla bərabər, tarixi mövzuda olan tamaşalara da xüsusi önəm verir.
Bu il də Naxçıvan teatrının kollektivi yeni tamaşalar üzərində işləyir. Hazırda teatrda görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun “Nadanlıq” pyesinin məşqləri gedir. Bu tamaşadan sonra teatrın kollektivi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi ikihissəli tarixi dram olan “Qurtuluş dastanı” əsərini səhnələşdirməyi planlaşdırır. Tamaşada ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı gərgin mübarizə və ölkəmizi ağır vəziyyətdən xilas etməsindən bəhs olunur. İlin sonunda isə teatr yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasını tamaşaçılara təqdim edəcəkdir.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunmuş, 2004-cü ildə yeni bina ilə təmin edilmişdir. Teatrın qonşu Türkiyəyə və İran İslam Respublikasına səfərləri ənənəyə çevrilməklə bu sahədə beynəlxalq əlaqələrin inkişafına təkan vermişdir. Kukla teatrı 2009-cu ildə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 13-cü Uluslararası Qaragöz Kölgə və Kukla Oyunları Festivalında, 2014-cü ildə isə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” IV Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmiş və diplomlara layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı Azərbaycanda fəaliyyət göstərən iki uşaq teatrından biridir. Teatr müxtəlif illərdə hazırladığı “Cəsur dovşan”, “Yaxşılıq itmir”, “Meşə əhvalatı”, “Fəridin yuxusu”, “İgidlik imtahanı”, “Bu dünya bir nağıldır”, “Ata məhəbbəti”, “İki qardaş”, “Daşdəmirin nağılı” və başqa tamaşalarla balaca tamaşaçıların qəlbinə yol tapmağı bacarmışdır. Həmçinin muxtar respublikanın xalq teatrları tərəfindən hazırlanmış “Solğun çiçəklər”, “Ezop”, “Ana”, “Şeyx Rəhmətullah”, “Beş manatlıq gəlin”, “Rəhmə gəl, mələyim”, “Məhəbbət nişanəsi”, “Evlikən subay”, “Qısqanc ər”, “Durna”, “İkinci səs” və başqa tamaşalar da ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı da mühüm işlər görülmüş, bir sıra monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapmışdır.
Muxtar respublikanın teatr kollektivlərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə yaradıcı heyət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.
Xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrlarımızın bu gün qarşısında duran əsas vəzifələrdir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnələşdirəcək, milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də tariximizin yaşadılması sahəsində şərəfli vəzifəni layiqincə yerinə yetirəcəklər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti