YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.
Azərbaycan tarixi abidələrlə zəngin bir ölkədir. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir, məxsus olduğu dövrün mədəni mühitini, xalqımızın sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Bu baxımdan tarixi abidələrin mühafizəsi və tədqiqi maddi-mənəvi irsimizin qorunub gələcək nəsillərə çatdırılımasına xidmət edir.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”, – deyən ulu öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da tarixi abidələrin qorunmasının dövlət təminatı, tədqiqi, mühafizəsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır. Ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1997-ci ildə Azərbaycan Avropa Mədəniyyət Konvensiyası və Tədqiqi Mərkəzinin üzvü seçilmiş, 1999-cu ildə isə “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası və qorunması sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, onların bir çoxu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi əsaslarla təsdiq etməklə yanaşı, həm də Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyətinin ensiklopediyası kimi öz əhəmiyyətini qoruyub saxlayır. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar insan təfəkkürünün, dünyagörüşünün və təsəvvürlərinin tariximizin minilliklərindən bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir. Həmçinin Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, Əshabi-Kəhf, Kilit mağarası, I və II Kültəpə, Xaraba Gilan, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa tarix və mədəniyyət abidələri keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və tədqiqi istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2014-cü illərdə muxtar respublikada 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, İmamzadə, muxtar respublika ərazisindəki Buzxana abidələri, “Came” məscidi, Zaviyyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan sənədlərdir. Ümumiyyətlə, son 20 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. Hazırda Əlincə qalasında və Gülüstan türbəsində bərpa işləri aparılır.
Bir məsələni də qeyd edək ki, Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana səfər edən hər bir qonaq buradan xoş təəssüratlarla ayrılır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən də rəğbətlə qarşılanır.
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verir, Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında beynəlxalq simpoziumların keçirilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Bu günədək aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr olunması yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Son illər çap olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi və digər kitablar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbələrdir.
Hər bir xalqın tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyır. Buna görə də tarixi və mədəni irsi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu mənada babalarımızın əziz yadigarlarını bərpa etmək keçmişi qorumaq, dünənin ən yaxşı ənənələrini sabaha aparmaq deməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti